Pomidor küçədə 70 qəpiyə, 1 manat 50 qəpiyə marketdə - insan niyə marketə getsin?
Bu gün, 17:28

Ölkəmizdə zaman-zaman gülməli və ağlamalı vəziyyətlər yaranır. Buna tragi-komediya deyilir. Mərhum Cəfər Cabbarlının yazdığı kimi “Göz yaşları içində gülüş”. Sumqayıt Şəhər İcra Hakimiyyətinin küçə ticarətinə qarşı reydləri zamanı yaranmış mənzərə tam da bunun əksidir. Hər kəs haqlıdır. Satışa qadağa qoyan da, satan da, alan da. Bəs günah kimdədir? Bunu tapmaq üçün Bəhlul Danəndə lazımdı.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin açıqlamasında deyilir: “Sumqayıt şəhərində qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların birgə iştirakı ilə qabaqlayıcı tədbirlər həyata keçirilir. Səkiləri zəbt edərək piyadaların hərəkətinə mane olan, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılarla izahat xarakterli söhbətlər aparılır, yalnız xüsusi ayrılmış yerlərdə ticarətlə məşğul olmaları onların diqqətinə çatdırılır.
Sakinlər bəs nə yazır? Vəziyyətin real mənzərəsi sosial şəbəkədə görünür:
Əfqan Quliyev: 13-cü mkr., "Qayalı" market ilə üzbəüzə də baxış keçirin. Orada "polka"ları səkiyə yığıblar.
Anar Xanlarov: Mən də küçə ticarətinə qarşıyam. Nizami meydanı konkret “bardaq”dı, olmamalıdır, tamam. Amma... O çadırlar, "polka"lar ora 1 saatın içində qoyulmayıb, aylardı ordadı. Heç kim də icazə olmadan bir taxtanı belə ora qoya bilməz. Və heç kim də haqq vermədən orada bir soğan belə sata bilməz. İndiyə qədər görmürdülər bu vəziyyəti? Kimlərsə icazə verir, haqqını alır, sonra da kefi istəyəndə də dövlətin adından gəlir sökür dağıdır. Dövlət imkan yaratsın, normal şərait qursun, o insanlar da malını aparıb həmin yerdə satsın, heç bu soyuqda gəlib küçələrə tökülməsin. İnsanlar əziyyət çəkir, bunu niyə başa düşmürük? Ölkənin quru sərhədləri 6 ilə yaxındır səbəbsiz yerə bağlıdır, hər şey bir qrup məmurun əlində monopoliyaya çevrilib, camaat imkansızlıqdan, pulsuzluqdan axışıb gəlib şəhərə ki, 5 manat çörək pulu qazansın, bunları həll etmək lazımdı.
Sumqayıt uşağı: Yenə şəhərə kino çəkənlər gəlib…
Ramil Mahmudov: Sumqayıt uşağı, görəsən, kino ağlamalıdı, ya gülməli?
Səbuhi Qafarov: Al Paçino, Robert de Niro, Morqan Friman və s. bu aktyorların istedadına həsəd aparırlar.
Vüqar Lətifov: Yağış olanda “astanovka”larda dayanmağa yer yoxdu, ona da bir tədbir görülsün.
Tapdıq Novxanı: Camaatı doluyublar e… Yaxşı, bu alver edənlər, buranı düzəldəndə, burada alıb satanda görmürdülər? Təbii ki, görürdülər. Rüşvətin nəticəsi...
Kamal Sultanlı: Bu konsert nə vaxt bitəcək?
Sərxan Ələkbərzadə: Ərazi üzrə “uçastkovı”lar bunun qarşısını almalıdır, birinci növbədə. Onlar qəti şəkildə icazə verməsələr, bu mənzərə yaşanmaz. Həmin o ərazi həqiqətən bərbad gündədir. Bilmirsən ora bazardır, yoxsa küçə. Biri pomidor-xiyar satır, yanındakı tuman-mayka, onun yanındakı da kitab, dəftər, çanta satır. Hələ imkan versələr, onun da yanında mal-qoyun, toyuq-cücə satarlar.
Arzu Qasımova: Sadəcə, camaatın pulunu alıb yeyirlər, sonra qayda-qanun yadlarına düşür. Əziyyət çəkən isə bu insanlardır.
Abu Camal Camal: Komedixana davam edir...
Sakinlərin rəylərindən görünür ki, küçə ticarətindən razı olanlar da var, narazılar da. Narazılıq da əsasən anti-sanitar vəziyyətə görə, küçə ticarəti nəticəsində küçələrin, səkilərin zibilliyə dönməsinə görədir. Razı olanlarsa, küçə ticarətində mal və məhsulların nisbətən ucuz olduğunu, aztəminatlı əhalinin evinə bazarlıq edə bildiyini əsas gətirir. Və xüsusən, işsizlik problemini əsas götürərək, “insanlar bir tikə çörək pulu əldə edir” deyə, küçə ticarətinə haqq qazandırırlar. Küçə ticarəti təkcə Sumqayıtda deyil ki. Bakı küçələrində də eyni vəziyyətdir. Xüsusən metrostansiyaların çıxışlarında, yol kənarlarında, səkilərdə - hər yerdə alqı-satqıdı. Şəhər öz-özlüyündə böyük bazarı xatırladır. Maraqlı budur ki, zaman-zaman məmurlar küçə ticarətçilərinin başının üstünü alıcı quş kimi alır, piştaxtaları ləğv etdirir, satıcılar məhsullarını yığışdırıb gedir, 2-3 gün sonra isə yenidən eyni vəziyyət yaranır. 2-3 gündə nə baş verir, hansı qanun dəyişir ki, yenidən küçə ticarətinə “icazə verilir”. Nəyin baş verdiyini təxmin etmək çətin deyil. “Yer haqqı” bahalaşır, artır. Həmin satıcı da məhsulun qiymətini qaldırır. Proses beləcə davam edir.
Ümumiyyətlə, küçə ticarəti olmalıdırmı, buna icazə varmı?
İnzibati Xətalar Məcəlləsinin (İXM) 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti qadağandır. Qanuni ticarətlə bağlı isə “Bakı şəhərində səyyar (mövsümi) ticarət və xidmətlərin aparılması Qaydaları mövcuddur”. Qaydalarda qeyd olunur ki, küçə ticarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması və ya işlərin (xidmətlərin) görülməsidir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə yerli icra hakimiyyəti orqanları başa düşülür. Bununla belə, qaydalar bir sıra məhsulların hər bir halda küçə və yollarda satışını qadağan edir. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.35-ci maddəsinə əsasən aşağıdakı məhsulların səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə satılmasına yol verilmir: Ərzaq malları (dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları və meyvə-tərəvəz məhsulları istisna təşkil edir, yəni küçə ticarətində satılmasına icazə verilir.); Dərman vasitələri; Qiymətli metal və daşlar; Silah-sursat; Audiovizual əsər və fonoqramlar və elektron hesablama maşınları üçün proqramlar. Qaydalar həmçinin bəzi yerlərdə səyyar ticarəti qadağan edir. Həmin yerlər sırasına küçə və səkilərin hərəkət hissəsi, dövlət müəssisə və təşkilatların binaları, tarixi və mədəniyyət abidələri və son olaraq təhsil müəssisələrinə bitişik ərazilər aiddir. Qaydalarda qeyd olunur ki, səyyari (mövsümi) ticarət və xidmətlər - hüquqi və fiziki şəxslərin xüsusi müəyyən edilmiş yerlərdə səyyar (əldən, özüyeriyən və ya daşınan) vasitələrlə həyata keçirdikləri fəaliyyət növüdür. Səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti əhalinin istirahət etdiyi parklarda, bağlarda və digər zonalarda, küçə və meydanların kənarlarında əhalinin asudə vaxtının, istirahətinin və onlara xidmətin daha səmərəli və yüksək səviyyədə təşkili məqsədilə həyata keçirilir. Səyyari (mövsümi) ticarət və xidmətin müddəti 1 (bir) ilə qədər, konkret ticarət və xidmət növündən asılı olaraq isə həmin müddət 1 (bir) ildən çox da ola bilər. Müəyyən edilmiş sahələrdən kənarda səyyari (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır.
Qaydalardan göründüyü kimi səyyar ticarət (küçə ticarəti) müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi yerlərdə həyata keçirilməlidir. Eyni zamanda sual yaranır: Sumqayıtdakı bu son hadisələrə qədər küçə ticarətçilərinə həmin yerlər kim, hansı orqan tərəfindən verilmişdi? Abadlıq məsələsidir, deyib satıcıları yerindən edib, hardasa “müasir” piştaxta, köşk qoymaqla, problem bitəcəkmi?
İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında küçə ticarətiylə bağlı ziddiyyətli məqamlar olduğunu dedi:
- Küçə ticarətiylə bir sıra insanların məşğulluğu təmin edilir. Küçə ticarətiylə məşğul olanlar məcburiyyət qarşısında, əlacsızlıqdan şəhərə gəlib qazanc əldə etməyə çalışanlardır. Dolanışıq çətinləşib, insanlar da müxtəlif vasitələrlə gəlir əldə etməyə çalışır, bunun bir yolu da küçə ticarətidir. Küçə ticarətinə əzəldən imkan yaradan, etiraf edək ki, DİN əməkdaşları olub. Onlar qanun pozuntusuna şərait yaradıblar, göz yumublar. Satıcılarda da belə düşüncə formalaşıb ki, bu, belə də olmalıdır, amma indi kimsə “pis adam” gəlib, qoymur işləməyə. Bilirsiz, o adamlar - küçə ticarətçiləri, orada elə-belə havayı oturmur. Haqqını verib oturur, yeşiklərdən, taxta parçalarından piştaxta düzəldir, bəzisi də vedrədə, ya da əlindəcə satır nəyisə. Vəziyyət budur ki, ticarətdə qanun içində qanun yaradılıb. Nəticədə küçələrdə, səkilərdə anti-sanitariya, sıxlıq, basabas yaranır, sakinlər narazılıq edir. Eyni zamanda küçə ticarətində məhsulların qiyməti marketlərdən ucuz olduğundan insanlar belə yerlərdən alış-veriş edir. Bu da marketlərin işinə ziyan vurur. Rəsmi ticarət obyektləri var, hansı vergi, rüsum ödəyir, xeyli işçisi var, onlara görə sosial ödənişlər edirlər, yəni fəaliyyət tamamilə qanunidir, onlar narazılıq edir ki, küçə ticarəti gəlirlərinin azalmasına səbəb olur. Deyək ki, 1 kiloqram pomidor almaq istəyən adam marketə getmir, elə küçədəcə alır, çıxıb gedir. Marketlər həm müştəri itirir, həm də gəlirləri azalır. Çoxsaylı şikayətlər var bununla bağlı. Ancaq məsələ burasındadır ki, insan küçədə 70 qəpiyə ala biləcəyi pomidoru, marketdən niyə 1 manat 50 qəpiyə və ya daha baha qiymətə alsın?
F.İbrahimov çıxış yolunu göstərdi:
- Dövlət tərəfindən küçə ticarəti üçün şərait yaradılmalı, xüsusi yerlər ayrılmalıdır. Küçə ticarəti dünyanın hər yerində var. Amma baxır nə satılır, necə satılır. Normal şərait yaradılmalı, təmizliyə, qida təhlükəsizliyinə nəzarət olmalı, sahibkarın – satıcıdan dövlətə vergi ödəməsi təmin edilməlidir. Bəzən küçə ticarətinin yığışdırılması “vurhavur”unda konkret şəxslərin gəlirlərini artırması məqsədi güdülür. Yəni bunu guya ki, “dövlətə vergi” adı altında edirlər, amma ertəsi gün eyni vəziyyət, eyni hal təkrarlanırsa, demək ki, şəxsi maraqlardan çıxış edirlər. Küçə ticarəti üçün qanuni qaydada şərait yaradılmalıdır. O zaman marketlər, iri ticarət mərkəzləri də sağlam rəqabətə məcbur olacaq, məhsulların qiyməti ilə bağlı kartel anlaşmalar aparmayacaqlar. Yoxsa ticarət şəbəkələri sözü bir yerə qoyur, məhsullara eyni dərəcədə yüksək qiymət tətbiq edirlər. Belədə monopoliya yaranır, insanlar da küçə ticarətinə üz tuturlar.