Qoçular qanundan qorxmur..?

17-07-2015, 11:44           
Qoçular qanundan qorxmur..?
14 iyulda virtualaz.org saytında “Bakının kustar metal sexlərində dəhşət səhnələri” başlıqlı məqalə dərc olunub. Məqalə Azərbaycanda qara metallurgiya sənayesinin vəziyyətinə dair araşdırmalar zamanı Bakının ucqarlarında, yaxud köhnə sovet zavodlarının xarabalıqları arasında fəaliyyət göstərən, kustar üsulla istehsal həyata keçirən sexlərdəki vəziyyətdən bəhs edir.

“Yəni söhbət heç bir istehsal normalarına, təhlükəsizlik tələblərinə cavab verməyən, buna baxmayaraq saxta armaturlar, künclüklər və s. istehsal edib bazara çıxaran müəssisələrdən gedir. Bu müəssisələr tullantı metalı kustar üsulla əridərək ona zəruri qatqılar əlavə etmədən yenə kustar üsulla metal məmulatlarının istehsalı ilə məşğuldur. Və işin ən maraqlı tərəfi bu idi ki, həmin saxta metal məmulatlarına dövlət orqanı – Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən vaxtlı-vaxtında sertifikat da verilirdi. Təqribən bir ay əvvəl bu sexlərdən reportaj hazırlayanda məlum olmuşdu ki, onların bir çoxu fəaliyyətini dayandırıb. Ancaq məsələ belə deyilmiş. Bakının ucqarlarında – Müşfiqabad qəsəbəsinin yaxınlığında fəaliyyət göstərən iki metal sexində olarkən bu sexlərdəki mənzərə insanı doğrudan da dəhşətə salır. Axı dəhşət filmlərinin səhnələrini xatırladan belə şəraitdə necə işləmək və üstəlik istehsal həyata keçirmək olar?
Sexin ərazisində üst-üstə qalanmış xeyli metal tullantıları görmək olar. Ancaq işçilər deyirlər ki, hazırda iş yoxdur, işləmirlər, gətirilən metal tullantılarını çeşidləməklə məşğuldurlar.
Cəhənnəm mənzərələrini xatırladan sexin içərisinə daxil olaraq istehsalın hansı üsulla həyata keçirildiyini də görə bildik. Bu, əsl orta əsrlər dövrünün istehsal üsulu idi. Tullantılar yanacaq kimi istifadə olunan mazut və qazla qızdırılan qazanlarda əridilir və xüsusi qəliblərə tökülür, armatur və künclük istehsalı üçün yarımfabrikat alınır.
Müşfiqabad yaxınlığındakı digər sexdə isə bir qədər fərqli vəziyyətdir. Burada həm tullantı metallardan əritmə üsulu ilə məftil (“katenka”) istehsal edən sex fəaliyyət göstərir, həm də müxtəlif tokar dəzgahlarının qoyulduğu quraşdırma sexi var.
İşçilər deyir ki, onlar tullantılardan armatur və s. istehsal işini iki-üç əvvəl buraxıblar, indi guya daha təkmil istehsalla məşğuldurlar. Sexin sahibi “Şəhriyar 99” adlı MMC-dir. Məlum olur ki, bu kustar sexin müştəriləri arasında ARDNŞ də var imiş. (virtualaz.org )
Biz bu məqaləyə əbəs yerə istinad etmədik.
“Şəhriyar 99” adlı MMC-nin rəhbəri Tahir Orucovun Qafqaz Xəbər Agentliyinə daxil olan məktubunda qeyd olunur ki, virtualaz.org-da dərc olunan məqalə qərəzlidir: “ Bildirmək istəyirəm ki, Azərbaycanda Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi yox, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi var. Məqalədə qeyd olunur ki, sexlər cəhənnəmi xatırladır, burda orta əsr qaydası ilə istehsal gedir”.
Orucov qeyd edir ki, mən gözəl bilirəm ki, virtualaz.org-u kimlər yönəldir: “ Biz sexlərə hücum çəkən qoçu dəstələrinin virtualaz.org-la əlaqələrini də bilirik”.
“Şəhriyar 99” adlı MMC-nin rəhbəri Tahir Orucov Qafqaz Xəbər Agentliyinə bildirib ki, söhbət Baku Steel Company şirkətinin rəhbəri Rasim Məmmədovun əmri ilə hərəkət edən qoçu dəstəsindən gedir: “ Onlara hansısa Fariz Məmmədov başçılıq edir. Baku Steel Company metal əritməni monopoliyaya götürüb və digər sexlərə imkan vermir. Bu qoçu dəstələrinin qarşısını almaq üçün hər gün 10 nəfər fəhləmiz zavodumuzu qoçulardan qoruyur”.
Biz Fariz Məmmədovun fikirlərini öyrənmək qərarına gəldik. O, qafqaznews.org-a bildirdi ki, mən Tahir Orucovu tanıyıram. Sonra o, suallarımıza cavab verməkdən imtina etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.