Nəcməddin Sadıqovun oğlunun sevgilisinin badına gedən polisin haqqlarını kim qoruyacaq?

11-07-2015, 11:28           
Nəcməddin Sadıqovun oğlunun sevgilisinin badına gedən polisin haqqlarını kim qoruyacaq?
Azərbaycanda daha bir məmurun oğlu ilə bağlı ilginc məqam ortaya çıxıb. GUNDEMİNFO.AZ qeyd edir ki, bu gün ölkənin yerli mətbuatında, sosial şəbəkələrdə Müdafiə Nazirliyinin qərargah rəisi Nəcməddin Sadıqovun oğlu Məmməd Sadıqovun yol polisi Cavanşir Qasımovu təhqir etməsi müzakirə olunur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədov ilk öncə baş verən olay haqda danışsa da, sonradan mətbuata ümumiyyətlə işini itirən Cavanşir Qasımovu tanımadığını dedi.

İşdən çıxarılan yol polisi əməkdaşı iddia edir ki, o gecə saatlarında sərxoş sürücülərlə bağlı reyd keçirən zaman Mərdəkan-Buzovna yolunda 10 NP 020 dövlət nömrə nişanlı «Range-Rover» markalı avtomobili saxlayıb. Və dərhal da həmin avtomobilin sürücüsü yol polisi əməkdaşını təhqir edib. Onu aşağılayıb. Bundan sonra isə sürücü yoluna davam edib. Səhər işə gələndə Cavanşir Qasımova rəhbərlik tərəfindən irad bildirilib və bununla da ona «məsləhət» görülüb ki, təqaüdə çıxmaq haqda ərizə yazsın.

Nəcməddin Sadıqov vəzifəsini itirə bilərmi?

Bu olay ölkə mətbuatında birmənalı qarşılanmayyıb. Bir neçə gün əvvəl də analoji hal baş vermiş və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovu saxlayan Şamaxı Rayon Dövlət Yol Polisinin rəisi Mübariz Fətəliyev işdən çıxarıldı.

Lakin Nəcməddin Sadıqovun oğlu ilə bağlı olay kifayət qədər mühimdir. Dövlət başçısı cənab İlham Əliyev məmurların və onların övladlarının harınlığı ilə bağlı çox sərt danışmışdı. Prezident məmurlara xəbərdarlıq edərək dəbdəbəli həyat tərzindən çəkinmələrini, övladlarının harınlıqlarını durdurmalarını tələb etmişdi.

Dövlət başçısının həmin çıxışını təqdim edirik:

Bundan sonra ölkədə belə harın məmur övladları ilə bağlı sərt tədbirlər görülməyə başladı. İnsafən deyək ki, Dövlət Yol Polisi sosial şəbəkələrdə, mətbuatda yayılan istənilən harın məmur balası ilə bağlı görüntüyə reaksiya verirdi. Çox operativliklə avtomobillər cərimə meydançasına salınır, sürücüləri cəzalandırılır, onların ataları ilə işlərindən uzaqlaşdırılırdılar.
Azərbaycan Respublikasının müdafiə naziri Cənab Zakir Həsənov bu vəzifəyə təyin ediləndən sözün əsl mənasında böyük işlər görülüb. Obyektivlik naminə ordu quruculuğu sahəsində görülən işlər, əsgərlərə göstərilən qayğı kifayət qədər yüksəlib. Amma Nəcməddin Sadıqov Zakir Həsənovun deyil, böyük əksəriyyətin də narazı olduğu keçmiş nazir Səfər Əbiyevin dövründən bəri vəzifəsindədir.

Cənab prezidentin bəlli çıxışından sonra sonuncu dəfə Zərdab rayon icra hakimiyyətinin başçısı Allahverdi Səfərov oğlunun avtoxuliqanlığına görə tutduğu vəzifəsindən uzaqlaşdırıldı. Özü də birbaşa ən yüksək səviyyədə dövlət rəsmilərinin müdaxiləsi ilə…

İndi Vaqif Əsədovdan tutmuş Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsinin rəisi general Ramiz Zeynalova qədər, yol polisindəki polkovnikdən generala qədər hər kəs susur. Axı bu dəfə Nəcməddin Sadıqovun oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentində rəis müavinidir…

Hər halda yol polisi işdən çıxarılan yol polisinin dediklərini çox asanlıqla sübut edə bilər. 10 NP 020 dövlət nömrə nişanlı «Range Rover» markalı avtomobil həmin saatda, həmin yoldan keçibmi? Və hər halda bu məqamları təhlükəsizlik kameralarından da myəyyən etmək olardı. Bütün sosial şəbəkə, yerli mətbuat dövlət başçısı, Cənab İlham Əliyevin İtaliyadan işgüzar səfərdən dönərək bu olaya müdaxilə edəcəyini, ədalətin ortaya çıxacağını gözləyir…

Hər halda dövlət başçısı, Cənab Prezident hər zaman belə hallarla bağlı ədalətli qərar verib. Hətta yol polisi əməkdaşı haqlı deyilsə belə, Azərbaycan ordusunda nizam-intizama cavabdeh bir məmurun oğlunun etdikləri cəmiyyətdə birmənalı qarşılanmır...

Axı bunlar Azərbaycan polisidir. Onlar Azərbaycan dövlətinin bütün vətəndaşlarının təhlükəsizliyinə, həyatlarına məsuliyyət daşıyır və bu məsuliyyəti layiqincə yerinə yetirə bilirlər.

Son bir həftədə biz Sabunçu rayonunda polis çavuşu Zaur Nurəliyevin böyük şücaətinə şahid olduq. Əsl Azərbaycan polisinin adını ucaldan Z.Nurəliyev dənizdə batan iki şəxsi xilas edərkən canını qurban verdi bu ölkənin vətəndaşı üçün…


İndi bütün dünya Azərbaycan polisinin bu ilin may ayının 19-da Binəqədidə yanan binadan körpə uşağı xilas edən BİZİM POLİSDƏN danışarkən niyə bu dəfə …

Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik Baş İdarəsinin əməkdaşı Emin Abışovun bu fotosu bütün dünya mediasında yayıldı. Azərbaycan polisinin qəhrəmanlığı, şücaəti, öz vətəndaşına qarşı fədakarlığı hər kəsi heyran etdi. Amma indi Azərbaycanda bir qocaman polis işçisi bu məmur oğlundan həm təhqir, həm də öz rəislərindən «işdən çıx» sözlərini eşidir, əzilir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.