Əliyevlərin bankı Rusiyanın xilasına çalışır
17-11-2014, 00:00
Bakıda MDB ölkələrinin bank konfransı; Beynəlxalq Bankın rəsmisindən ilginc açıqlama
Azərbaycan Beynəlxalq Bankı (ABB) Islam Inkişaf Bankından (IIB) Rusiyaya investisiyaların cəlb edilməsinə yardım edə bilər. Trend-in məlumatına görə, bunu şənbə günü ABB-nin Islam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə Bakıda keçirilən MDB iştirakçı ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində deyib.
Onun sözlərinə görə, IIB-in Rusiyada yaşadığı yeganə problem bu ölkənin bankın üzvü olmamasıdır: “Rusiya Islam Inkişaf Bankında müşahidəçi qismində iştirak edir. Bu, bankın Rusiya bazarına investisiya yatırma və çıxış imkanlarını azaldır. Azərbaycanın Islam Inkişaf Bankının üzvü olduğunu nəzərə alaraq, Azərbaycan Beynəlxalq Bankı və Rusyadakı törəmə bankımız vasitəsilə həmin investisiyaları Rusiyaya cəlb edə bilərik”.
B.Qurbanzadə vurğulayıb ki, IIB-in Azərbaycandakı portfeli 1 milyard dolları ötür: “Bu məbləğin təqribən 60 faizi iri infrastruktur layihələrinin reallaşdırılması çərçivəsində artıq mənimsənilib. Bu vəsaitlər regionların su təchizatına, yol qovşaqlarının tikintisinə, logistik qovşaqların yaradılmasına ayrılıb”.
Göründüyü kimi kiçik Azərbaycan, nəhəng Rusiyanı sanksiyalar bataqlığından çıxarmaq üçün, bütün vasitələrə əl atmağa hazırlaşır.
Əvvəlcə, Rusiyanı vəziyyətdən çıxarmaq üçün kənd təsərrüfatı sahəsinə “tilov” atdılar. Nəticədə, ölkədə kənd təsərrüfatı mallarında qıtlıq yarandı və qiymət artımı baş verdi. Bu isə, sadə vətəndaşın büdcəsinə təsirsiz ötüşmədi. Yəni, Rusiyaya yardım prosesi, ilk etapda ölkə vətəndaşına zərbə vurdu.
Indi isə, Azərbaycan hakimiyyəti “dolama” yollarla Rusiyaya kömək etmək fikrinə düşüb. 8-9 milyonluq əhalinin dolanışığını təmin edə bilməyən, vətəndaşının 2 milyondan çoxu Rusiya bazarlarının ümidinə qalan hökumət, Rusiyaya investisiya cəlb etməyin yollarını axtarır.
Təbii ki, Azərbaycan hakimiyyəti neft fondundakı 30-40 milyarda arxayın olub və başqalarına kömək etmək eşqinə düşüb.
Indi, “xeyirxah” hökumətimiz Rusiyaya görə, IIB qarşısında məsuliyyət götürməyə hazır olduğunu göstərir.
Hökumət dərk etmir ki, Qərb öz çıxarlarından da imtina edərək Rusiyaya qarşı sanksiya tətbiq etmək qərarı verir və təcavüzkar siyasətinə görə Rusiyanı cəzalandırır. Belə bir prinsipial məqamda Rusiyaya nəfəslik vermək heç bir uğura gətirə bilməz. Yəni, Rusiyaya görə ölkəni bu qədər çətin vəziyyətə salmaq kökündən səhv qərardır.
Daha dəqiq ifadə etsək, prezident bankı kimi tanınan “Beynəlxalq bank” Rusiyanı “əjdaha”nın əlindən almağa iddia edir. Ölkə əhaləsinə isə, “əjdaha” boyda faizlər qarşılığında kredit verir.
Bir sözlə, növbəti dəfə hakimiyyət küllü miqdarda vəsaitləri Rusiyanın ixtiyarına vermək fikrinə düşüb.
Tumar Həsənov