Fırıldaqçılar kimə arxayındılar

4-07-2015, 12:47           
Fırıldaqçılar kimə arxayındılar
Son zamanlar ölkəmizdə vətəndaşları aldadan tikinti şirkətlərinin sayı artmaqdadır. Bu şirkətlər vətəndaşların pulunu əlindən alaraq onları həm pulsuz, həm də mənzilsiz qoyur. Təəssüf ki, hüququnu bilməyən vətəndaşlar fırıldaqçı tikinti şirkətlərinin qurbanına çevrilirlər. Dəfələrlə tikinti şirkətlərinin fırıldaqları barədə mediada geniş yazılar getsə də, vətəndaşlar hələ də tikinti şirkətlərinə etibar etməkdə davam edirlər.

Lakin baş verənlərdən hər kəs dərs götürməyi bacarmalıdır. Təəssüf ki, insanların hüquqları pozulmaqda davam edir. Dəfələrlə şahidi olmuşuq ki, eyni mənzil bir neçə nəfərə satılıb. Saxta sənədlərlə istehlakçıları aldadıblar. Həmin işbazlar saxta müqavilələr hazırlayaraq vətəndaşların pulunu mənimsəyir, onları küçələrə salırlar.

Bundan başqa banklarda külli miqdarda pul götürüb sonradan qaytarmayan sahibkarların da sayı artmaqdadır. Bütün bunlar onu göstərir ki, bu cür işbazların arxasında hansısa məmur dayanıb. Himayədarı güclü olduğundan bu cür qanunsuz halların qarşısını almaq mümkünsüz olub. Bu şəxslərdən biri də "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənovdur. O, Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə əlaqədar həbs edilib.

Məlumata görə, C.Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Məhkəmədə həbs-qətimkan tədbiri seçilib. C.Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.

Ümumiyyətlə, ekspertlər də bildirirlər ki, bütün bunlar nəzarətsizlikdən doğur. Belə ki, Mərkəzi Bank kommersiya banklarına nəzarəti gücləndirməlidir.

Tikinti şirkətlərinin özbaşınalığına gəlincə isə bu istiqamətdə artıq uzun illərdir ki, müəyyən tədbirlər görülür, lakin aparılan tədbirlər hələ ki, dolğun nəticə verməyib. Şirkətlər vətəndaşların beyninə girərək onları yoldan çıxarmağa nail olurlar. Əllərindən pulları alandan sonra yoxa çıxırlar. Ziyan çəkmiş şəxslər də biçarə vəziyyətdə qalırlar. Çünki aparılan proseslərin heç biri qanunla həyata keçmədiyindən həlli də çətinləşir.

Əfsuslar olsun ki, yığılan pul bank vasitəsilə deyil, əldən-ələ toplanır. Alınan pullar sığortalanmır. Nəticədə belə dələduzluqlar baş verir.

MMC rəhbərlərinin arxasında müəyyən qrup məmur dayanır. Kimsə onları himayə edir. Amma bütün hallarda insanlar çalışmalıdırlar ki, aldanmasınlar.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, "RUM" Mənzil Tikinti Kooperativinin direktoru, 1952-ci il təvəllüdlü Hüseynov İmran Bünyad oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, İ. Hüseynov Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməkdə günahlandırılır.

2015-ci ilin fevralında Baş Prokurorluq İ. Hüseynovun qanunsuz əməlləri və tutulması barədə məlumat yayıb.

Bakı şəhər Baş Polis İdarəsi isə İ. Hüseynovun yenidən axtarışda olması barədə məlumat yayıb.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.