Satınalmalar üzrə Dövlət Agentliyinə qarşıkorrupsiya ittihamı - Milyonlar yeyilir

8-07-2015, 23:12           
Satınalmalar üzrə Dövlət Agentliyinə qarşıkorrupsiya ittihamı - Milyonlar yeyilir
Satınalmalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi məlumatlarda mütəmadi olaraq dövlət satınalmalarında korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsi məqsədilə görülən tədbirlərdən danışılır. Ümumilikdə 2014-cü il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 9549 satınalma həyata keçirildiyi bildirilir. Təqdim olunan yekun protokollarına əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 1304092.9 min manat təşkil edib.Satınalma predmetinin ehtimal olunan qiyməti isə 1363542.76 min manata çatıb.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 8298 müsabiqə keçirilib. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1263601.57 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti isə 1212060.78 min manat məbləğində müəyyənləşdirilib. Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 4440 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti isə 724386.48 min manat təşkil edib. Bakı şəhəri daxil olmaqla respublikanın şəhər və rayonlarının təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 3858 satınalma müsabiqəsində tender predmetinin ehtimal olunan məbləği 507605.59 min manatı keçib. SDA-nın təqdim etdiyi bu rəqəmlərin arxasında külli miqdarda dövlət vəsaiti durur. Agentliyin hesabatlarında kifayət qədər dövlət vəsaitinə qənaət edilməsindən danışılsa da, əsas məsələ-tender müsabiqələrinə buraxılan şirkətlərin ixtisas uyğunluğu və aidiyyatı sahə üzrə kifayət qədər təcrübənin vacibliyi kimi şərtlərə əməl edilmədiyi aşkar surətdə görünməkdədir. Bu barədə qeyri-rəsmi mənbələrdən istənilən qədər təsdiqedici məlumatlar toplamaq mümkündür. Halbuki, tender müsabiqələrinin gedişində iddiaçıları narazı salmamaq, haqsız rəqabətə yol verməmək Satınalmalar üzrə Dövlət Agentliyinin qarşısında qoyulmuş əsas vəzifələrdəndir. Qeyd edək ki, tender müsabiqəsində iştirak etmək istəyən iddiaçıların qarşısına qanunla müəyyən şərtlər də qoyulur. İddiaçılar ölkədə vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış təqdim etməlidir.Bundan əlavə iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti və eyni zamanda son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı da tender komissiyasına təqdim edilir. Tender komissiyası həmçinin iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədləri də nəzərdən keçirir. Müəyyən sənədlər son 1 ili deyil, son 3 ili əhatə etməlidir. Bəzi bəndlər üzrə isə iddiaçı tərəf təkcə vergi orqanından deyil, sosial müdafiə orqanından da müvafiq sənədləri təqdim etməlidir. Bütün bu prosedur halları əlbəttə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, son bir neçə ildə tender müqavilələrinin bağlanmasında, müvafiq sənədləşmələrin aparılmasında ciddi pozuntulara yol verilib. Ölkədə sosial obyektlərin təmir-tikinti işlərinin əsas sifarişçisi olan dövlət təşkilatlarının nümayəndələri ilə tender komissiyaları arasında sanki bir anlaşma mövcuddur. Bu anlaşma qanunda nəzərdə tutulmuş bəzi tələblərdən vaz keçməyə əsas verirmi? Müşahidələr göstərir ki, bir çox hallarda tender komissiyaları eyni şəxs tərəfindən yaradılmış, vergi orqanında təzəcə qeydiyyatdan keçmiş şirkətlərlə geniş əməkdaşlıq edir. Belə əməkdaşlığın kökündə hansı maraqlar dayana bilər? Bu sualın cavabını yəqin ki, Satınalmalar üzrə Dövlət Agentliyinin səlahiyyətliləri daha yaxşı bilir. Diqqətçəkən bir məqam da ondan ibarətdir ki, müvafiq təcrübəsi olmayan, təsadüfi bir şəxsin adına qeydiyyatdan keçirilmiş şirkətlər tender biznesinə daha tez yol tapır. belə şirkətlərin arxasından bir qayda olaraq yüksək vəzifəli məmurlar çıxır. Söylədiklərimizin təsdiqi kimi "Dalğa-AA" məhdud məsuliyyətli cəmiyyətini misal çəkmək olar. Bu şirkətin üzərində seçim etməyimizin izahı çox sadədir. Belə ki,heç bir uyğun təcrübəyə malik olmayan "Dalğa-AA" 2015-ci ilin hesabatlarına görə birdən-birə bir neçə milyon manat vəsaitə "qonaq edilib". Məlumat üçün bildirək ki, "Dalğa-AA" məhdud məsuliyyətli cəmiyyəti 28 oktyabr 2014-cü ildə vergi qeydiyyatından keçib. Nizamnamə kapitalı 10 manat olan, Bakının Nəsimi rayonunda qeydiyyata salınmış bu MMC-nin Astara,Masallı,Qobustan,Qəbələ, İsmayıllı rayonlarının səhiyyə, təhsil və mədəniyyət obyektlərini, habelə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin regional idarələrini əhatə edən 50-dən artıq tender müsabiqəsində qalib çıxmasının səbəbləri nə ilə bağlıdır? Əldə etdiyimiz məlumata görə, "Dalğa-AA"MMC-nin arxasında SDA ilə sıx işbirliyi qurmağa müvəffəq olmuş nüfuzlu məmurlardan biri dayanır. Bu səbəbdən də 10 manatlıq nizamnamə kapitalı ilə tender yarışmalarına asanlıqla qatılan, heç bir il də fəaliyyəti olmayan tamamilə təcrübəsiz bir şirkətin birdən-birə üst-üstə 3000000 manata yaxın məbləğə iddialı olması faktını araşdırmağa heç kəsin iradəsi çatmır.

Belə çıxır ki, tender satınalmalarında heç bir gərəkli təcrübəsi olmayan "Dalğa-AA" MMC heç vaxt məşğul olmadığı xidmət və işləri aşırmalı olacaq. Ərzaq məhsullarının, suvarma sistemləri idarəsinin texnikalarına və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınması, xəstəxanalara texniki vasitələr, təmir və abadlıq işləri, təhsil və mədəniyyət obyektləri üçün müxtəlif təyinatlı inventarlar əldə edilməsi və bu kimi digər satınalmalarda çoxprofilli xidmətlərin göstərilməsi üçün "Dalğa-AA" şirkətinə ən azı 30-50 nəfərlik işçi qüvvəsi lazım olacaq. Elə isə buyurub baxın, görək, şirkətin hesabatlarında neçə işçiyə malik olduğu qeyd edilir?

Qanuna görə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, iş təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması əsas götürülür. Bu zaman tenderdə iştirak edən şirkətlərin və bu şirkətləri idarə edənlərin peşəkar fəaliyyətləri də diqqətə alınır. İddiaçılara ayrı-seçkiliyin tətbiqini istisna edən mühitin təmin olunması isə ən vacib tender şərtlərindəndir."Dalğa-AA"nın timsalında yol verilən pozuntular təəssüf ki, yeganə hal deyil. İlkin hesablamalara görə keçirilən müsabiqələr zamanı qalib kimi qəbul edilən qeyri-adekvat şirkətlərin payı orta hesabla 30-40 faiz təşkil edir ki, bu da SDA-nın normal rəqabət barədə yer alan rəsmi məlumatlarını alt-üst edir.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.