Suraxanı başçısı yaşıllıqlara divan tutub, çayxana tikdirib
25-06-2015, 19:44
Bakının böyük rayonlarından olan Suraxanı ekoloji problemdən cana doyub. İlqar Abbasovun rəhbərliyi altında Suraxanıda bir meşəlik qalmayıb. Rayonda yaşıllıqlara divan tutan icra başçısı son illərin “yaşıl qətliamçısı” titulunu qazana bilər.
TİA.AZ-a məlumat verən sakinlərin sözlərinə görə, Qaraçuxur, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində ağac tapmaq olmur. Səhralığa çevrilən bu qəsəbələrin keçəlləşməsinin səbəbkarı İ.Abbasovdur ki, yaşıllıqları məhv etməklə ərazilərini iş adamlarına satır.
O, “ağac soyqırım”ı nəticəsində şəxsi sərvətini birə-beş artırıb. İ.Abbasovun Suraxanıdakı obyektlərinin sayı-hesabı yoxdur. Yeni Günəşli qəsəbəsində "Muğan" çay evindən tutmuş restoran, avtoyuma məntəqəsinə qədər iaşə obyektləri var. Bu biznes imkanlarını genişləndirən başçı işlərə nəzarəti öz yaxınlarına həvalə edib.
Məlumata görə, təkcə “Muğan” üçün icra başçısı təxminən 50-yə yaxın ağacı məhv etdirib. Suraxanı İcra Hakimiyyətinə dəfələrlə müraciət edən sakinlərin şikayəti isə cavabsız qalıb. İcra başçısı müavinlərinə narazı sakinlərin probleminə qulaq verməməyi tapşırıb.