Naxçıvanda yüksək vəzifəli şəxs qaziyə qarşı kobudluq edib - Səhiyyə müəssisələrində bazar açıblar
Dünən, 17:39
Son illər Naxçıvan Muxtar Respublikasında əhalinin keyfiyyətli səhiyyə xidmətinə alçatanlığının təmin edilməsi istiqamətində, demək olar ki, heç bir iş görülməyib. Tibb müəssisələri əvvəlki dövrdən daha bərbad vəziyyətə salınıb, qeyri-ixtisas sahibləri səhiyyə sisteminin rəhbərliyinə gətirilib. Məsələn, Naxçıvan Muxtar Respublikası Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) icraçı direktoru Vüsal Məmmədov iqtisadçıdır. Amma o, muxtar respublikanın səhiyyə sisteminə rəhbərlik edir. TMİB Bakıda fəaliyyət göstərən TƏBİB-in analoji qurumudur. Yəni, paytaxdakı TƏBİB Naxçıvanda TMİB olub. TƏBİB-in icraçı direkoru Vüqar Qurbanov Azərbaycan Tibb Universitetini bitirib, yüksək ixtisaslı həkimdir. TMİB-in icraçı direktoru Vüsal Məmmədov isə “yarımçıq” iqtisadçıdır. Belə bir şəxsin Naxçıvan səhiyyəsinə rəhbərlik etməsi qəbuledilməzdir, muxtar respublika əhalisinin sağlamlığını riskə atmaqdır.
Vüsal Məmmədovun idarəçilik bacarığı olsaydı, yenə dərd yarı idi. TNS-in redaksiyasına Naxçıvandan göndərilən çoxsaylı şikayət məktubları belə deməyə əsas verir ki, icraçı direktor öz işinin öhdəsindən gələ bilmir, muxtar respublikanın səhiyyə sistemini daha dərin böhrana doğru aparır. Bu barədə növbəti yazıda.
Bu gün TMİB-in icraçı direktorunun insanlara kobud rəftarından, qazilərə, şəhid ailələrinə göstərdiyi laqeyd münasibətdən bəhs edəcəyik.
Vətən müharibəsi qazisi Elvin Quliyev ailəsi ilə birlikdə anlizlər götürülməsii üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına gedib. Xəstəxanada ona bildirilib ki, artıq icbari tibbi sığortanın tətbiqi dayandırılıb. Analizlərin götürülməsi üçün ondan pul tələb olunub. Bundan sonra qazi problemin həlli üçün Tibb Müəssisələrinin İdarəetmə Birliyinin icraçı direktoru Vüsal Məmmədova müraciət edib. Deyir sən saydığını say, gör, cənab icraçı direktor nə sayır. İcraçı direktor Elvin Quliyevin şikayətinə çox “operativ” reaksiya verib, dərhal onun problemini “həll edib”, qazini kabinetdən qovub.
Elvin Quliyev deyir ki, Vüsal Məmmədov onlara qarşı kobudluq edib. Vüsal Məmmədovun danışığından belə anlaşılıb ki, qazinin harada döyüşməsi, sağlamlığını itirməsi ona maraqlı deyil.
Aydındır ki, Vüsal Məmmədov ixtisaslı kadr deyil. Əlbəttə ki, tibb sahəsindən anlayışı yoxdur. Bu şəxs vicdanını da itirib? O ki, oxumaqla, öyrənməklə əldə edilən deyil!
TNS-in əməkdaşı məsələni aydınlaşdırmaq üçün Vüsal Məmmədovla əlaqə saxlayıb. İcraçı direktor saytımızın və əməkdaşımızın adını eşidən kimi, telefonu söndürüb.
Heç bir uğuru olmayanlar, rəhbərlik etdikləri sahəni bərbad vəziyyətə salanlar suallara cavab verməkdən yayınırlar.