Büdcədən 8 milyon oğurlayan Qüdrət Şükürov kimdir?

14-07-2015, 10:59           

Vergilər Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakılift-təmir” İstehsalat Birliyində yoxlamaları yekunlaşdırması, “Bakılift-təmir”ə tabe olan 3 böyük idarənin - “Baklift-1", ”Bakılift-2", “Bakılift-3" ixtisaslaşdırılmış istehsalat idarələrinin rəislərinin qandallanaraq, həbs edilməsi haqda xəbər vermişdik.

Həftə sonu yenidən “Bakılift-təmir”lə əlaqə saxlayıb həbslərlə bağlı verdiyimiz sorğuya cavab almağa çalışdıq. Lakin yenə də katibə xanım “rəis işdə yoxdur” deyib, dəstəyi asmaqla işini bitmiş saydı. Hərçənd ki, söhbət böyük büdcə oğurluqlarından gedir. Qüdrət Şükürov etdiyi əməllərə dair mediaya cavab vermək yerinə, katibəsinin arxasında gizlənir.

Yada salaq ki, Vergilər Nazirliyi “Bakılift-təmir”də uzun müddət yoxlamalar aparıb, nəticədə, əvvəllər də məlumat verdiyimiz kimi, ciddi vergi pozuntularının və yeyintilərin olması üzə çıxıb 3 rəis həbs edilib. Daha doğrusu qurban verilib. Hər kəsə bəllidir ki, yuxarıların icazəsi olmasa, aşağılar büdcə vəsaitinə əl uzada bilməzlər.

“Bakılift-təmir”də də belə olub. Orada böyük yeyintilərin olması 1-ci Avropa Oyunlarından əvvəl də müəyyən olunmuşdu. Məlum olmuşdu ki, “Bakılift-təmir”in baş direktoru Qüdrət Şükürovun sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var. Bu ilin fevralında “Yeni Müsavat” bu haqda “Vəzifəli məmurumuz sürücüsünə 5 milyona mənzil aldı - sensasiya” sərlövhəli yazı dərc etmişdi.

Həmin yazıda qeyd olunurdu ki, Q.Şükürovun sürücüsünün “adına” Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində dəyəri 5 milyon manat olan mənzil var! İzahat üçün deyək ki, həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Vergilər Nazirliyinin hər il açıqladığı büdcəyə borclu təşkilatların siyahısında “Bakılift-təmir”in də adı var. Aldığımız məlumata görə, “Bakılift-təmir”in rəsmən 8 milyon manat vergi borcu var idi. Görəsən həmin borcun 5 milyonu Q.Şükürovun sürücüsünün “adına” alınan əmlaka xərclənməyib ki?

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.