Bakının mərkəzindəki təmir işlərində gülüş doğuran məqamlar... - REPORTAJ, FOTOLAR

16-07-2015, 22:58           
Bakının mərkəzindəki təmir işlərində gülüş doğuran məqamlar... - REPORTAJ, FOTOLAR
Avropa Oyunları ərəfəsində Bakıda bir çox yenidənqurma və təmir işləri aparıldı ki, bu sırada köhnə yaşayış binalarının fasadının yenilənməsi daha çox diqqət çəkdi. Belə ki, poliuretan materialla üzlənmiş iki yaşayış binasında baş verən yanğın paytaxtda aparılan işləri sual altında qoydu və qısa müddətdə bir çox yaşayış binalarının üzü sökülərək yeniləndi. Lakin qısa müddətdə görülən yenidənqurma işləri bir çox hallarda məzəli görüntülərlə yadda qaldı.

Belə ki, binanın yalnız mərkəzi yoldan görünən hissəsinin rənglənməsi, arxa tərəflərin olduğu kimi saxlanması və məhz görüntüyə yönəlik aparılan işlər insanlarda narazılıq doğurdu. Bu mənada, Bakının Yasamal rayonunda, Mətbuat prospekti boyunca yerləşmiş yaşayış binalarının sakinlərini də şanslı saymaq olmaz. Düzdür, indi yaşı 60-dan çox olan binalar müasir görüntü qazansa da, bu, yalnız ilk baxışdan belədir.

Binanın yeni dizaynına uyğun olaraq, evlərə yeni pəncərələr də qoyulub. Bu zaman sakinlərin mənzillərində olan köhnə pəncərələr çıxarılmayıb. Nəticədə üst-üstə iki pəncərənin olması kənardan gülüş doğuran bir mənzərə ortaya çıxarır.

Binadakı bu qeyri-adi durumla bağlı sakinlərdən bir neçəsi ilə söhbətləşdik. Onların sözlərinə görə, ilk günlər bunun müvəqqəti hal olduğunu, sonradan daha əsaslı iş görüləcəyini güman etsələr də, bu, belə olmayıb. İş icraçıları yeni pəncərələri necə gəldi, onların mövcud pəncərə və eyvanlarının üzərindən asıblar.

Sakinlər deyirlər ki, indi üst-üstə iki pəncərə olduğundan evdə normal havalanma getmir. Pəncərələrin rəngli şüşədən qoyulması evə düşən işığı da azaldıb. Mənzillərdə və binanın dəhlizlərində günün günorta çağında belə, alatoranlıq olur.

Elşən adlı sakin deyir ki, evdəki havasızlıqdan məcbur olub, yeni qoyulan pəncərənin şüşəsini söküblər. Bəzi sakinlər isə yeni pəncərələrin həddindən artıq keyfiyyətsiz olduğunu və bir çoxunun hətta ümumiyyətlə, açılmadığını deyirlər.

Sakinlərin sözlərinə görə, pəncərələrin belə qoyulmasının səbəbi təmir işlərinin tələsik aparılmasıdır. Əslində içəridəki köhnə pəncərələr söküldükdən sonra onlar yeniləri ilə əvəzlənməli idilər. Lakin yeni fasad örtüyü binanın divarından 15-20 sm aralı olduğundan pəncərələr arasında boşluq var. Bu isə içəridən baxanda çox səliqəsiz görünür.

Daha bir problem odur ki, binanın fasadı yenilənərkən sakinlərin mənzillərinə də ziyan dəyib, pəncərələr yararsız hala düşüb. Bunun əvəzində isə nə problem aradan qaldırılıb, nə də sakinlərə kompensasiya verilib.

Yeni qoyulan pəncərələr isə təmizlənmədiyindən mənzillərin içindən görürən mənzərə bərbaddır. Bunu təmizləmək isə sakinlərin imkanı xaricindədir. Bir sözlə, bina təmirdən sonra kənardan nə qədər yaxşı görünsə də, sakinlərin yaşayışını çətinə salıb.

Binanın fasadının rənglənməsinə gəlincə, sakinlər bundan da narazıdır. Onlar təmir işlərinin sırf görüntü baxımından aparıldığını və sakinlərin rahatlığının nəzərə alınmadığını deyirlər. Binanın Mətbuat prospektinə baxan tərəfi yenilənsə də, arxa tərəfi təmirsiz olaraq qalır.






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.