Məleykə Abbaszadəyə ittihamlar
7-07-2015, 12:43
Keçmiş təhsil naziri Misir Mərdanovun vaxtında Təhsil Nazirliyi (TN) ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yetkili şəxsləri arasında tez-tez "soyuq müharibə" düşür, tərəflər bir-birlərini qanunları pozmaqda, düzgün işləməməkdə ittiham edirdilər. Bu mübahisələr əsasən Misir Mərdanov-Məleykə Abbaszadə səviyyəsində aparılırdı. Təhsil Nazirliyinin rəhbərliyi dəyişsə də, komissiya sədri hələ də nazirliyi müəyyən məsələlərdə ittiham etməkdədir.
Komissiya sədrinin bir müddət əvvəl açıqladığı statistika nazir Mikayıl Cabbarovu çətin vəziyyətdə qoyub. Bakı məktəblərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair statistika qənaətbəxş olmayıb. 9-cu siniflər buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib. Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar. Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə "2" və "3" qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i "4" və "5" qiyməti alıblar. Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə "2" və "3" qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i "4" və "5" qiyməti alıblar. 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb. 11-ci sinif üzrə buraxılış imtahanda iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. Bəzi ekspertlər TQDK sədrinin bu statistikanı ictimaiyyətə açıqlaması, o cümlədən şagirdlərin zəif nəticə göstərməsində nazirliyi hədəf kimi göstərməsi təhsil nazirinin əleyhinə yönəlmiş addım kimi qiymətləndirir. Mütəxəssislərin fikrincə, komissiya sədri naziri gözdən salmaqla onun postuna iddiasını açıq-aşkar şəkildə ortaya qoyur. Aparılan araşdırmalar isə göstərir ki, Təhsil Nazirliyi ilə yanaşı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətində də müəyyən problemlər mövcuddur. Yadınızdadırsa, ölkə başçısı 2013-cü ildə hökumətin tərkibini müəyyən edərkən Məleykə Abbaszadənin yenidən komissiya sədri kimi təsdiqi bir qədər yubandı. Həmin vaxt bəzi mənbələr bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında gözlənilən kadr islahatları ilə əlaqələndirirdilər. Lakin sonradan kimlərinsə yardımı sayəsində komissiya sədri vəzifəsini qorumağı bacardı. Bundan başqa, bir müddət əvvəl TQDK rəhbərliyinin adı müxtəlif xoşagəlməz işlərdə, daha dəqiq desək testdən kənar qəbul məsələsində hallandırılıb. Həmçinin Milli Məclisin iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ünvanına ağır ittihamlar yağdırıb. Millət vəkilinin iddiasına görə, bəzi ali təhsil ocaqlarının yüksək fakültələrinə qəbul olmağın qiyməti 100-150 min manatdır: "İldə 700-800 əlavə tələbə qəbulundan alınan pulların miqdarı milyonlarla hesablanır. Tələbə qəbulunda rüşvətxorluğa son qoymaq üçün TQDK-da ciddi islahatlar aparılmalıdır". TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə millət vəkilinin cəfəngiyat danışdığını deyib: "Ölkə ictimaiyyəti TQDK-nın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının tam şəffaf şəkildə keçirildiyini, bu prosesdə yeganə meyarın bilik olduğunu yaxşı bilir. Buna görə də deyilən həmin fikirlərin heç bir əsası yoxdur, tamamilə cəfəngiyatdır". Məleykə Abbaszadə ilə bağlı daha bir ittihamı hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov səsləndirib. O bəzi vəzifəli şəxsləri, o cümlədən TQDK sədri Məleykə Abbaszadəni məhkəmə prosesində iştirak etməyə çağırıb. Sabiq nazir komissiya sədrini qanunsuz yolla tələbə qəbulunda günahlandırıb. TQDK rəhbəri isə Əli İnsanovun ittihamlarına belə cavab verib: "Bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olur. Bu məsələ ilə əlaqədar o vaxtlar TQDK-ya nə qədər sorğu daxil olmuşdusa, biz hamısını cavablandırmışıq. Mənə elə gəlir ki, bu, hüquq-mühafizə orqanlarının işidir. Hüquq-mühafizə orqanları özü bütün məsələlərə aydınlıq gətirməlidir". Son vaxtlar yayılan söz-söhbətlərə görə, ali təhsil ocaqlarına testdənkənar qəbul olmalarda komissiya sədrinin rolu var və qəbul imtahanlarında aşağı bal toplamış şəxslər məhz TQDK sədrinin köməyi sayəsində tələbə adını qazanırlar. Bu söz-söhbətlərin doğru, yaxud yalan olmasını dəqiq deyə bilmərik. Hər bir halda, müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı barədə belə ittihamlar səsləndirilirsə, mütləq araşdırma aparılmalıdır. Yalnız bu zaman kimin haqlı kimin haqsız olduğu üzə çıxa bilər.
Deyilənə görə, qəbul imtahanları zamanı ayrı-ayrı fənlər üzrə test suallarını tərtib edən müəllimlərdən bir neçəsi həm də repetitorluq fəaliyyəti ilə məşğul olurlar. Həmin müəllimlərin yanına gedən abituriyentlərə qəbul zamanı suallar çox tanış gəlir və əksəriyyətinə doğru cavab verirlər. Görəsən, bunun sirri nədədir? Bu barədə növbəti saylarımızda ətraflı məlumat verəcəyik. Bizi izləyin.\\gundelik-baku.com\\