“Əkən” jurnalistlər, “biçən” oxucular, “yeyən” məmurlar Azərbaycan mətbuatı 149 yaşında 3-cü “Jurnalistlər evi”ni ƏƏSMN kimə satıb ?

23-07-2024, 00:03           
“Əkən” jurnalistlər, “biçən” oxucular, “yeyən” məmurlar Azərbaycan mətbuatı 149 yaşında 3-cü “Jurnalistlər evi”ni ƏƏSMN kimə satıb ?
22 iyul Azərbaycanda milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. 149 il qabaq 1875-ci ilin bu günündə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ana dilində nəşr olunması mətbuatımızın milliliyinin əsasını qoyub. Toplam 56 sayı işıq üzü görən “Əkinçi”nin “əkdiyini” millətimiz cəmi iki il “biçmişdi”. İndi milli mətbuatımız nə “əkir”, onun “əkdiyini” kim necə biçir? Nə yazıq, bu gün peşəkar “əkinci”lərin qələmləri qandallanıb, səsləri qazamatdan da eşidilmir. İndiyədək Azərbaycanın həbsxana divarları bu qədər jurnalistə hasar olmamışdı.
Bizdə jurnalistlər günü son on ildə dövlət hesabına mənzil təminatı ilə yadda qalıb. Di gəl... Azərbaycan Respublikasının Prezidentinin jurnalistlər üçün nəzərdə tutduğu 3-cü binanın təməlini qoymasından 7 il keçir. Bina 2020-ci ildən jurnalistlərin istifadəsinə hazır olsa da, 2023-cü ilin sonlarında təyinatının dəyişdirildiyi , şəhid ailələri və qazilərə veriləcəyi bildirildi. Dəyişikliyin səbəbi kimi mənzilə ehtiyacı olmayan, əvvəlki iki binadan bütün qohum-əqrabalarını, sürücülərini, katibə-məşuqələrini mənzillərlə təmin edən “görkəmli” mediator”ların rəhbərliyə müraciəti göstərilir. Gerçəkdə isə bu səbəbin bəhanə olduğu, “hamam suyu ilə dost tutmaq” yetkisi bağışladığı gizlin deyil. Özgə əmlakı ilə, başqasının hesabına şəhid-qazi ailələrinə “diqqət və qayğı” sərgiləməyə nə var ki?! Özü də “yetim-yesir” jurnalistlərin hesabına! Belə “diqqət və qayğıkeşlik” prokurorlar üçün ( 2021-ci ildə Xətai rayonunda 160 mənzilli bina istifadəyə verilib), PA işçiləri üçün ( həmin ünvanda 6 girişli 20 qatlı bina) ... tikilən evlərə niyə göstərilmir? Ah, yazıq evsiz-eşiksiz jurnalistlər, peşə bayramınız mübarək, nə yaxşı varsınız! Yoxsa, sizin adınıza tikilən evlərdən məmurlar necə rüşvət qazanardı?
Nə isə, girişdən keçək binanın özünə. Əlbəttə, keçə bilsək. Deyilənə görə, bina ƏƏSMN-in sərəncamına verilib. Di gəl, necə bölünüb, kimlərə verilib, hələ də gizlin saxlanılır. Bu gizlinliksə binanın növbəti yol gizlincə satıldığını ortaya qoyur. Şəffaflıq olmayan yerdə isə korrupsiyanın olması sübuta ehtiyacı olmayan aksiomdur. 5 il qabaq Nizami rayonu, Çobanzadə küçəsində əlil və şəhid ailələrinə tikilən evin gizlin bölgüsündə olduğu kimi. Hələ də bu evin kimə bölündüyü, necə və neçəyə verildiyi bildirilmir. Niyə bildirilsin ki, deməzlər “Qaçqınkom”un mənzillə təmin etdiyi məcburi köçkün əlillərə , Bakının ortasında neçəyə mənzil satmısan?
ƏƏSMN-in jurnalistlərə diqqət və qayğısını danmaq olmaz. Təkcə onu vurğulamaq yetər ki, əvvəllər təkcə nazirliyin özündə bircə mətbuat xidməti vardısa, indi ƏƏSMN tabeliyində yaradılan hər agentliyin, hər filialın özünün ayrıca ən azı üç nəfərlik mətbuat komandası media orqanlarının xidmətindədir. Bircə jurnalist əlil və şəhid ailələrinə nazirliyin mətbuat xidmətində yer yoxdur. Elə jurnalistlərin adına tikilən binada da. Nə qədər Qarabağ qazisi jurnalistlər var, niyə 3-cü “Jurnalistlər evi”ndən mənzillə təmin olunmadılar? Amma nə bilək, bəlkə alıblar, xəbərimiz yoxdur?! Axı bölgü, daha düzü, satış gizlin keçirilib!
149 il qabaq ilk toxumu Həsən bəy “ƏKİB”, millətimiz hələ də “BİÇİR”, məmurlar “YEYİR”...”Əkinçi”lər qazamatla ödüllənir...
Məğrur Bədəlsoy,
Soçi, 22.07. 2024












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.