Fətullahçıların “Ceyhun Osmanlı” planı İLGİNC

13-07-2015, 13:23           
Fətullahçıların “Ceyhun Osmanlı” planı İLGİNC
Son günlər Fətullah Gülənin Azərbaycandakı emissarları aktivləşiblər. Belə ki, bir il öncəsinə qədər dostları ilə ancaq Facebook hesabının inboxunda danışan Ceyhun Osmanlı və Elnur Aslanov yenidən aktivləşiblər.

teref.az xəbər verir ki, Yenicag.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, fətullahçı gəncləri bir arada tutan imamlar payızda keçiriləcək seçkilər üçün start veriblər: "Hazırda Ceyhun Osmanlının yenidən gündəmə gəlməsinə çalışırlar. Onun "yuxarılar” tərəfindən bağışlanıldığı və yenidən millət vəkili olacağına dair şaiyələr yayırlar. Neçə vaxtdan bəri susan deputatın Avropa Oyunları zamanı aktivləşməsi də bundan xəbər verir. Hətta bağışlanmasını elan edərək, qonaqlıq verdiyini söyləyənlər də az deyil. Camaat Ceyhun Osmanlı kartını irəli sürməklə maraqlı bir gediş edir. Belə ki, C.Osmanlının yenidən seçilməsinə çalışmaqla bərabər diqqəti digər namizədlərindən yayındırmaq istəyir. Yəni, bütün diqqət C.Osmanlının üzərində olacağından digər namizədlər rahat şəkildə təbliğatlarını aparacaqlar”.

Osmanlının yenidən telekanala çıxmasında isə İstanbuldakı dostlarının rolunun olduğu bildirilir. Belə ki, İstanbuldakı dostları həmin telekanalla isti münasibətləri olan "Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun vasitəsi ilə çıxmasını təmin ediblər.

Məhz M.Mənsimovun xahişindən sonra telekanala çıxa bilən C.Osmanlının xarici mətbuatda yazılarının dərci üçün də fətullahçı abiləri yardımçı olublar. Belə ki, Azərbaycan əleyhinə "The Guardian”, "Washington Post”, "Hürriyyət” kimi qəzetlərdə yazıların dərc olunmasına "yaşıl işıq” yandıranlar Osmanlının bu yazıları ilə həm müridlərinə dəstək vermək, həm də Azərbaycan iqtidarına qarşı güclərini göstərmək istəyiblər.

Osmanlıya dəstək verən "kasset”li məmurlar da az deyil.

Məlumatda qeyd olunur ki, aktivləşən təkcə Ceyhun Osmanlı deyil. Gülənin fəxri sədri olduğu Gazeteciler ve Yazarlar Vəqfinin jurnalı olan "Dialoq Avrasiya”nın Azərbaycan təmsilçisi Mustafa Saatçı da son aylarda gərgin çalışır. Gizli görüşlərə start verən Saatçı Ənvər Özərənin media üzrə təmsilçisidir. Heç bir fəaliyyəti olmadığı, hətta rəhbəri olduğu qurumun saytı iki ildən bəri yenilənmədiyi halda Mustafa Saatçı Azərbaycanda rahat şəkildə yaşamaqdadır. Xarici vətəndaşlar rəsmi fəaliyyət olduğu halda min bir bürokratik əngəllə üzləşsələr də, ölkədə bu şəxsə "sənin nə işin var” deyə soruşan yoxdur. Təbii ki, M.Saatçının "mən Azərbaycanda istənilən məmurun qapısını təpiklə açıram” sözləri bu məqamda aktuallıq qazanır.

Xatırladaq ki, Ənvər Özərəndən sonra Camaatın əsas adamları arasında Qafqaz Universitetinin rektoru Ahmed Sanıcın adı çəkilir. ABŞ-ın Azərbaycandakı əsas beyin mərkəzlərindən olan QU da bu prossesdə aktiv çalışmaqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.