Xərçəngin müalicəyə qarşı müqavimət mexanizmini “söndürmək” üsulu tapılıb

Bu gün, 15:08           
Xərçəngin müalicəyə qarşı müqavimət mexanizmini “söndürmək” üsulu tapılıb
London Kral Kollecinin alimləri şişlərin kimyaterapiyaya qarşı davamlılıq mexanizmlərini məhv edə bilən KCL-HO-1i adlı preparat hazırlayıblar.

32gun.az xəbər verir ki, Araşdırmanın nəticələri Science Translational Medicine jurnalında dərc olunub.

Kimyaterapiya xərçəngin əsas müalicə üsullarından biri olsa da, bir çox hallarda onun təsiri azalır. Səbəblərdən biri orqanizmin qoruyucu reaksiyasıdır. Xüsusi ağ qan hüceyrələri – makrofaqlar şişin içindəki qan damarlarının ətrafında baryer yaradaraq müalicəyə dəstək olan immun hüceyrələrinin ora daxil olmasına mane olur.

Tədqiqatçılar müəyyən ediblər ki, makrofaqlar hemo-oksigenaza-1 (HO-1) adlı zülal istehsal edir. Bu zülal şişi immun sisteminin təsirindən qoruyur və kimyaterapiyanın işini bloklayır. Yeni KCL-HO-1i preparatı məhz HO-1-i hədəfə alır.

“Biz KCL-HO-1i vasitəsilə xərçəngə təsir edərək faydalı immun hüceyrələrinin və kimyaterapiya preparatlarının təsirini gücləndirə bildik. Hətta kimyaterapiyaya davamlı şişlər laboratoriya modellərində müalicəyə cavab verməyə başladı”, – deyə London Kral Kollecinin şiş immunologiyası qrupunun rəhbəri professor Ceyms Arnold bildirib.

Mütəxəssislərin sözlərinə görə, bir çox müalicə üsullarından fərqli olaraq, KCL-HO-1i xəstəxanada qalmağı tələb etmir, kimyaterapiya seansları arasında evdə tablet formasında qəbul edilə bilər. Bu isə preparatın müalicə planına əlavə yük yaratmadan daxil edilməsinə imkan verir.

Erkən preklinik sınaqlar zamanı süd vəzi xərçəngi modeli üzərində aparılan təcrübələr göstərib ki, KCL-HO-1i bir neçə geniş istifadə olunan kimyaterapiya növünə şişlərin həssaslığını artırıb. Alimlərin fikrincə, bu yanaşma müxtəlif xərçəng növlərinin müalicəsində və fərqli terapevtik sxemlərlə birlikdə tətbiq oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru