İlham Əliyevin qara siyahısında olan məmurlar - özəl

28-06-2015, 23:46           

Gələn həftədən etimadı doğrultmayan icra hakimiyyəti başçılarının dəyişdirilməsinə start verilir. Avropa Oyunları bitən kimi, ciddi kadr islahatları gözlənilir. Birinci mərhələdə kadr dəyişiklikləri iyulun 15-ə qədər aparılacaq. Bu müddətə qədər artıq YAP-ın dəstəkləyəcəyi namizədlər siyahısı təsdiqlənməlidir. Kadr islahatının ikini dalğası isə seçkidən dərhal sonra olacaq. Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.

Mənbə deyir ki, birinci mərhələdə yalnız icra başçıları deyil, həm də iri ranqlı məmurlar postunu itirə bilər. Böyük ehtimalla "Azərenerji" ASC-nin rəhbəri Etibar Pirverdiyev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev postlarını itirəcəklər. Eyni zamanda gömrük və vergi xidmətində ciddi struktur dəyişikləri gözlənilir.

Yada salaq ki, bir qədər öncə istiqlal.az mötəbər mənbəyə əsasən xəbər yaymışdı ki, rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək.

Məlumatda bildirilirdi ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: “Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır. Ancaq bu il seçki ili olduğundan monitorinq daha ətraflı aparılıb etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Seçkiyə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir”.

Mənbə bildirirdi ki, Quba və İsmayıllı hadisələrindən sonra rayonlardan gələn şikayətlərə diqqət xeyli artırılıb: “Nazirlərin rayonlarda qəbullar keçirməsi də narazılıqların yerində öyrənilməsinə xidmət edir. Nazirlərin rayonda keçirdikləri qəbulların nəticələri də monitorinqin yekununa əlavə edilib. Bütün bunlara rəğmən bəzi rayonlar üzrə şikayətlər kəsilmək bilmir. Ona görə də onların dəyişdirilməsi ilə bağlı siyasi qərar var. Eyni narazılıqları səngitmək üçün daxili işlər və prokurorluq orqanlarına xüsusi göstəriş verilib ki, şikayətləri operativ araşdırıb, vətəndaşlara rəsmi məlumat versinlər”.

Mənbə ən çox şikayət olunan rayonların da adını açıqlamışdı:

1. İmişli – icra hakimiyyətinin başçısı Vilyam Hacıyev
2. Şirvan – icra hakimiyyətinin başçısı Mərdan Camalov
3. Goranboy – icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev
4. Laçın - icra hakimiyyətinin başçısı Akif Səlimov
5. Lənkəran - icra hakimiyyətinin başçısı Taleh Qaraşov
6. Masallı - icra hakimiyyətinin başçısı Rafil Hüseynov
7. Binəqədi – icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov
9. Oğuz - icra hakimiyyətinin başçısı Evyaz Qurbanov
10. Zaqatala – icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə
11. Ağstafa – icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev
12. Astara – icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev
13. Lerik – icra hakimiyyətinin başçısı Rövşən Bağırov

Adı çəkilən rayonlar həm korrupsiyanın, dövlət vəsaitlərinin ifrat dərəcədə mənimsənildiyi, iş adamlarının incidildiyi bölgələrdir. Bu rayonları potensial “İsmayıllı” hesab etmək olar. Mənbə onları əvəzləyəcək şəxslər barədə də maraqlı məlumat verib: “Yeni icra başçıları ənənəvi olaraq oliqarxın nümayəndələri olmayacaq. Yenilər YAP fəalları arasından seçiləcək. Eyni zamanda bu il keçiriləcək parlament seçkisində YAP-ın namizədləri siyahısına düşməyəcək şəxslərin də bir qisminin icra başçısı təyin ediləcəyi gözlənilir”.

Mənbə bu siyahının gerçək, ancaq çox məhdud olduğunu bildirir: "Siyahı daha genişdir. İcra başçılarının əksəriyyəti etimadı doğrultmayıb. Ona görə də ciddi kadr islahatları gözlənilir."

istiqlal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.