Nura Suridən Murad Arifə ağır sözlər: “O mənə çatmır...”
18-01-2019, 18:01
Müğənni Nura Suri “Dönmək olmur” klipinin təqdimat mərasimindən sonra Teleqraf.com-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Şəkilinizi kənardan çəkilməsini istəmirsiniz...
- Səhv rakursdan çəkilən şəkli xəbərin əsas şəkli edirlər, mən gördüyüm işlər yox, görüntüm müzakirə olunur. Elə olmasın deyə, mətbuat konfransı keçirdiyim zaman şəkillərimi yalnız şəxsi fotoqrafım çəkir, sonra saytlara göndərilir. Ona görə də tədbir keçirdiyim zaman deyirəm ki, fotoqrafsız gəlin.
- Yəqin ki, həmin şəkillər fotoşopsuz olacaq?
- Onu mən yox, fotoqrafım deyə bilər. Amma mənim fotoşopa elə də ehtiyacım yoxdur. Göz qabağındayam.
- Bir çoxları deyir ki, Nura niyə tez-tez klip təqdimatı edir...
- Yaxşı, mən də iş görməyim, bütün müğənnilər evlərində otursunlar? Mən hər gün jurnalistlərlə görüşən insan deyiləm. Bəlkə media əhlinin məndən soruşmaq istədiyi hansısa sual var?.. Son zamanlar start götürmüşəm, dayanmadan çalışıram. O da Azərbaycanda musiqi kanalı olandan sonra. Ona görə də hamımız bəhsə düşmüşük, klip çəkdiririk.
Mən istədim ki, jurnalistlər tədbirimə gəlsin və ünsiyyətdə olaq. Virtual həmsöhbət olmaqdan bezdim. Yəni bunu jurnalistlərlə görüşmək üçün etdim. Yoxsa tədbirin təşkil olunmasına sərf etdiyim pula yeni mahnı çıxarda bilərdim.
- Nura, hazırkı dövrdə nədən narazıdır?
- İnsanların bir-birinə laqeytliyindən, biganəliyindən, robotlaşmasından narazıyam.
- Bəs şou-biznesdə?
- Bir müddət səviyyəli müğənnilərin hamısı yatmışdı. Qış yuxusunda idilər. Bayağılar efirləri tutmuşdu. Amma yavaş-yavaş onlara deyirik ki, bir dəqiqə kənara çəkilin, biz burdayıq, hələ ki ölməmişik.
- Hesab edirsiniz ki, indi bayağılar yoxdu?
- Bayağılar var, amma indi gündəmi zəbt edə bilmirlər. İndi gündəmi səviyyəli işlərlə özümüz zəbt etmişik. Mahnılarıma qulaq asan olsa, biləcək ki, burda səviyyəli iş var. Bəzilərinin mahnılarında çırtmadan başqa heç nə yoxdu.
- “Dönmək olmur” klipinizi hündürlükdə çəkilib. Qorxu oldumu?
- Mən yüksəklikdən qorxmuram. Evim də yüksəlklikdə yerləşir. Valideynlərim, qardaşım da pilotdur. Ümumiyyətlə yüksəkliyi sevirəm. Amma öz ayaqlarımla zirzəmiyə, yerin altında girə bilmərəm. Mən metro, keçid və ümumiyyətlə yerin altında olan yerlərə girmirəm. Onsuz da öləndən sonra yerin altında olacağıq.
“Dönmək olmur” klipimdə koma vəziyyətində oluram. Əslində mən 11 il öncə zəhərlənib, koma vəziyyətinə düşmüşəm. Yəni o vəziyyətin real necə olduğunu da anlayıram. Yenidən bu həyata niyə qayıtdığımı da anlayıram. Çünki mən anayam, övladlarım var. Yəqin ki, Allah məni övladlarıma görə yenidən həyata qaytardı. Amma elə insanlar var ki, illərdir komada qalır.
