«Xaliq Faiqoğlu» MMC-nin sahibi şəhid ailələrinin adına olan marşrut xəttini necə özününküləşdirib? - İTTİHAM VAR
30-09-2016, 18:43
2004-cü ildən «Xaliq Faiqoğlu» MMC adı ilə şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyətə başlayan, 2013-cü ildən fəaliyyət sahələrini genişləndirərək «SAFA» Holdinq brendi altında yeni sahələrini özündə birləşdirən şirkətlə bağlı son zamanlar bir sıra xoşagəlməz informasiyalar dolaşmaqdadır. Belə ki, iş adamı Faiq Seyidova məxsus olan «Xaliq Faiqoğlu» MMC-nin, o cümlədən «SAFA» Holdinqin hazırda sərnişindaşıma, nəqliyyat, inşaat, neft məhsullarının satışı, biznes mərkəzi, sağlamlıq, istirahət mərkəzi, qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı sahəsində fəaliyyət göstərdiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü bilgilərdə deyilir ki, adıçəkilən şirkətlərdə müxtəlif qanun pozuntuları mövcuddur. Beləliklə, «Xaliq Faiqoğlu» MMC şirkətinin adının tez-tez xoşagəlməz hadisələrdə çəkildiyinin iddia edən mənbənin sözlərinə görə, bir müddət əvvəl MMC məhkəməyə verilib: «Buna səbəb MMC-yə məxsus 49 saylı marşrutun “Mercedes” markalı avtomobillə toqquşması və nəticədə bir ailənin 2 üzvünün ağır dərəcəli xəsarətlər alması olub. Hadisə «Komsomol» dairəsində baş verib. Belə ki, üzü şəhər istiqamətində hərəkət edən 02 DX 818 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil marşrut tərəfindən vurulub. Qəzada avtomobilin sürücüsü Elşən Hüseynov kəllə beyin travması alıb. Bundan əlavə üst dodağı deşilib, sol göz almacığı və burnu qırılıb. Həyat yoldaşı isə onurğa sütunun zədələnməsi ilə müşayiət olunan bədən xəsarətləri alıb. Qeyd edək ki, o zaman baş vermiş faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb və Elşən Hüseynov zərərçəkən şəxs kimi tanınıb. Lakin ailəyə dəyən ziyan ödənilmir. Nəzərinizə çatdırım ki, 18, 22, 27, 37, 49, 52, 53, 54, 57, 61, 65, 76, 79, 85, 119, 188, 199 saylı xətt üzrə hərəkət edən avtobuslar MMC-nin rəhbəri Faiq Seyidovun rəhbərliyi altında fəaliyyət göstərən şirkətə məxsusdur. Onu da bildirim ki, deyilənlərə görə, həmin marşrutların bir çoxunun fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib. Məsələn, «Xaliq Faiqoğlu» MMC-yə məxsus olan marşrutlar fəaliyyəti zamanı qanunla müəyyən edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” Qaydaları haqqında Nazirlər Kabinetinin qərarına əməl etmədən fəaliyyət göstərir. Elə bu səbəbdən də MMC-nin avtobuslarında çalışan sürücülərin bir qismi davamlı olaraq qəza törədirlər». Məlumatlı şəxsin bildirdiyinə görə, məsələnin maraqlı tərəfi ondadır ki, Faiq Seyidovun şirkətində müxtəlif qanun pozuntuları mövcud olsa da, onun bəzi nüfuz sahibləri, vəzifəli şəxslərlə yaxın əlaqələri həmin nöqsanların ört-basdır edilməsinə imkan verir: «Bu arada, deyilənlərə görə, iş adamı Faiq Seyidovun oğlu Xaliq Seyidov bir müddət əvvəl idarə etdiyi bahalı maşınla yolu keçən piyadanı vuraraq öldürüb. Və hadisə yerindən qaçıb. Buna baxmayaraq, biznesmenin oğlu bu günə kimi hələ də məsuliyyətə cəlb olunmayıb. Hələ bu, harasıdır. Deyilənlərə görə, «Xaliq Faiqoğlu» MMC-nin sahibi Faiq Seyidov əslən Cəbrayıl rayonundan olan İbrahim adlı bacanağı ilə əlbir olub cəbrayıllıların, şahid ailələrinin adına olan 114 saylı marşrut xəttini özününküləşdirib. Bu məsələdə ona nüfuzlu şəxslərdən birinin yardım etdiyi də qeyd olunur. Hazırda həmin marşrut xətti də «Xaliq Faiqoğlu» MMC-nin nəzarətindədir. Lakin ondan əldə olunan gəlirdən cəbrayıllılara, şəhid ailələrinə bir qəpik belə olsa yardım edilmir. Onu da nəzərinizə çatdırım ki, «Xaliq Faiqoğlu» MMC-də işləyən sürücülərin bir hissəsi sərnişinlərə qarşı nəzakətli davranmırlar. Məsələn, sərnişin mədəni şəkildə sürücüyə bildirir ki, dayanacaqda saxla düşürəm. Amma bəzi sürücülər bu mədəni xitabın qarşılığında sərnişinlərə kobud cavab verirlər. Sürücülər bəzi hallarda ictimai nəqliyyat vasitəsini idarə etdiklərini unudurlar və danışdıqları ifadələrə fikir vermirlər. Belə hal «Xaliq Faiqoğlu» MMC-yə məxsus olan əksər marşrut xəttlərindəki avtobuslarda yaşanır. Belə ki, avtobusu idarə edən sürücülərin çoxu sərnişinlərin qulağı eşidə-eşidə nalayiq sözlər işlədir. Hələ bu nədir ki. Bəzi sürücülər müvafiq qaydaları pozaraq sükan arxasında siqaret çəkirlər. Əlbəttə, ictimai nəqliyyatda bu kimi problemlərin yaşanması sərnişinlər üçün xoş deyil. Digər problem sürücülərin avtobusları yüksək sürətlə idarə etməsi ilə bağlıdır. Vaxtı bəhanə edən sürücülərin bir hissəsi sürət həddini aşır və digər avtobuslarla yarışa çıxırlar. Nəticədə ağır yol qəzaları baş verir. Təbii ki, bütün bunların məsuliyyəti birbaşa «Xaliq Faiqoğlu» MMC-nin sahibi Faiq Seyidovun üzərinə düşür».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.