Hansı başçılar “haqq” qoyur, “krışalıq” edir? – Özəl SİYAHI

14-07-2015, 14:40           

Prezidentin son çıxışından sonra bəzi icra hakimiyyətləri vəlvələyə düşüb. Onların sahibkarlara divan tutması və bu faktların ictimailəşməsi icra başçılarını təşvişə salıb.

TİA.AZ-ın əldə etdiyi məlumata görə, bir neçə başçı ilə bağlı Prezidentə ciddi siqnallar çatıb. Əldə etdiyimiz bu özəl siyahıda Füzuli rayon icra başçısı Alı Alıyev, Beyləqan şefi Vaqif Abdullayev, Ağcabədinin rəhbəri Şahin Məmmədov, Xocavəndin icra hakimi Eyvaz Hüseynov, Saatlı icra hakimi Siracəddin Cabbarov yer alıb.
Onlar mətbuatda iş adamlarına təzyiq göstərmək, onlardan xərac toplamaq, obyektlərinə əl qoymaq, bizneslərini yağmalamaqda ad çıxarıb. Eyni zamanda sahibkarların ən çox şikayət etdiyi icra hakimiyyətləri bu rayonlardır və hüquq-mühafizə orqanlarına, ölkə başçısına adıçəkilən RİH-dən narazılıqlar daxil olub.
Məlumatda bildirilir ki, sözügedən icra başçıları barəsində Prezident Administrasiyasında dosye hazırlanıb, təftiş aparılır, “haqq” qoyan rəhbərlərin əməli araşdırılır. Mənbə iddia edir ki, Ucar, Şamaxı, Qax və Balakən rayonlarının icra başçılarından da şikayətlər az deyil. PA səviyyəsində bu məsələlərin analizinə başlandığı bildirilir. Dövlət başçısının son xəbərdarlığından sonra bəzi icra hakimiyyətlərində dəyişikliklər də istisna edilmir.
Qeyd edək ki, Nazirlər Kabinetinin keçirilən son toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib:
"Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti, əfsuslar olsun ki, formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq.
Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.
Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri "haqq" qoyurlar, pay istəyirlər, "krışalıq” edirlər... Buna son qoyulmalıdır, yığışdırılmalıdır!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.