Vidadi İsayev: tarix müəllimi necə korrupsioner başçıya çevrildi? – SƏRGÜZƏŞT

26-06-2015, 01:11           
Vidadi İsayev: tarix müəllimi necə korrupsioner başçıya çevrildi? – SƏRGÜZƏŞT
Bərdə rayonunda baş verən qanunsuzluqlar, rayondakı məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məqalələr dərc olunur. Elə bir gün olmaz ki, qəzetlərdə və internet resurslarında icra başçısı Vidadi İsayevin müəllifliyi ilə reallaşan hansısa maliyyə maxinasiyası faş olunmasın.
Bu günə qədər mediada işıqlandırılan faktlarla bağlı Bərdə RİH nə tutarlı təkzib verə bilib, nə də yazılanların həqiqəti əks etdirmədiyini isbatlaya bilib. Bütün bunlar isə Bərdədə sözün həqiqi mənasında qanunsuzluğun tüğyan etdiyini düşünmək üçün əsaslar yaradır. Bununla bərabər cumhuriyyet.az-ın elektron ünvanına daxil olan yeni informasiyalar da Vidadi İsayevin Bərədədə reallaşdırdığı ən yeni sərgüzəştlərlə bağlıdır. Bu haqda bir qədər sonra, həliksə icra başçısı ilə yaxından tanış olaq…
Kimdir, Vidadi İsayev?
İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.
1980-1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986-2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Tarix elmləri namizədidir. Ailəlidir, üç övladı var.
Başı qalmaqallardan açılmır…
Vidadi İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də “öncül” cərgələrdə qərarlaşıb. Hələ unutmayaq ki, bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir.
Bəhs edəcəyimiz mətləblərin təfərrüatlarına keçməzdən öncə vacib bir məqamı qeyd edək ki, Bərdənin icra başçısı Vidadi İsayev Tərtərdən Bərdəyə rəhbər təyinatı aldıqdan sonra ilk olaraq imkanlı adamları ətrafına toplamağa başlayıb. Bu isə ona dövlət büdcəsindən ayrılan vəsaiti rahat “yeməkdən” ötrü çox vacib idi. İcra başçısı rayonda abadlıq işlərini həmin imkanlı şəxslərdən topladığı pullar hesabına gördürür, bu məqsədlə ayrılmış dövlət vəsaiti isə mənimsənilir.
Savash.org-a daxil olan məlumatlara görə, Vidadi İsayev öz «yerliləri»ni imkanlarına görə təsnifləşdirərək, eyni bölgədən olduqlarını əsas gətirib, onları yanına çəkməyə start verib. Məsələn, «yerlisi» Vidadi İmamquliyevi Bərdə ƏSMM-nin rəhbərliyindən çıxararaq, özünə müavin təyin etdi. Məlumat üçün bildirək ki, həmin ərəfədə bir nəfər sakin ƏSMM-nin binası qarşısında özünü yandıraraq, həyatını itirmişdi. Elə o zaman vətəndaşlar haqlı olaraq belə düşünürdü ki, icra başçısı Vidadi İmamquliyevi ən azından tutduğu vəzifədən azd edəcək. Amma, əksinə Vidadi İsayev sakinlərin rəyini belə nəzərə almadan onun vəzifəsini böyüdərək, özünə müavin gətirdi. Bu həmin Vidadi İmamquliyev idi ki, mədəniyyət şöbəsinin müdiri Soltanla iclasda əlbəyaxa olmuş və onu vurmuşdu. Vidadi İmamquliyev müavin postuna gətirildikdən sonra isə başçı “yağli tikə” sayılan ƏSMM-ni də nəzarətdən buraxmır, belə ki, ƏSMM-nin işçisi Fuadı formal olaraq idarəyə müdir təyin edərək, əsas işləri yenə özləri reallaşdırırlar.
Başçı imkanlı şəxsləri ətrafına necə çəkir?
Vidadi İsayev bununla işlərini yekunlaşdırmayıb, imkanlı «yerliləri»ni öz tərəfinə çəkməkdə davam edirdi. Savash.org-a daxil olan məlumatda vurğulanır ki, ƏSMM-nin direktor müavini Fəridə Əliyeva və qardaşı Bəxtiyarı icra başçısı yanına çağıraraq, «siz mənim yerlilərim və qohumlarımsınız. Mənə kömək edin» deyərək, onları öz tərəfinə çəkməyə nail olub. Məlumat üçün bildirək ki, o zamanlar Bəxtiyar Bərdədə imkanlı iş adamlarından biri sayılırdı və o, son qəpiyini, hətta canını belə Bərdənin abadlaşması yolunda qoydu. Əsasən tikinti-abadlıq işlərinə nəzarət edən Bəxtiyar qohumu Vidadi İsayevin prezidentin yanında üzü ağ olması üçün əlindən gələni əsirgəmirdi. Amma başçı işlər yekunlaşandan və artıq Bəxtiyarın əvvəlki maddi imkanda olmadığını duyduqdan sonra onu yanından uzaqlaşdırdı. Bəxtiyara “sən iddialı adamsan, yəni başqasının vəzifəsinə göz dikirsən» deyərək, onu proseslərdən uzaqlaşdırıb. Hərçənd onun könlünü də almağı unutmayan Vidadi İsayev Bəxtiyarın bacısı oğlu Vasifi İcra Hakimiyyətində məsləhətçi postuna təyin edir.
