"Azərenerji"də islahatların keçirilməsinə və strukturlaşmaya ciddi ehtiyac yaranıb - Etibar Pirverdiyevin adı yenidən gündəmə gəlib

17-07-2015, 22:29           
"Azərenerji"də islahatların keçirilməsinə və strukturlaşmaya ciddi ehtiyac yaranıb - Etibar Pirverdiyevin adı yenidən gündəmə gəlib
Bəzi dövlət qurumlarının külli miqdarda vergi borcunun yaranması məsələsi dəfələrlə ölkə mediasının gündəminə gəlib. Dövlətə vaxtlı-vaxtında vergi verməyən qurumların rəhbər şəxsləri tənqid edilib və onların barəsində müvafiq ölçü götürülməsi təklif olunub. Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin vergilərin yığılması ilə bağlı məsələyə diqqət çəkməsi bu problemin hələ də aktual olduğunu xatırlatdı. Xarici sərmayələrin daxili sərmayələri üstələdiyini, neft gəlirlərinin azaldığını, vergilərin tam ödənilmədiyini, bu zamana qədər vergi ödənişi ilə bağlı dövlətin güzəştli mövqe sərgilədiyini qeyd edən dövlət başçısı yeni mərhələdə fərqli yanaşma olacağını bəyan etdi: "Mən giriş sözümdə qeyd etdim ki, son bir neçə il ərzində bəlkə ilk dəfədir, xarici sərmayə daxili sərmayəni üstələyib. Nəyə görə? Ona görə ki, daxili investisiyalar azalıb. Daxili investisiyaların böyük hissəsi dövlət büdcəsi, yaxud da ki, Dövlət Neft Fondu hesabına formalaşıb. Bu, reallıqdır, bunu hamı bilməlidir. Belə olan halda əlbəttə, hər bir hökumət qurumu baxmalıdır ki, bizim rezervlərimiz haradadır. Biz bu rezervləri aşkar etmişik. Görmüşük ki, bir çox hallarda vergilər ödənilmir, burada yayınmalar baş verir. Bunu hamı - sahibkarlar da, cəmiyyət də bilir. Yəni əfsuslar olsun, vergivermə mədəniyyəti bizdə tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Vergiləri dövlət qurumları verir. Əlbəttə, o vergini almaq böyük məharət tələb etmir. Dövlət Neft Şirkətində hər şey şəffafdır. Bu, dövlət qurumudur". Bildirək ki, dövlətə külli miqdarda vergi borcu yaranan qurumlardan biri də "Azərenerji" Açıq Səhmdar Cəmiyyətidir (ASC). Xatırladaq ki, bir neçə ay əvvəl "Fitch Ratings" reytinq agentliyi ASC-də cərəyan edən proseslərlə bağlı maraqlı məlumatlar açıqlayıb. Reytinq agentliyinin məlumatına görə, ASC-nin yeganə səhmdarı Azərbaycan Respublikasıdır və 100 faiz dövlətə məxsusdur. "Fitch" "Azərenerji"ni elektrik enerji istehsalı və paylaşdırılması bazarında inhisarçı şirkət hesab edir. Belə ki, ölkənin elektrik enerji paylaşdırılmasının 55 faizi məhz dövlət şirkətinə məxsusdur. Amma Etibar Pirverdiyevin rəhbərlik etdiyi şirkət artıq bundan məhrumdur. Çünki bildiyiniz kimi, şirkətin səlahiyyətlərinin böyük hissəsi yeni yaradılan "Azərişıq"a verilib. Buna görə də ASC səlahiyyətlərinin əsas hissəsindən məhrum olub. Məlumata görə, "xərclər-plus" mexanizmi ilə tariflərin müəyyənləşdirilməsi şirkətlər üçün əlverişli olsa da, sosial siyasət baxımından məhdud modeldir: "Elektrik enerjisinin qiyməti tez-tez dəyişilmir, sonuncu dəfə 2007-ci ildə artırılıb. Yanacaq xərcləri "Azərenerji"nin əməliyyat xəclərinin demək olar ki, yarısını təşkil edir. 2013-cü ilin dekabrında 48 faiz artaraq bir milyon m3-u 80 min manata qaldırıldı. 