Kəmaləddin Heydərovun tenderləri araşdırılarsa... - İLGİNC FAKT

8-10-2024, 09:44           
Kəmaləddin Heydərovun tenderləri araşdırılarsa... - İLGİNC FAKT
Bir neçə gün əvvəl yerli KİV-də olduqca ciddi faktların yer aldığı material dərc olundu.

Dia-az.Media xəbər verir ki, əslində açıqlanan faktlar rəsmi qaynaqlara istinadən ictimailəşdiyindən bu barədə hansısa hüquqi tədbirin görüləcəyi istisnadır. Bunu bəri başdan söyləyək. Amma... bu barədə bir qədər sonra...

Beləliklə... Xəbərdə deyilirdi ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi “Qafqaznet” MMC-dən 311 179,66 manatlıq katric alacaq. Xəbərə görə, şirkət idarənin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
Ümumiyyətlə, “Qafqaznet” şirkəti bir qayda olaraq FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Dövlət satınalmalarınin vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, “Qafqaznet” şirkəti 2023-2024-cü illərdə FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi haqqında bəhs etdiyimiz tender də daxil olmaqla 14 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 801 490,98 manatdır.
“Qafqaznet” MMC-nin FHN-nə tabeli qurumun keçirdiyi tenderlərin qalibi seçilməsinin sirri şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olmasındadır.
“Qafqaznet” MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park Biznes Mərkəzi”ndə yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur.
Şirkətin hüquqi ünvanı iki dəfə dəyişib. Bundan əvvəl “Qafqaznet” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşib. Şirkət təsis ediləndə isə Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da qeydiyyatda olub. Bu ünvanda Kəmaləddin Heydərova məxsus olduğu bildirilən bir neçə şirkətin, o cümlədən “Gilan Holdinq”ə daxil olan şirkətlər qeydiyyatdadır.
“Qafqaznet”in qanuni təmsilçisi də cari ildə dəyişib. Xəyal Əhmədov Cəfərov Adil Ələddin oğlunu əvəzləyib. Adil Cəfərov həm də “Qtech” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da, yəni, “Qafqaznet”in bundan əvvəlki hüquqi ünvanında qeydiyyatdadır.
Beləliklə, aydın olur ki, 1 il ərzində FHN-nin Maddi Texniki-Təchizat İdarəsindən “Qafqaznet” şirkətinə 10 milyon manata yaxın pul axıb.
Dia-az.Media bildirir ki, hər halda ictimailəşən rəqəmlər (yəqin ki, reallıq daha "faciəvidir" -dia-az.media) əsas verir ki, gərəkən qurumlar məsələni hüquqi araşdırmaya cəlb etsinlər.

Bununla bağlı Dia-az.Media-ya danışan məlumatlı mənə qeyd edir ki, artıq FHN şefi bu barədə ilk siqnalını alıb. Yəni ağını çıxartma... Bundan sonra nələr baş verəcək, izləyəcəyik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.