Nizami rayonunda kommunal təsərrüfatı kim düzəldəcək? İLGİNC

15-07-2015, 16:18           
Nizami rayonunda kommunal təsərrüfatı kim düzəldəcək? İLGİNC
Bir neçə müddət bundan əvvəl qəzetimizdə dərc etdiyimiz tənqidi materiallardan birində, mənzil-kommunal təsərrüfatlarının yarıtmaz fəaliyyətlərinə dair paytaxt sakinləri tərəfindən redaksiyamıza təqdim olunmuş şikayətlər və ciddi iradlar öz əksini tapmışdı. Materialda biz qeyd etmişdik ki, mürəkkəb idarəçilik strukturuna malik mənzil-kommunal təsərrüfatlarının tərkibinə yaşayış evləri və onların mühəndis avadanlıqları, ictimailəşdirilmiş bağ fondu, mənzil fonduna xidmət edən və mənzil fondunun idarəetmə sisteminin maddi-texniki bazası olan təmir-tikinti, istehsal, təchizat və digər kommunal təşkilatları daxildir. Həmçinin mənzil fondunun mənsubiyyətindən asılı olmayaraq, texniki və sanitariya vəziyyətinə ümumi nəzarət şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal birliklərinin nəzdində yerləşən mənzil-kommunal istismar sahələrinə həvalə olunmuşdur.

Lakin son illər Bakıda fəaliyyət göstərən mənzil-kommunal istismar sahələrinin səlahiyyətlərinin bir qədər məhdudlaşdırılması səbəbindən bu qurumların işi də bir qədər ictimai diqqətdən kənarda qalmışdır. Belə vəziyyət isə bu sahədə çalışan bəzi məmurlara məhz şəxsi mənfəətləri baxımından fəaliyyətlərini daha da genişləndirmək üçün əlverişli şərait yaratmış oldu.Məhz bu səbəbdən də son zamanlar əksər Mənzil Kommunal Təsərrüfat Birliklərinin (MKTB) fəaliyyəti vətəndaşlar tərəfindən tamamilə qeyri-qənaətbaxş kimi qiymətləndirilir.

Belə ki, bu təsərrüfatlar öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün kifayət qədər səy göstərmir, bir çox hallarda isə aşkar məsuliyyətsizlik nümayiş etdirirlər. Məlumdur ki, yuxarıda sadalana vəzivələrin effektiv icrası üçün hər bir rayonun Mənzil Kommunal Təsərrüfatı öz tabeliyində bir neçə Mənzil Kommunal İstismar Sahəsinə (və yaxud da Mənzil Kommunal İstismar İdarəsinə) malikdir. Həm də bu gün səlahiyyət və imkanları bir qədər məhdudlaşdırılmış kommunal təsərrüfüt strukturları, əslində heç də göründüyü qədər “zəif və imkansız” qurumlar deyillər. Sadəcə olaraq, məhz funksional vəzifələrinin icrasındakı qüsurları pərdələmək məqsədilə bəzi təsərrüfat rəhbərləri “acizlik” donunu geyinməyə üstünlük verirlər. O cümlədən, redaksiyamıza son zamanlar daxil olan məlumatlarda, Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin fəaliyyəti ilə bağlı şikayətlərə tez-tez rast gəlmək olur. Bu xüsusda aldığımız şikayət ərizələrində vətəndaşlar MKTB-nin sədri Həsən Sadıxovun fəaliyyətindən narazılıq edirlər.

İlk növbədə şikayətçilər Həsən Sadıxovun qəbula gələn vətəndaşlara qarşı davranışında etik qaydalara riayət etmədiyini vurğulayırlar. Açıqlamalarda bildirilir ki, ümumiyyətlə bu və ya digər problemlə bağlı MKTB sədrinin qəbuluna düşməyin özü olduqca çətin bir məsələdir. Lakin vətəndaş hətta buna nail olduqda belə, kobudluğu və qabalığı ilə diqqəti cəlb edən Həsən Sadıxov istənilən şikayətçini qəbula düşdüyünə peşman da edə bilər. Digər tərəfdən isə, bizə verilən məlumatlara görə Nizami MKTB-nin sədri birliyin məsrəfləri üçün ayrılan dövlət vəsaitlərinin də məqsədyönlü xərclənməsini təmin edə bilmir, müxtəlif maliyyə maxinasiyalarına və mənimsəmələrə şərait yaradır. Bu isə təbii ki, müxtəlif problemlərin yaranmasına və günü-gündən artmasına yol açır.

Sakinlər bildirirlər ki, aylıq kommunal ödənişlərin vaxtı çatan zaman, MİS əməkdaşları evlərə zəng vurub bunu xatırlatmaqda heç zaman gecikmələrə yol vermirlər. Amma həyətlərin süpürülməsində, zibil tullantılarını vaxtı-vaxtında daşınmasında və digər vəzifə borclarının icrasında bu operativliyi nədənsə müşahidə etmək olmur. Mənbələrin dediyinə görə, artıq rayon sakinləri birliyin sədri Həsən Sadıxovun fəaliyyətsizliyindən bezərək, bu problemi ictimailəşdirmək yolu ilə həll etmək üçün mətbuata üz tutublar...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.