2014-2017-ci illərdə enerji və qaz tariflərinin dəyişməz olaraq qalacağı gözlənilir. 2014-cü ildə elektrik və qaz tarifləri arasında artım tempi arasında uyğunsuzluq var və bu da müəyyən risklər yaradır. Şirkət bunu kompensasiya etmək üçün dövlətin investisiya vəsaitindən istifadə edəcək. "Azərenerji"nin vergi borcu 2013-cü ilin sonuna kimi 700 milyon manat təşkil edib. Şirkət qalan vergi borclarını daha böyük həcmli dövlət subsidiyaları hesabına və ya əlavə borclar cəlb etməklə ödəyə bilər. Bu, onun kreditödəmə qabiliyyətinə neqativ təsir göstərir". Qeyd edək ki, "Azərenerji" kimi iri şirkətlərin vergi borcunun haradan yaranması indiyə kimi müzakirə olunan əsas mövzulardan biridir. Şirkət rəsmiləri bunu özlərinə sərf edən formada şərh etsələr də, mütəxəssislər tamam başqa fikirdədir. Ekspertlərin açıqladığı fikirlər Etibar Pirverdiyevin ASC-yə ayrılan subsidiyaları düzgün xərcləmədiyini və bu şirkətdə lazımsız xərclərin çoxluq təşkil etdiyini göstərir. "Şirkətlərin ödənişlərinə baxdıqda məsələn, "Azərenerji" də, "Azəriqaz" da kifayət qədər yüksək səviyyədə yığırlar. Həmin xidmətlər üzrə qiymətlər də bahalaşıb, ancaq keyfiyyətdə heç bir irəliləyiş olmayıb. Ancaq bu təşkilatlar hökumət qarşısındakı öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmirlər. Hesab edirəm ki, bu, xüsusi araşdırma mövzusudur. Borclu şirkətlərin indiki strukturda fəaliyyəti səmərəli deyil. Yeganə çıxış yolu ondan ibarətdir ki, həmin sektorlarda islahatlar getməlidir. Bu xidmətləri həyata keçirən şəbəkələr özəlləşdirməyə, ya da uzunmüddətli dövrdə istifadəyə verilməlidir. Müəyyən rəqabətli mühit yaratmaqla problemin həllinə yardım etmək olar. Ancaq özəlləşdirmənin şəffaf və ədalətli aparılması çox vacibdir. Borcların silinməsi son nəticədə pis ənənə yaradır, arxayın olurlar ki, yəqin yenə də onların borcları silinəcək və bu problemin həlli yollarını tapmaq istəmirlər. Amma borcun silinməsi bütövlükdə problemin həlli deyil. Problemin həlli üçün mütləq islahatlar keçirilməlidir, yenidən strukturlaşma aparılmalıdır". Məlum olduğu kimi, dövlət tərəfindən iri vergi ödəyicilərinə, eləcə də "Azərenerji" ASC-nin rəhbərliyinə bir neçə dəfə güzəşt edilib. Lakin sözügedən qurumun dövlətə olan vergi borcu hər il bir qədər də artır. Bu, "Azərenerji"də islahatların keçirilməsinə və yenidən strukturlaşmaya ciddi ehtiyac yaradıb. Başqa sözlə desək, şirkətin dövlətə olan borcu Etibar Pirverdiyevin görəvdən alınmasına gətirib çıxara bilər. Əldə etdiyimiz məlumatlara görə, dövlətə borcu olan, lakin ödəməyən iri vergi ödəyiciləri yaxın vaxtlarda cəzalandırılacaq.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.