“100 manatlıq cərimə heç kimin vecinə deyil” – Savalan sakinləri üfunət qoxusundan TƏNGƏ GƏLİB

Bu gün, 16:42           
“100 manatlıq cərimə heç kimin vecinə deyil” –
“Yeni Çağ” Media Qrupunun redaksiyasına Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivindən sakinlərin tərəfindən şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, ərazidən keçən Samur-Abşeron magistral su kanalına illərdir nəzarətsizlik hökm sürür. Şikayətçilər deyirlər ki, bəzi sakinlər açıq şəkildə kanala zibil tullayır, üstəlik, kanalizasiya sistemi olmadığı üçün fərdi evlərdəki “şambo” adlanan çirkab sularının toplandığı anbarlardan maşınlarla çəkilən sular da məhz bu kanala axıdılır.

Sakinlərin narazılığına səbəb yalnız ekoloji yox, həm də sanitar-gigiyenik problemlərdir. Bildirilir ki, yay aylarında vəziyyət daha da dözülməz hal alır, kanaldan yayılan üfunət qoxusu bütün ərazini bürüyür, zibillərin və çirkabın iyi səbəbindən pəncərə açmaq belə mümkün olmur. Bu isə həm yaşayış üçün əlverişsiz mühit yaradır, həm də insanların sağlamlığına ciddi təhlükə törədir.

“Bu vəziyyət bizi bezdirib. Yayda qapı-pəncərəni aça bilmirik, uşaqlar çöldə oynaya bilmir. Hər kəs özbaşına zibilini gətirib kanala tökür. Çirkab maşınları da suları burada boşaldır. Biz illərdir eyni problem içində yaşayırıq, amma heç kim kömək etmək istəmir. Guya zibil atanlar 100 manat cərimə olunacaq deyə orada lövhə qoysalar da, heç kimin vecinə belə deyil, hamı yenə zibilini kanala atır. Halbuki kanalın yanında zibilxana var, amma kimsə özünə əziyyət verib 5 addım qabağa getmək istəmir”, – deyə sakinlərdən biri redaksiyamıza bildirib.

Şikayətçilərin sözlərinə görə, kanal bu ilin əvvəlində təmizlənsə də, bir neçə ay keçmədən eyni vəziyyət yenidən təkrarlanıb. Yəni problemin kökündən həll olunmaması səbəbindən təmizlik işlərinin effekti qalmayıb.

Əməkdaşımızla söhbətində qəsəbə sakinləri onu da söyləyiblər ki, ərazidə kanala zibil atmağın 100 manat cərimə ilə cəzalandırıldığına dair bir lövhə göstərilsə də, praktiki olaraq heç bir nəzarət yoxdur. Bu səbəbdən insanlar qaydanı pozmaqda davam edir, nəticədə ərazidə antisanitar vəziyyət daha da kəskinləşir.

Sakinlər “Yeni Çağ” Media Qrupu vasitəsilə Sabunçu rayonu İcra Hakimiyyəti və aidiyyəti dövlət qurumlarına müraciət edərək bu məsələyə ciddi nəzarət olunmasını tələb edirlər. Onlar bildirirlər ki, problem yalnız cərimə tətbiqi ilə deyil, kanalizasiya infrastrukturunun qurulması, maarifləndirmə tədbirlərinin aparılması və davamlı təmizləmə işlərinin görülməsi ilə həll oluna bilər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru