MASALLI SAKİNLƏRİ RAYON RƏHBƏRLİYİNDƏN ŞİKAYƏTÇİDİR - "Bizim kənd, deyəsən, məmurların yadından çıxıb..." / Video, Foto
7-04-2024, 09:35
Masallı rayonu, Təklə kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə müvafiq qurumlara müraciət edən şikayətçilər yazırlar:
“Biz, sakinlər, yazaraq sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.
Artıq neçə illərdir ki, şikayətimizə baxılmır, canımız boğazımıza yığılıb. Yağış, qar yağan kimi kəndə girmək, həyətə çıxmaq qeyri-mümkün olur.
Bizim kənd, deyəsən, məmurların yadından çıxıb?!
Dəfələrlə müraciət etməyimizə baxmayaraq, problemlərimiz həll olunmur. Kəndə giriş üçün əsas yol Viləş çayından gələn qolun üzərindən keçir. Uzun illərdir kənd camaatı bu yoldan ancaq piyada keçidi üçün istifadə edir, çünki avtomobillərin keçidi mümkünsüzdür. Çayın üzərindən keçən körpü kənd sakinlərinin köməyi ilə salınıb və taxta parçalarından ibarətdir. Yol olmadığı üçün təcili yardım, yanğın söndürənlər kəndə daxil ola bilmir. Kənddaxili yollar da bərbad vəziyyətdədir".
Sakinlər onu da deyirlər ki, kənddə elektrik enerjisi ilə bağlı da ciddi problemlər var: "2016-cı ildə kabelləşmə işləri aparılıb. Kəndin cənub hissəsində yerin müəyyən olunmasına baxmayaraq, transformator quraşdırılmayıb. Buna görə də, tez-tez qısaqapanmalar olur, günlərlə işıq verilmir.
Mavi yanacaqla bağlı da problemlə üzləşirik. Kəndin müəyyən hissəsinə qaz çəkilsə də, bir çoxumuzun evinə qaz sayğacı quraşdırılmayıb. Qışda istiliklə bağlı problemlər olur. Ağac kəsilməsinə icazə verilmədiyindən, daha da çıxılmaz vəziyyətlə üzləşirik".
Masallı Rayon İcra Hakimiyyətindən şikayətçilərə bildiriblər ki, bu il 2 kilometr yola asfalt döşənib. Sakinlərin işıq və qazla əlaqədar şikayətlərinə gəldikdə, İcra Hakimiyyətinin xanım əməkdaşı bununla bağlı ətraflı öyrənəndən sonra onlara cavab verəcəyini bildirib. Lakin daha sonra telefonlara cavab verməyib.
Qeyd edək ki, hazırda Təklə kəndinin sakinləri əlacsız və çarəsiz vəziyyətdə kimə hara müraciət edəcəklərini bilmirlər?
Məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.