Doktor İkram Rüstəmov hippokrat andını unudub
30-09-2016, 00:08
Azərbaycan Tibb Universitetinin müəllimi rektor Gəray Gəraybəyliyə qarşı kampaniyaya başlayıb Heç kimə sirr deyil ki, bu gün Azərbaycan Tibb Universitetində çalışanların böyük əksəriyyəti eyni vaxtda ya dövlət, ya da özəl tibb müəssisəsində fəaliyyətlərini davam etdirirlər. Onlara misal olaraq Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında dərs deyən doktor İkram Rüstəmovun adını qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada bildirilir ki, son zamanlar o, adıçəkilən təhsil müəssisəsinin rəhbərliyinin əleyhinə kampaniya aparır. Belə ki, İkram Rüstəmovun uşaq psixiatriyası ixtisası üzrə İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində oxuduğunu, daha sonra psixiatriya və uşaq nevrologiyası üzrə rezidentura təhsili aldığını, 2004-cü ildə Cərrahpaşa Tibb Fakültəsində həkim-psixiatr kimi çalışdığını, bir qədər sonra isə İstanbulda özəl həkimlik fəaliyyəti ilə məşğul olduğunu deyən mənbənin sözlərinə görə, Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müəllimi 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanada çalışıb: «İkram Rüstəmov 2012-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında çalışır. Bununla yanaşı, o, həmçinin paytaxtda yerləşən özəl tibb müəssisələrindən olan «MediStyle» klinikasının psixonevroloji sağlamlıq mərkəzində də fəaliyyətini davam etdirir. Deyilənlərə görə, Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin olunduqdan sonra İkram Rüstəmova xüsusi diqqət və qayğı ilə yanaşsa da, qarşı tərəf bunun əksinə olaraq son zamanlar rektora qarşı kampaniya aparmağa başlayıb». Gəray Gəraybəylinin 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdiyini, 1992-ci ildən 1993-cü ilədək həmin ali təhsil müəssisəsinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent, 2007-ci ilin dekabr ayından isə kafedranın müdiri vəzifəsində işlədiyini qeyd edən məlumatlı şəxs bildirir ki, doktor İkram Rüstəmov rektora faktiki rəqib gözü ilə baxır: «Deyilənlərə görə, Gəray Gəraybəylinin Azərbaycan Dövlət Tibb Universitetinin rektoru vəzifəsinə təyinatı İkram Rüstəmovun narazılığına səbəb olub. Çünki o, daim Gəray Gəraybəyliyə rəqib gözü ilə baxıb və indi də ənənəvi ampluasındadır. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, İkram Rüstəmov vergidən yayınmaq məqsədilə az qala hər 2 aydan bir yerini dəyişir və elə bu səbəbdən də pasiyentləri onu tapmaqda çətinlik çəkirlər. Belə olan halda isə xəstələr və onların yaxınları digər tibb müəssisələrinə, o cümlədən başqa həkimlərə üz tutmalı olurlar. Bu isə gündə 7-8 min qazanan İkram Rüstəmovun pasiyentlərinə hiddətlənməsinə səbəb olur. Məsələn, bu yaxınlarda İkram Rüstəmovun qəbulunda olan müalicə üçün ona 2-3 min manatdan artıq ödəniş edən pasiyentlərdən biri adıçəkilən həkimin kobud rəftarı ilə üzləşib. Belə ki, növbəti müayinə zamanı İkram Rüstəmovu həmişəki iş yerində tapa bilməyən pasiyent ölkənin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin qəbuluna düşüb. Məhz bu, İkram Rüstəmovu özündən çıxarıb. Bu səbəbdən də İkram Rüstəmov növbəti dəfə ona müraciət edən xəstə ilə sanki Akif Çovdarov kimi danışaraq «Səndən məndən sonra Gəray Gəraybəylinin yanına gedibsən. İndi də get onun yanına. Qoy o, səni müalicə etsin» deyib. Bu isə onu deməyə əsas verir ki, İkram Rüstəmov hippokrat andını unudub, ona yalandan and içib».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.