- Həyatda bir insanı dəyişmək istəmisinizmi?
- Yox, mən güzgü kimi insanam. Bir insan mənə qarşı necədirsə, mən də ona eləyəm. Məni sevirsə, sevəcəm. Sevmirsə, mən də münasibətimdə onu sevmədiyimi bildirəcəm. Yəni dostluqda da belədir.
Bəzi insanları ağlı, bəzilərini isə hisləri idarə edir. Mənim bütün gücüm ağlımdadır. Məni ağlım idarə edir. Mənim bu ağlım 18-19 yaşımda olsaydı, nə qədər hadisələrin qarşısını almış olardım. İnsanları tanıya bilərdim. Əfsuslar olsun ki, əvvəllər insanları özümüz kimi tanıyırıq. Sonra illər keçdikcə başın daşdan daşa dəyir. İnsanlardan uzaqlaşıb, heyvanlara daha yaxın olursan.
- Son dövrlər “Mashup”mahnılar dəbə minib. Buna münasibətiniz?
- Mən əslində bir müddət öncə dicey Roşqa ilk “mashup” mahnılar edəndə ona dedim ki, gəl 5-7 estrada müğənnisi bir klassik mahnıda bir araya gəlsin.
Onda heç Sevinc-Sevil bacıları, nə də başqaları Roşqayla nəsə mahnı etməmişdilər. Razılaşdı, amma ondan xəbər çıxmadı. Mən də sonra onu axtarmadım. Amma yaxşı ideya idi. Roşqa gəncləri seçdi. Bu da onun öz seçimidir.
- Bəstəkar-müğənni Murad Arif deyir, mən istəmirəm ki, mahnılarıma “Mashup” qoşsunlar...
- Mən baxıram, Murad Arif son vaxtlar özünü fərqli tərəfdən göstərmək istəyir. Özünü elə aparır ki... Bir deyir ki, ay mənim dostum yoxdur, nə bilim vay mən dost olduğum adamın halına. İnsan öz-özü haqqında niyə bu sözləri desin ki?
Şəxsən mən öz adıma deyirəm xoşbəxtəm ki, bu günə gəlib çıxmışam və özümə dost qazana bilmişəm. Mənim bir çox işlərim dostlarımın hesabına ərsəyə gəlir. İnsanın pis və yaxşı günündə də ətrafında yaxşı dostları olmalıdı. Necə yanı dostum yoxdu? Bilmirəm Murada nə olub. Son vaxtlar kobud, fərqli danışır.
Ona demək istəyirəm ki, biz Azərbaycanda yaşayırıq. Biz azərbaycanlıyıq. Kiməsə baxıb, onlar kimi hərəkət edə bilmərik. Bizim ürəyimiz, qanımızda axan mərhəmət hissi başqadır. Biz avropalılar kimi ola bilmərik. Heç olmaq da istəmirik. Yəni son zamanlar onun dediyi frazalara baxıram, mənə çatmır. O elə insan deyil. Özünü niyə elə göstərir?
- Hesab etmirsiniz ki, sizin bu sözlərinizdən sonra növbəti qalmaqalın təməli qoyulur?
- Yox, burda nə qalmaqal var ki? Kimisə söymədik, döymədik. Ümumi sual verilir, cavab alınır.
- “Brilliantlar” mahnınızı xalq artisti Brilliant Dadaşova da ifa etdi. Münasibətiniz necə oldu?
- Mənim mahnılarımı səviyyəli, musiqini bilən, sənəti, şəxsiyyəti olan insanın ifa etməsi xoşdur. Amma it dəftərində adı olmayanların kənardan bizə dəyər verməsi yersizdir. Bunu anlasınlar.
Brilliant xanımın sənəti, özü, şəxsiyyəti, yaş baxımından da məndən üstündür. Bu adam mənə dəyər verirsə, mahnımı ifa edirsə, bundan gözəl nə ola bilər ki?