Bacısı Fəridə Əliyeva da ƏSMM-in direktor müavini olduğu müddətdə bütün imkanlarını Vidadi İsayevin yolunda sərf edir ki, qohumunun işləri əla getsin. Di gəl, Füzuli Ələkbərovdan sonra nazir təyin olunan Səlim Müslümov Fəridə Əliyevanı işdən çıxarır və Hesablama Palatası onun rəhbərlik etdiyi sözügedən strukturda yoxlamalara başlayır. Qısa müddət ərzində məlum olur ki, Bərdə ƏSMM-də külli miqdarda yeyinti halları var və korrupsiya faktı olduğundan müvafiq hüquq mühafizə orqanları işi araşdırmağa başlayır. Hazırda həmin işə görə Gəncə Ağır Cinayətlərə Dair Məhkəməsi yüngül cəza ilə qərar verib.
Vidadi İsayev məsləhəttçini niyə işdən çıxardır?
Qeyd edək ki, Vidadi İsayev Fəridə Əliyevanın əliylə gələn pulların kəsildiyini görərək, onun qohumu Vasifi İcra Hakimiyyətindəki məsləhətçi postundan uzaqlaşdırıb. Redaksiyamıza daxil olan məlumata görə, Bərdə İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri İsgəndər müəllim Vasifi yanına çağıraraq, başçının ondan işdən çıxması ilə bağlı ərizəsini yazmasını istədiyini bildirir. Vasif öz növbəsində bunun səbəbini soruşduqda qarşı tərəf məlumatsız olduğunu vurğulayır. Bunun ardından məsləhətçi bir neçə gün icra başçısının qəbuluna düşərək, işdən çıxarılmasının səbəbini öyrənməyə çalışsa da, bir nəticə hasil olmur. Üç gün ərzində isə Vidadi İsayev Vasifin “Kapital Bank”ın Bərdə filialında işləyən anası Hökumə xanımı da işdən çıxartdırır.
İcra başçısının sağ əli – İlyas Hacıyev
Vidadi İsayevin kadr islahatlarından danışarkən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyevin adını xüsusi olaraq qeyd etmək vacibdir. Bildirək ki, şöbə müdiri bir çox idarə müəssisələrdən, həmçinin özəl sektordan icra başçısının «aylığını» toplamaqla yanaşı rayon Mədəniyyət və Turizm şöbəsini də korrupsiya bataqlığına çevirib.
Bərdədən daxil olan məlumata görə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev icra başçısı Vidadi İsayevə arxalanaraq rəhbərlik etdiyi təşkilatı çapıb talayır. Bu azımış kimi şöbə müdiri icra başçısının adından rayonun bir çox sahibkarlarına və idarə rəhbərlərinin boynuna aylıq «xərac» da qoyub. Məlumatlı mənbə cumhuriyyet.az-a bildirib ki, öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev icra başçısının bu seçiminə etiraz edib və İlyas Hacıyevi təsdiq etmək istəməyib. Lakin Vidadi İsayev müəyyən əlaqələrindən istifadə edərək İlyas Hacıyevi təsdiq etdirməyə nail olub. Bildirilir ki, hələ də nazir Əbülfəs Qarayev İlyas Hacıyevin fəaliyyətindən narazıdır.
Qeyd olunur ki, şöbə müdiri keçdikdən sonra İlyas Hacıyev Vidadi İsayevin sağ qoluna çevrilib. Belə ki, şöbə müdiri icra başçısı adından tapşırıqlar vermək və onun adından kimlərəsə ismarıc vermək səlahiyyəti əldə edib. Heç bir əlaqəsi olmadan İlyas Hacıyev həmçinin Bərdənin abalıq və yenidənqurma işlərinin böyük hissəsini də icra başçısının verdiyi səlahiyyət əsasında idarə edir. Elə həmin səlahiyyətlə də İlyas Hacıyev idarə və müəssisələrdən, sahibkarlardan və iaşə obyektləri sahiblərindən «xərac» toplayır. Elə bu toplananan «xəraclar» hesabına da Bərdədə müəyyən abadlıq və yenidənqurma işləri aparılır. Bunun müqabilində isə Vidadi İsayev rahatlıqla Bərdədə abalıq və yenidənqurma işləri üçün ayrılan dövlət vəsaitlərini nəqdləşdirərək öz kassasına daxil edir.
