Əbülfəs Qarayev bunlardan xəbərdardırmı? - İTTİHAM VAR

8-07-2016, 11:18           
Əbülfəs Qarayev bunlardan xəbərdardırmı? - İTTİHAM VAR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbəri olduğu qurumun yerli şöbələrində korrupsiya hallarının olmasını bir neçə dəfə etiraf edib. Məsələn, nazir bir müddət əvvəl bildirib ki, Maliyyə Nazirliyi tərəfindən yerlərdə aparılan yoxlamalar onu göstərir ki, yerlərdəki müəssisələrdə, idarələrdə korrupsiya problemi tam həll olunmayıb: «Hər bir korrupsiya faktına çox ciddi reaksiya verməlidirlər. 2-3 nəfər şöbə müdirini işdən çıxarmışıq. Bir necə musiqi məktəbinin direktorunun, kitabxana rəhbərinin işdən azad olunmasına qərar vermişik. Heç bir müəssisə rəhbərliyi, şöbə müdiri, hər hansı bir işçi düşünməsin ki, onun nailiyyətləri olub, gözəl təcrübə toplayıb və bu, ona bəraət qazandırır». Xatırladaq ki, nazir ötən il bir neçə rayon şöbələrinin müdirlərini vəzifədən kənarlaşdırıb, bəzilərinə isə töhmət verib. Nazirliyin şöbə müdirlərinin vəzifədən uzaqlaşdırılması işdə ciddi nöqsanlara yol vermələri, kadrların yerləşdirilməsində qanunsuzluq törətmələri ilə izah olunur. Bu sahədə aparılan anti-korrupsiya tədbirlərinə baxmayaraq, hələ də bəzi yerli şöbələrdə problemlər qalmaqdadır. Gundelik-baku.com-a Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsində cərəyan edən qanun pozuntuları ilə bağlı ilginc məlumatlar daxil olub. Bu barədə az sonra məlumat verəcəyik. Qısaca vurğulamaq istəyirik ki, rayon mədəniyyət şöbəsi 1990-cı ildən fəaliyyətə başlayıb, 2006-cı ildən rayon Mədəniyyət və Turizm Şöbəsi kimi fəaliyyət göstərir. Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeçiliyində 20 klub müəssisəsi o cümlədən, 1 rayon, 7 kənd mədəniyyət evi, 2 şəhər, 10 kənd klubu, MKS-i üzrə 27 müstəqil dövlət kitabxanası, 1 rayon Kitabxanası, 6 şəhər və 20 kənd kitabxana filialı, bir 7 illik şəhər Uşaq Musiqi məktəbi, bir “Pir Hüseyn” Xanəgahı Tarix-Memarlıq Qoruğu, bir Tarix-Diyarşünaslıq Muzeyi, bir Heydər Əliyev Mərkəzi, 14 Arxeoloji Tarixi abidələr fəaliyyət göstərir. Müəssisələrdə 180 nəfər mədəniyyət işçisi çalışır ki, onlardan 25 nəfəri ali, 57 nəfəri orta ixtisas, 98 nəfəri isə ümumi orta təhsillidir. Şöbənin müdiri isə Elnur Əmiraslanovdur. Araşdırmalar göstərir ki, adıçəkilən şöbə müdiri Hacıqabulun mədəniyyət və turizm sektorunu bərbad vəziyyətə salıb. Əldə etdiyimiz məlumatlara əsasən, şöbə tərəfindən büdcə illərində xərc maddələri üzrə proqnoz layihələri tərtib olunarkən büdcə qanunvericiliyinin tələbləri gözlənilmir, eyni zamanda şöbənin maliyyə təsərrüfat fəaliyyətinin nəticəsi düzgün qiymətləndirilmir: «Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsində dövlətdən ayrılan vəsaitlər müxtəlif istiqamətlər üzrə büdcədən silinir. Belə ki, işçilərin ezamiyyə günlərinin sayı düzgün hesablanmır və nəticədə büdcədən külli miqdarda vəsait mənimsənilib. Müdirə yaxın olan bəzi işçilərin adına kirayə haqqı olaraq hər ay pul ayrılır, bəzi işçilərin əmək haqlarından onların razılığı olmadan müxtəlif fondlara tutulmalar aparılır. Rayon ərazisində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələri hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə “şirinlik” verməlidir. Hazırda Hacıqabulda fəaliyyət göstərən əksər müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur». Məlumatda həmçinin qeyd olunur ki, Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsində maliyyə pozuntuları əsasən inventarların alınması prosesində baş verir. Belə ki, şöbə müdirinin mal və avadanlıqların alınması məqsədilə ayrılan 80 min manatı havaya sovurduğu iddia edilir: «Həmin mal və avadanlıqların dəyəri bazar qiymətindən xeyli yüksək məbləğdə rəsmiləşdirilib. İnventarların alınması prosesində tender elanı, katirovka sorğuları verilmir. Mədəniyyət və Turizm Şöbəsi 5 ədəd kondisionerin hər birini 2500-3000 manata satın alıb. Bu əməliyyatda təkcə şişirdilən satınalma qiymətləri deyil, həm də məişət avadanlıqlarının texniki göstəriciləridir. Lap dəqiqi, alınan kondisionerlər 60 kv metrlik olsa da, sənədləşmə işlərində bu rəqəm 100-ə qədər artırılıb. Hacıqabul rayon Mədəniyyət və Turizm Şöbəsinin qiymətlərini "kəllə-çarxa" çıxardığı məhsullardan biri də tabe təşkilatlar üçün alınan pərdələrdir. Şöbə 1 pərdəyə 600 manat pul xərcləyib, hansı ki, həmin pərdələrin bazar qiyməti 20 manatdır». Bu arada, onu da bildirmək istəyirik ki, iqtidarın çörəyini yeyən Elnur Əmiraslanov bəzi müxalifət saytlarını maliyyələşdirməkdə ittiham olunur. Bu məsələ ilə bağlı tezliklə şok faktları açıqlayacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.