Masallı camaatının çibini “Ozon” klinikasında belə soyur

13-07-2015, 15:34           
Masallı camaatının çibini “Ozon” klinikasında belə soyur
Masallı rayon Mərkəzi Xəstəxanasına üz tutan xəstələri rayonun mərkəzində yerləşən “Ozon” klinikasına yönəldirlər. Rayon Mərkəzi Xəstəxanasının əksər həkimləri paralel olaraq “Ozon” klinikasında fəaliyyət göstərir və Mərkəzi Xəstəxanada pulsuz müayinə və müalicə olmalı olan xəstələri “Ozon”da qəbul edirlər.

Bununla bağlı informasiya Editor.az-a rayondakı mənbələrdən daxil olub.

Mənbənin sözlərinə görə, bütün bu işlərin başında rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov dayanır və O, xəstəxanın bütün həkimlərinə bununla bağlı qəti göstəriş verib:

“Masallı rayon Mərkəzi Xəstəxanası bazar qanunları ilə idarə olunur. Burada ən adi müayinəyə görə, xəstələrdən pul alınır. Özü də xəstənin sosial vəziyyəti qətiyyən nəzərə alınmır. Rüşvət verməyə pulunun olmadığını deyən xəstələrə “qapını” göstərirlər. “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun yaxın qohumu olan baş həkim Cəlil Nəzərov əvvəllər bütün bu “qara işləri” Mərkəzi Xəstəxanada aparsa da, haqqında edilən çoxsaylı şikayətlərdən sonra yeni üsul tapıb. Belə ki, baş həkim rayon Mərkəzi Xəstəxanasına üz tutan, qanunla pulsuz müayinə və müalicə olmalı olan xəstələri rayonun mərkəzində fəaliyyət göstərən “Ozon” klinikasına yönəldir. Rayon Mərkəzi Xəstəxanasının əksər həkimləri paralel olaraq baş həkimin Hacı adlı dostuna məxsus klinikada çalışır. Cəlil Nəzərovun tapşığırı ilə Mərkəzi Xəstəxanaya üz tutan xəstələr “Ozon” klinikasına yönəldilir. Əldə olunan gəlirin bir hissəsi Cəlil Nəzərova çatır”.

Qaynağımız bildirir ki, “Ozon” klinikasına qiymətlər çox bahadır:

“Adi doğuşa görə, burada xəstələrdən 300-400 manat pul alınır. Yox əgər, doğuşa hazır ana qeysəriyyə əməliyyatı olunursa, bu zaman rəqəm 800 manata qədər artır. Faktiki olaraq rayon Mərkəzi Xəstəxanasında heç bir xəstəni qəbul etmirlər. Ultrasəs müayinəsi (UZİ), ürək, ağciyər müayinəsi və digər müayinələr rayonda yalnız “Ozon” klinikasında aparılır”.

Editor.az məsələyə Səhiyyə Nazirliyinin münasibətini öyrənmək istəsə də, nazirliyin sözçüsü Liya Bayramova ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı.

Gün ərzində məsələyə Səhiyyə Nazirliyinin münasibətini öyrənməyə çalışacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.