"KapitalBank"ın filialında vətəndaşlara necə torba tikirlər... - Fırıldaq ittihamı...

14-07-2015, 22:20           
"KapitalBank"ın filialında vətəndaşlara necə torba tikirlər... - Fırıldaq ittihamı...
Neftçala rayonunda 20-dən çox şəxs rayon sakini Quliyev Rövşən Poladxan oğlunun qurbanına çevrilib. Baş verənlərlə əlaqədar məlum olub ki, vətəndaşlara külli miqdarda zərər vuran şəxs əvvəllər Dövlət Statistika Komitəsinin Neftçala filalının baş məsləhətçisi vəzifəsində, sonradan isə şəhər icra nümayəndəliyində çalışıb. Əməllərini ört-basdır etmək üçün hazırda rayonu və işini tərk edib. İndi onun yerini bilən, "gördüm" deyən də yoxdur. Yaxınları deyir ki, guya Türkiyədə istirahətdədir.

Zərərçəkənlər isə dərdlərini demək üçün hara, kimə və necə müraciət edəcəklərini bilmir. İşin ilginc tərəfi aldadılan şəxslərin əksəriyyətinin ali təhsilli olmağı, məsul vəzifədə çalışmağıdır.

Onlardan biri Dövlət Statistika Komitəsinin Neftçala filialının baş mühasibi, pensiya yaşına çatan Nağıyeva Kifayət Mircavad qızıdır. İnfom.az-ın əməkdaşı ilə söhbətində Kifayət xanım bildirib ki, o, Rövşən Quliyevə oğlu qədər hörmətlə yanaşıb. Rövşən də bu münasibətdən və etibardan sui-istifadə edərək K.Nağıyevanı aldadıb, "Kapitalbank" ASC-nin Neftçala filialından onun adına 2013-cü ildə 6000, 2014 cü ildə isə 2500 manat kredit götürüb. Kifayət xanım and-aman edir ki, bankdan pul almayıb, sadəcə idarədə bəzi sənədlərə qol çəkib. Onun adından sənədləşmə işi aparan Rövşən bir müddət kredit müqaviləsindən irəli gələn aylıq ödənişləri də edib. Adam yoxa çıxandan sonra qadının 400 manatlıq əmək haqqı və 160 manatlıq pensiyası üzərinə həbs qoyulub.

Digər zərər çəkən Aslanova Lalə İzar qızı da Neftçala Statistika İdarəsində məsul vəzifədə işləyir. Rövşən Quliyev bu xanımın da etibarından sui-istifadə edərək, 2014-cü ilin iyulunda onun adına həmin bankdan 5469 manat kredit götürüb.1-2 ay ödəniş edib. İndi Lalə xanımın aldığı 364 manat əmək haqqını bank "tutur."

Statistika Komitəsində gözətçi işləyən Soltanov Mustafa Saday oğlunun bəxti gətirib. Rövşən bu şəxsin adına kredit götürsə də, onun əhəmiyyətli hissəsini ödəyib.

Adına kredit götürülən başqa bir şəxs isə Neftçala şəhər icra nümayəndəliyində çalışan, adının açıqlanmasını istəməyən xanımdır. Hazırda həmin xanım da çıxılmaz vəziyyətdədir və qəfil ortaya çıxan bank borcu ailəsində narazılıq yaradıb.

Rayonda xeyli sayda adamın adına bu qaydada, ümumilikdə 70 min manata yaxın kredit götürülüb. Demək olmaz ki, hamının gözü bağlanıb, imza atdıqları müqavilədən xəbərləri olmayıb. Rövşən bütün tanışlarını inandırıb ki, tezliklə "Kapitalbank"ın Neftçala filialının kredit şöbəsinin müdiri təyin ediləcək.

Amma bu deyilənlər öz yerində, hüquqi cəhətdən Rövşən Quliyevin kiməsə borclu olmasını təsdiqləyən sübut yoxdur.

Nəinki zərərçəkənlərin, hətta hüquq-mühafizə orqanlarının da ona əli çatmır- adam ölkə ərazisini tərk edib.

Kredit götürülməsi ilə bağlı prosedurlar qanuni formada həyata keçirilsəydi, çətin ki, Rövşən Quliyev bu qədər adamı aldada bilərdi.

Qurbanların bir şoxu iddia edir ki, adlarına borc öhdəliyi, kassadan pul buraxılmağı onlar şəxsən banka gəlmədən sənədləşdirilib.

Bu fakt araşdırıla və təsdiqini taparsa, "Kapitalbank"ın Neftçala filialının bu işə məsul əməkdaşları məsuliyyətə cəlb oluna bilər.

Deyilənlərlə bağlı "Kapitalbank"ın Neftçala filialından mövqe öyrənmək istəsək də, suallarımızı cavablandıran olmadı. Ümid edirik ki, ölkənin hüquq-mühafizə orqanları ictimaiyyətdə ciddi narahatlıq yaradan bu olaya dərhal reaksiya verəcək.\\gundelik-baku.com\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.