1 saylı Sumqayıt şəhər xəstəxanasında nələr baş verir - Korrupsiya və rüşvət

10-07-2015, 10:42           
1 saylı Sumqayıt şəhər xəstəxanasında nələr baş verir - Korrupsiya və rüşvət
Səhiyyə sahəsində aparılan islahatlar hələ də nəticəsini vermir. Səhiyyənin durumu o qədər bərbad vəziyyətdədir ki, vətəndaşların bu sahəyə etibarı qalmayıb. Çünki tibb o qədər geriləyir ki, adi xəstəlikləri belə müalicə edə bilmirlər. Əksinə xəstəliyi elə müalicə edirlər ki, xəstənin vəziyyətini daha da pisləşdirirlər. O baxımdan da xəstələrin çoxu xarici ölkələrə yollanırlar.

Xarici ölkəyə getmək isə hər adamın imkanına uyğun deyil. Həkim müayinəsindən keçmək müşkül məsələyə çevrilib. Belə tibb ocaqlarından biri də 1 saylı Sumqayıt şəhər xəstəxanasıdır. Sözügedən xəstəxananın fəaliyyətiylə bağlı daim şikayətlər qəbul edirik. Əldə etdiyimiz məlumata görə, sözügedən səhiyyə müəssisəsində bir sıra qanundankənar hallar baş verir.

Etibarlı mənbələrin verdiyi məlumata görə, 1 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyev işinin öhdəsindən kifayət qədər gələ bilmir. Baş həkim vaxtlı-vaxtında iş başında olmur. Baş həkimin işinə qarşı məsuliyyətsizliyi xəstəxana işçilərini arxayın salıb. Kim nə vaxt istədi onda da işə gəlir. Bu da xəstələrin işini çətinləşdirir. Xəstələr saatlarla həkim gözləməli olurlar.

Ona görə də sadə vətəndaşlar bundan əziyyət çəkirlər. Bundan başqa adını çəkdiyimiz səhiyyə ocağında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi olduqca aşağıdır. Xəstələrə səhv diaqnoz qoyaraq yanlış müalicə aparırlar. Vətəndaşların sağlamlığına balta çalırlar. Bizə verilən məlumata görə, 1 saylı Sumqayıt şəhər xəstəxanasındakı hazırki vəziyyət hər kəsi narazı salıb. Xəstələr həkimlərə görüm-baxım edəndə sanki həkimlərin gözünə işıq gəlir. Kim ki, həkimə hörmət etmirsə, həmin xəstəyə qarşı biganə münasibət sərgiləyirlər. Xəstənin səhhəti həkimlərin vecinə olmur.

Bizə verilən məlumata görə, Nazim Hüseynquliyevin rəhbərlik etdiyi tibb müəssisəsində vətəndaşların müalicəsi üçün nəzərdə tutulan tibbi preparatlar xəstələrə pulla satılır. Əldə etdiyimiz məlumata görə Sumqayıt səhiyyəsinə ayrılan pullar lazımi yerlərə xərclənmir.

Bildiyiniz kimi, 2008-ci ildən etibarən dövlət büdcəsindən maliyyələşən bütün səhiyyə ocaqlarında pulsuz tibbi xidmət tətbiq olunur. Bu gün xəstəxanaların bir hissəsi qanuna əməl etsə də, hələ də dövlət xəstəxanalarında tibbi xidmətin pulsuz olduğunu israrla qəbul etməyən səhiyyə ocaqları da var. Onlardan biri də 1 saylı Sumqayıt şəhər xəstəxanasıdır.

Verilən məlumata görə, burada 10 qəpiklik şprisi də xəstəyə aldırırlar. Deyəndə ki, hər şey pulsuz olmalıdır, xəstələrə elə sifət göstərirlər ki, gəl görəsən.

Hesab edirik ki, Səhiyyə Nazirliyinin müvafiq şəxsləri sözügedən xəstəxanada baş verənlərlə bağlı təcili olaraq araşdırmalara başlamalı, baş həkimin qanundankənar davranışları yoxlanmalıdır. Ümid edirik ki, nazirlik rəsmiləri yazdıqlarımıza biganəlik göstərməyib lazımi addımları atacaqlar.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.