Dövlət Aqrar Universitetində biliklər pulla necə ölçülür? MÜDHİŞ İDDİALAR

9-07-2015, 16:15           
Dövlət Aqrar Universitetində biliklər pulla necə ölçülür? MÜDHİŞ İDDİALAR
Rektor İbrahim Cəfərov öz gücünə qiymət almaq istəyənlərin əziyyətini yerə vurur

Nə qədər qəribə səslənsə də, bəzi ali təhsil müəssisələrində tələbələrin biliyinə yox, daha çox maddi vəziyyətinə qiymət verirlər. Başqa sözlə desək, hansısa tələbə semestr ərzində dərslərinə ciddi çalışıb, imtahanlarda özü qiymət almaq istəyirsə, universitet rəhbərliyi tərəfindən onun çəkdiyi bütün əziyyət yerə vurulur. Belə ki, həmin tələbə dekana, kafedra müdirinə, yaxud rektora yaxın olan digər şəxslərə "görüm-baxım" etmirsə, lap Aristotel səviyyəsində biliyi olsa da, mütləq imtahandan kəsilməlidir.

Başqa cür də ola bilməz. Çünki hazırda bir sıra ali məktəblərdə tətbiq edilən "təcrübə" belə deməyə əsas verir. Gəncə şəhərində yerləşən Dövlət Aqrar Universiteti ilə bağlı da dəfələrlə mənfi səpkili xəbərlər eşitmişik. İbrahim Cəfərov rektor vəzifəsinə keçdikdən sonra təhsil müəssisəsindəki özbaşınalıqlar haqqında mətbuatda yazılan tənqidlər artıb.

Qısaca qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) struktur bölmə kimi tədris-təcrübə təsərrüfatı, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, informasiya texnologiyaları və innovasiya, beynəlxalq əlaqələr, qiyabi təhsil, təcrübə və işədüzəltmə şöbələri, arxiv, elm, təhsil və cümhuriyyət muzeyi, 2 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil mərkəzləri, kitabxana, mətbəə və "Aqrar mütəxəssis" qəzetinin redaksiyası, 7 fakültə (aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, elektroenergetika və informasiya texnologiyaları, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə) və 30 kafedra fəaliyyət göstərir. Mötəbər qaynaqlardan aldığımız informasiyaya görə, rektorun müəyyənləşdirdiyi bəzi "qaydalar" universitetdə narazılıq hallarının artmasına gətirib çıxarıb. Mənbənin sözlərinə görə, kifayət qədər qədim tarixi olan ali məktəbdə keyfiyyətli təhsil sistemindən əsər-əlamət belə qalmayıb: "Rektor universitetdə nizam-intizamın təşkilinə, müəllim-tələbə münasibətinin normal səviyyədə qurulmasına və tədris prosesinin lazımi qaydada təşkil edilməsinə ciddi əhəmiyyət vermir. Universitetdə mövcud olan problemlərin arasında tələbələrin hansısa razılaşmaların qarşılığında tədrisdən yayınmasını, dərsə davamiyyətin aşağı olmasını və ştatdan kənar işçilərin saxlanmasını göstərmək olar. Təbii ki, hərtərəfli araşdırma aparıb bu tip qanun pozuntularını aşkara çıxarmaq mümkündür. Dövlət Aqrar Universitetində tələbələrin bir hissəsi ənənəvi qayda, yəni fakültə dekanları ilə əldə etdikləri anlaşma əsasında semestr boyu dərsə gəlmirlər. Müəllimlər dekanlardan aldıqları göstəriş əsasında "aylığa", hətta "illiyə" buraxılan tələbələrə jurnalda qayıb yazmırlar. Bununla da universitet rəhbərliyinin tutduğu qeyri-qanuni əməli ört-basdır etməyə müvəffəq olurlar. Dərsdən yayınma prosesinin kütləvi hal alması universitetdə tədrisin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Tələbələr illərini burda boş-boşuna keçirirlər. Universitetin rəhbəri və digər səlahiyyətli şəxslər təhsilin inkişaf etməsi üçün can yandırmırlar. Rektoru təhsildən çox başqa məsələlər maraqlandırır. Ki, həmin niyyətini bəzi özünə yaxın şəxslərin vasitəsilə rahatlıqla həyata keçirir. Tədris işləri üzrə prorektor Anar Hətəmov İbrahim Cəfərovun ən yaxın adamı hesab edilir. Rektor bir sıra işlərini prorektorun yardımı ilə yoluna qoyur". Bizə verilən başqa bir məlumata əsasən, Dövlət Aqrar Universitetində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına geniş yer verilir. Bunun nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan vurulur. Həmçinin o da bildirilir ki, rektor universitetdə bəzi maraqlarını reallaşdırmağa çalışır: "Onun qazanc mənbəyindən biri də təhsil ocağında işləyən müəllimlərin adına yazdırılan sanatoriya "putovka"larının satdırılmasıdır. Göndərişlər isə Həmkarlar Təşkilatlarının əli ilə satılır". Gələn saylarımızda İ.Cəfərovun eks-spiker Rəsul Quliyevlə əlaqələri, Aqrar Universitetdə çalışan bəzi müəllimlərin diplomunun şübhəli olması və prorektor Anar Hətəmovun törətdiyi qanunsuz əməllərlə bağlı maraqlı faktları açıqlayacağıq.

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik. /Gundelik-Baku/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.