Eyvaz Hüseynova meydan oxuyanlar: Azər Süleymanov-İslam Allahverdiyev
26-06-2015, 01:09
Qarşıdan gələn parlament seçkiləri öncəsi hakim komandada ciddi kadr dəyişiklikləri olacağı haqda iddialar səngimək bilmir. Bu iddialara görə bu dəfəki kadr islahatı çox böyük kontingenti əhatə edəcək və bu dalğada bir neçə nazirin və icra başçısının “qurban” gedəcəyi gözlənilir. Bildirilir ki, bir neçə icra başçısı ilə bağlı veriləcək sərəncamlarda həm kadrların yerdəyişməsi, həm də vəzifədən birdəfəlik kənarlaşdırma prinsipindən istifadə olunacaq.
Uzun illərdir Xocavənd Rayon İcra Hakimiyyətinə rəhbərlik edən Eyvaz Hüseynovun da adı işdən çıxarılacaq icra başçıları sırasındadır. Yəqin çoxları xəbərsizdir ki, ölkənin ən çox vəzifə başında qalan məmuru Xocavənd rayonu icra başçısı Eyvaz Hüseynovdur. Bəli, məhz Eyvaz Hüseynov. Mövzu ilə bağlı ölkə mətbuatında çoxsaylı araşdırmalar aparılıb, hansı nazirin və ya nazir müavininin neçə il vəzifə başında qalması araşdırılıb, amma nədənsə bu zaman diqqətdən qaçıb ki, Eyvaz Hüseynov nə az, nə çox – düz 23 ilə yaxındır ki, Xocavənd rayon icra hakimiyyətinin başçısı postunda əyləşib. Ancaq E.Hüseynovun vəzifədən alınacağını iddia edən qaynaqlar bunu yalnız onun stajı ilə əlaqələndirmir: “Çünki o, son illər əhalinin ən çox narazı olduğu icra başçıları arasında ön sıralarda yer alır. İndiyədək rayon sakinləri tərəfindən müxtəlif dövlət qurumlarına, ayrı-ayrı təşkilatlara Eyvaz Hüseynov barəsində çoxsaylı şikayətlər göndərilib. Odur ki, yuxarı dairələrdə budəfəki kadr dəyişikliyinin məhz əhalinin şikayətləri ilə bağlı olduğu bildirilir”.
Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən gedəcəyi haqda xəbər yayılmışdı və o zaman bu məlumatlar doğru çıxmamışdı. Lakin mənbə israrla qeyd edir ki, məhz birinci Avropa Oyunlarından sonra Eyvaz Hüseynov tutduğu vəzifədən azad olunacaq. Bu iddiaların nə qədər doğru olub olmayacağını zaman göstərəcək, amma cumhuriyyet.az-a daxil olan məlumatlar onu göstərir ki, hətta indiki halda icra başçısı kreslosunda oturarkən belə E.Hüseynov rayonda faktiki hakimiyyətini itirib. Bununla bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə rayonda əsas söz sahibi Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanovdur: “Bütün kadr siyasətinə A.Süleymanov nəzarət edir, idarə müdirlərinə göstərişlər onun tərəfindən verilir. E.Hüseynov yalnız simvolik icra başçısına çevrilib. Bütün vəzifələrə təyinat A.Süleymanov tərəfindən müəyyənləşdirilir. Məsələn hazırda boş olan Xocavənd rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru postunu icra başçısının müavini auksiona çıxarıb və konkret qiymət müəyyənləşdirib. Amma bu məbləğlə heç kim razı olmadığından hələ ki təyinat gerçəkləşməyib. Hərçənd ki, rayonda kifayət qədər gənc kadrlar var ki bu postu tuta bilərlər” Mənbəmiz onu da bildirdi ki, A.Süleymanovun rayonun faktik rəhbərinə çevrilməsi I Avropa Oyunlarının məşəlinin Xocavənd qəsəbəsinə gətirilməsi zamanı isə A.Süleymanov bunu daha açıq şəkildə biruzəverir, sanki bütün rayona, xüsusilə də idarə müdirlərinə “real rəhbər mənəm” mesajı verib.
Xocavənd rayon hakim komandasının mətbəxi haqda tam məlumatlı olan mənbənin cumhuriyyet.az-a danışdığı ikinci isim rayon maliyyə idarəsinin rəhbəri İslam Allahverdiyevdir. Bu şəxs kütləvi saxtakarlığa və maxinasiyalara görə Kapital Bankın Beyləqan rayon filialının müdiri vəzifəsindən azad edilib. Amma özəl bir bankın rayon filialına normal rəhbərlik edə bilməyən və olmazın maxinasiyalarına imza atan bir şəxsin dövlət büdcəsinə nəzarət etməsi üçün maliyyə idarəsinin başına gətirilməsi xeyli təəccüblüdür.Mənbəmiz bu məqama da aydınlıq gətirib: “Azər Süleymanovdan sonra rayonun sahibi rolunda çıxış edən şəxs İslam Abdullayevdir. Əslində, Xocavənd rayon maliyyə idarəsinin rəisi postu boşalanda bu vəzifəyə başqa şəxs nəzərdə tutulmuşuymuş, amma sonradan Beyləqandakı əməllərinə baxmayaraq İslam Allahverdiyev bu idarəyə rəhbər gətirildi. İndi də İ.Allahverdiyev onu vəzifəyə gətiirən qüvvələri gizlətmir və özünə yaxın şəxslərin məclisində fəxrlə “Mən prezidentin qohumu ilə dostam, Eyvaz Hüseynov kimdir ki?”. Mənbəmiz həmin arxa haqda da danışıb.İslam Allahverdiyevin adından istifadə etdiyi mərhum akademik və hazırda nəzarət etdiyi qoyun sürüləri və digər ilginc faktlar haqda növbəti yazımızda bəhs edəcəyik…
Bizi izləyin…
cumhuriyyət az