Xadimə döyən məktəb direktorunu kim təyin edib? – Ağsuda
26-06-2015, 15:04
Ağsuda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib. TİA.AZ xəbər verir ki, rayonun Keçdiməz kənd orta məktəbinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb.
Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsilə nəticələnib.
Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb. Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı aznews.az-a təsdiqləyib. Bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucovanın döyüldüyünü təsdiq edir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır. Kənd sakinlərinin verdiyi məlumata görə, bu, M.Səmədovun ilk belə əməli deyil. Bir neçə il əvvəl o, məktəbin şagirdini döydüyü üçün vəzifədən uzaqlaşdırılıb.
Lakin Ağsu rayon Təhsil Şöbəsi onu yenidən məktəbə direktor təyin edib. Bu isə təəccüblü deyil. Şöbənin rəhbəri Tahir Xasıyev M.Səmədovun əmisi oğludur.
Təhsil şöbəsinin müdiri Tahir Xasıyev qafqaznews.az-a açıqlamasında deyib ki, araşdırma gedir, bunun həqiqi olub-olmadığı məlum deyil. Müxbirin “bir neçə il qabaq məktəbdə uşaq döydüyünə görə o işdən azad olunub ” fikrinə isə Xasıyevin cavabı belə olub: “Təxminən 12 il qabaq ərizəsinə əsasən o işdən çıxarılıb”.
“Siz Maarif Səmədovu yenidən Təhsil Nazirliyinin qərarı ilə işə götürmüsüz?” sualına isə “Yox” cavabını verib. Müxbirin “Siz təyin eləmisiz?” sualına şöbə rəisi “Bəli, 2009-cu ildə müvəqqəti təyin olunubdu.
O, özü də dəfələrlə müraciət edib ki, işləmək istəmirəm amma hələ ki, arzu edən yoxdu” cavabını verib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə deyib ki, məktəb direktorlarının təyinatı bilavasitə Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.