BAKIDA ARXİTEKTURA XAOSU

Bu gün, 10:15           
BAKIDA ARXİTEKTURA XAOSU
Paytaxtın Binəqədi, Nizami, Suraxanı, Qaradağ, Sabunçu, Xəzər və digər rayonlarında, eləcə də Sumqayıt şəhərində ölkə qanunları səlahiyyət sahiblərinin maraqlarına xidmət edir.

Belə ki, illərdir adı çəkilən rayonların ərazilərində kateqoriyasından və şəraitindən asılı olmayaraq qanunsuz tikintilər aparılmaqdadır.

Məsələn, Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində inşa edilən 3 mərtəbəli iaşə obyektinin, eləcə də Binəqədi rayonunun Xocasən qəsəbəsi və digər ərazilərində inşa edilmiş yaşayış evlərinin, iaşə obyektlərinin neft şirkətinə məxsus ərazidə olmaları, Suraxanı, Sabunçu, Xəzər və digər rayonlarındakı tikintilərin kənd təsərrüfatı təyinatlı ərazilərdə olmaları onları bu gün kommunal xidmətlərdən və rəsmi sənədləşmədən məhrum edir.

"DogruXeber.az" xatırladır ki, bir neçə gün əvvəl elə Xəzər rayonunun Binə qəsəbəsində yeni yaşayış evlərinin olduğu geniş təsərrüfat təyinatlı ərazinin kommunal xətlərinin olmadığını əks etdirən görüntüləri belə təqdim etmişdik. Hansı ki, o, evlərdən yalnız birində yaxınlıqdakı iaşə obyektindən kustar üsulla çəkilmiş işıq və su xəttinin olduğunu, mavi yanacaq xəttinin isə ümumiyyətlə olmadığını gördük, ətrafdakı digər evlər isə işığa, qaza və hətta normal küçəyə belə həsrət "zindan" kimi görünürdü.

Təbii ki, bu və bu kimi bütün qanunsuz tikintilərin aparılmasına şərait yaradan elə məhz cavabdeh qurumların özləri - birinci növbədə yerli icra hakimiyyətləri,sonra isə FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi (TTNA), İN yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) və Şəhərsalma və Arxitektura Komitəsidir (ARXKOM). Vətəndaşlar yerli icra nümayəndələri, yaxud yerli bələdiyyə sədrlərinin onlara uzun müddətli müqavilə sənədi ilə baha qiymətə satdığı təsərrüfat təyinatlı torpaq sahələrində maneəsiz şəkildə ev tikə bilmək üçün bu qurumların nümayəndələri ilə əl sıxışıb, "göz yummağın qarşılığı"nı ödəyir, vəssalam.

Lakin növbə kommunal ehtiyaclara gəldikdə, vətəndaşlar başlayır dövlət qurumları arasında var-gəl eləməyə. Əlində rəsmi sənədi olmayan o, şəxslər nə kommunal xidmətlərdən yararlana bilir, nə də seçkilər zamanı səsvermə hüququndan düzgün istifadə edə bilirlər. 10-20 il Bakıda yaşayıb, hələ də rayon qeydiyyatında olan insanlar var ki, seçki zamanı qeydiyyatda olduğu rayona gedə bilmir, burada da qeydiyyatı yox. Beləcə, qanunlar hər yerdə biraz əzilir.

Bütün bu problemlər də onlarda vaxtilə arxayınçılıq vəd edən qurumlara qarşı bir inamsızlıq, bir acıq yaradır. Dövlətin məmurundan, dövlətin qurumundan narazı olmaq isə dövlətdən narazı olmaq, dövlətçiliyə güvəni itirməkdir.

Belə çıxır ki, rayon və yuxarıda adı çəkilən qurumların rəhbərləri xalqa və dövlətə, hakimiyyətə qarşı gizli düşmənçilik mövqeyindədirlər ki, bu cür qarşıdurma yaratmağa bu qədər meyilli davranış sərgiləyirlər.

Halbuki, bu qurumların baha qiymətə insanlara satılan və tikinti aparılmasının qanunsuz olduğu üçün yüksək məbləğlərdə rüşvət alınan o, ərazilərin təyinatını dəyişdirmək və sənədləşdirə bilmək səlahiyyətləri var. Lakin sanki insanları incitməkdən zövq alırlar deyə, bu səlahiyyətlərindən istifadə etmək haqqında düşünmək belə istəmirlər.

Dövlət qurumları rəhbərlərinin dövlətə və xalqa ziyan vurması normalda qanunla qəbuledilməz olsa da, təəssüf ki, qanunlarımız da bu şəxsləri idarə etməkdə aciz qalır və hətta onların tərəfindən məqsədlərə uyğun şəkildə idarə olunur.

Yenə də sonda ümidə ümüd bağlamaqla səbrli olmaq məcburiyyəti ilə bu kimi halların aradan qaldırılması və qarşısının alınması üçün ölkə başçısının qeyd etdiyimiz mövzuya diqqət ayıracağına və günahkar səlahiyyətlərin məsuliyyətə cəlb olunacağını umuruq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.