Qeyd edək ki, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 35 mədəniyyət evi, 3 mədəniyyət mərkəzi, 75 klub, 56 kitabxana və 7 musiqi məktəbi var. Məlumat mənbə bildirir ki, İlyas Hacıyev Mədəniyyət və Turizm şöbəsinə təyinat aldıqdan sonra Vidadi İsayevin göstərişi iilə 800-ə yaxın işçisiin maaşından hər ay 10 manat kəsir. Eyni zamanda göstərilir ki, Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin hesabına köçürülən vəsaitləri müxtəlif tədbirlər və cari təmirlər adı altında sənədləşdirərək mənimsəyir.
Bildirilir ki, hazırda Bərdə rayon Mədəniyyət və Turizm şöbəsindən maaş alan yüzlərlə «ölü can» var. Şöbə müdiri Mədəniyyət evlərinin və kənd kitabxanalarında işləyən işçilərinin adına yazılan əmək haqqlarını özünə götürür. Bu zaman ərazidə fəaliyyət göstərən kitabxana və yaxıd mədəniyyət evinin müdirinə cüzi payda verir. Adları Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin ştatında gedən insan isə bundan heç də narazı deyillər. Çünki gələcəkdə onların dövlətdən təqaüd almaq üçün yetərincə «staj»ları olacaq. Mənbəmiz bildirir ki, 52 saylı Alpoud, 34 saylı, Bəciravan, 28 saylı Göyüşlü, 51 saylı güloğlular, 55 saylı Gərənə, 36 saylı Kətəlparaq, 37 saylı Piyadalar, 22 saylı Məmmədli, 17 saylı Mollalar, 33 saylı Təhlə, 6 saylı Lək, 20 saylı Nəzirli, 8 saylı Cicimli və sair kənd kitabxanalrının hər birində bir yaxud iki ştatın əmək haqqısını İlyas Haclıyev alır. Şöbə müdiri həmçinin rəhbərlik etdiyi təşkilata işə girmək istəyən vətəndaşlardan Bərdə Şəhər mədəniyyət evi, musiqi məktəbi, kitabxanası üçün 2500, kənd kitabxanları üçün isə 1500 manat rüşvət aldığı iddia olunur. Bildirilir ki, İlyas Hacıyev idarə müdiri təyinatı aldıqdan sonra Şəhər musiqi məktəbləri direktorlarına aylıq 1000, kənd musiq məktəblərinə isə 500 manat haqq qoyub. İlyas Hacıyevin əsas gəlir mənbəyindən birir isə rayonun daxili büdcəsində kitabxanaların, klubların və mədəniyyət evlərinin cari təmiri üçün ayrılan vəsaitin silinməsi olduğu göstərilir.
Məlumatlı mənbə onu da qeyd edir ki, İlyas Hacıyev özünə yaxın çevrələrdə, məclislərdə açıq aydın deyir ki, «Vidadi İsayevə hər ay o qədər pul verirəm, ona görə də başçı mənə dəyib dolaşmaz»”
Başçının digər “təmizləmə işləri…”
Bildirək ki, Vidadi İsayevin “Bərdə məcaraları” yuxarıda bəhs edilən olaylarla yekunlaşmır. Əksinə, Bərdənin icra başçısı ölkə prezidentinin məlum sərəncamından öz maraqları üçün yararlanaraq (sərəncamda vurgulanır ki, aqrar sahe iqtisadiyyat üzrə müavinin səlahiyyətlərinə verilir, icra başçısı isə iqtisadiyyat uzrə müavin olan Vidadi İmaquliyevdən istefa ərizesi alir – Savash.org) «qohumu» Vidadi İmamquliyevi işdən çıxardır. Vidadi İmamquliyev isə icra başçısının – “qohumunun” bu addımından cox pərişan olur, otaqda onunla ciddi şəkildə mübahisə edərək, başçının kabinetini acıqlı şəkildə tərk edir.
Bir neçə gün öncə isə Vidadi İsayev işdən azad etdiyi “qohumu” Vidadi İmamquliyevin qızının kürəkəni, Bərdə RİH-nin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Yusifzadəni də tutduğu vəzifədən kənarlaşdırıb.
Əldə etdiyimiz son məlumatlara görə, Yusif Yusifzadənin yerinə “bərdəlilərin qənimi” kimi ad cixarmiş, icra başçısının “şəxsi məsləhətçisi”, Elmar Vəliyevin “Bərdə üzrə nümayəndəsi”, ştatda icra başçısının köməkçisi olsa da, köməkçilikdən başqa hər qanunsuzluqla məşğul olan, oğlunun avtoxuliqanlığı sayəsində evin tək oğlunun ölümünə səbəb olan və buna görə də Tərtərin icra başçısıinin 1-ci muavinliyindən qovulan, Tərtərdə “Bakuş” ləqəbi ilə tanınan Vidadi Bəylərovun qardaşı Zauru təyin etdirmək niyyətindədirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.