"Rüşvət hərisliyi yol qəzalarını sayını artırıb." - Naxçıvan sakinləri
4-01-2025, 16:18
Son vaxtlar Naxçıvanda avtomobil qəzalarının, xüsusilə də piyadaların keçidlərdə vurulması hallarının artması əhali arasında ciddi narahatlıq yaradır. Sakinlər bu problemin əsas səbəbini sürücülük məktəblərinin fəaliyyətinin dayanmasında görürlər. Onların iddiasına görə, artıq sürücülük vəsiqəsi almaq üçün bu məktəblərin sertifikatına ehtiyac qalmayıb. Çünki yerli DYPİ rüşvət qarşılığında imtahanlara sertifikatsız girişi təmin edir. Bu, sürücülərin lazımi bilik və bacarıqlardan məhrum qalmasına və nəticədə qəzaların artmasına səbəb olur.
TEREF yazır ki, bu barədə “Gündəlik Naxçıvan”a müraciət edən vətəndaşlar vəziyyətin onlarda qorxu yaratdığını bildirirlər.
Naxçıvan şəhər sakini Ş.Musayev deyir ki, iki il öncə sürücülük məktəbində təhsil almaq məcburi olsa da, indi təhsilsiz də vəsiqə almaq mümkündür:
"Oğlum sürücülük vəsiqəsi almaq istəyirdi. DYPİ-də dedilər ki, 100 manat artıq ver, məktəb oxumadan imtahana buraxaq. Mən razılaşmasam da, oğlum dedi ki, əziyyət çəkib 1-2 ay məktəbə getməkdənsə, 100 manat artıq verib, imtahana girəcək. Təbii ki, imtahanın da öz qiyməti var – min manat. Vəsiqə cəmi 1100 manata başa gəldi. Təkcə oğlum yox, demək olar ki, hər kəs bu asan yolu seçir. Ona görə də, sürücülük məktəbləri boşdur. Əvvəl belə deyildi. Məktəbdə oxumaq məcburi idi, ona görə də az qəza baş verirdi. İndi isə demək olar ki, hər gün eşidirik, maşın piyadanı vurub.”
Başqa bir sakin, V.Muradov, sürücülük məktəblərində təhsilin tamamilə formal xarakter daşıdığını və bunun qəzaların artmasına səbəb olduğunu vurğulayır:
"Əvvəllər məcbur edirdilər ki, bir ay oxuyasan, qaydaları öyrənəsən. İndi 100 manat hər şeyi həll edir. Sürücülər nə yol hərəkəti qaydasını bilir, nə də nişanları tanıyır. Pul verib vəsiqə alırlar, maşını da kreditə götürürlər. Belə sürücülər hər gün qəza törədir. Ən pisi də odur ki, piyada keçidlərində insanları vururlar. DYP qayda pozuntularından cərimə ilə pul qazandığı üçün bu vəziyyəti dəyişmək istəmir. Bir sözlə, rüşvət hərisliyi yol qəzalarını sayını artırıb."
Sakinlər bu vəziyyətin araşdırılmasını və yol hərəkəti təhlükəsizliyinin bərpası üçün ciddi addımlar atılmasını tələb edirlər. Onların fikrincə, rüşvət və qeyri-qanuni fəaliyyətlərin qarşısı alınmasa, qəzalar daha da artacaq və ağır nəticələrə səbəb olacaq.
Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TEREF