20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xacmazdakı olayın ŞOK DETALLARI

20-01-2019, 10:19           
20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xacmazdakı olayın ŞOK DETALLARI
29 il öncə 20 Yanvar faciəsi. Bu faciə yanvarın 18-də baş tutmalı idi. Moskvada hazırlanan ssenari belə idi. Qorbaçov ehtiyatda olan əsgər və zabitlərdən ibarət ordunu Azərbaycana şimaldan daxil etmək əmrini vermişdi. Lakin onlar bunun qarşısını ala bildi...

İki gün sonra Azərbaycan tarixinə qara təqvim olaraq düşən 20 Yanvar baş verdi, əliyalın insanlar qətlə yetirildi. Bakı küçələrini o vaxta qədər susəpən maşınlar yuyurdu. Həmin gün isə tanklar qanla suladı...

Lakin Azərbaycan tarixində bu təqvimlər unudulmayıb. 28 il öncə yanvarın 17-dən 18-nə keçən gecə Rusiyanın hərbi eşelonu Şimaldan Azərbaycana daxil oldu. Hədəf paytaxt idi. Bu yol strateji baxımdan Moskva üçün əlverişli olmaqla yanaşı, hərbi qatarda təpədən dırnağa qədər silahlanmış əsgər və zabitlərin Rusiyanın bu bölgəyə yaxın ərazilərindən toplanması da əlavə üstünlük verirdi.

Xaçmaza qədər gələn hərbi qatar gözləmədiyi halda ciddi müqavimətlə qarşılaşdı. İnsanlar arasında relslərin üzərinə uzanaraq ölümə razı olanlar da var idi. Təki qatar Bakıya doğru irəliləməsin...

İki gün keçəcək, sovet əsgərləri Bakıya başqa istiqamətdən daxil olmağı bacaracaqdı və Bakı indiyə qədər görmədiyi zülmlə üz-üzə qalacaqdı...

17-18 yanvar hadisələrin birbaşa iştirakçısı və təşkilatçılarından biri, AXC Xaçmaz şöbəsinin sədri olmuş Müqəddəs Mehdiyev Publika.az-a həmin dövrlə bağlı maraqlı faktlar açıqlayıb.

"978 saylı hərbi qatar ana xətdən çıxarılaraq dalan yola salındı"

"1990-cı ilin 15 yanvarından başlayaraq, hər yerdə olduğu kimi şimal bölgəsində də vəziyyət pis idi. Rusiyanın Krasnodar və digər vilayətlərində səfərbərlik olduğu haqda Dağıstandan informasiyalar almışdıq. Səfərbərliyə "partizanlar" adlandırılan ehtiyatda olan əsgər və zabitlər çağırılırdı. Onların içində ermənilər də var idi. Məlumata görə, həmin dəstələr Azərbaycana hücum edəcəkdi. Hədəf Bakı idi. Üstündən bir gün keçdi. Ayın 16-da axşam daha bir məlumat aldıq ki, 978 saylı hərbi eşelon Bakıya getmək üçün Dağıstandan bizə doğru gəlir. Həmin gündən etibarən müəyyən yolları bağlamağa başladıq. Azərbaycanla Rusiya arasında olan bir sıra polis postları, həmçinin inzibati bölgüyə əsasən qurulan postlar var idi. Xaçmaz rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin rəhbərliyinə ciddi təzyiq edərək yoxlama-keçid məntəqələrinin təşkili və könüllülərin postlara yerləşdirilməsi haqda qərar əldə etdik. Ayın 17-də qatarın Yalama stansiyasına yaxınlaşması haqda informasiya aldıq. Müəyyən tədbirlər görməyə məcbur olduq. Xaçmaz şəhərində bütün yanğınsöndürən maşınları küçələrə çıxartdıq, başladılar siqnal verməyə. Xaçmaz konserv kombinatının sexlərindən birini ələ keçirərək, zavodda arası kəsilmədən fit çaldırdıq. Şəhər əhalisi o vaxt Azadlıq meydanı dediyimiz əraziyə toplaşdı. AXC-nin Quba, Qusar və Dəvəçi rayon şöbələrinə əhalinin gəlməsi üçün müraciətlər etdik. On minə yaxın insanın iştirakı ilə böyük bir mitinq keçirdik. Ardınca operativ tədbirlərə əl atdıq. Yanvarın 17-də Xaçmaz dəmiryol stansiyasını zəbt etdik. Xudat dəmiryol stansiyasının rəisi ilə qatarı buraxmaması üçün danışıqlar apardıq. O da böyük köməkliklər göstərdi. Milli azadlıq hərəkatının Xudatdakı fəallarının böyük köməyi ilə 978 saylı hərbi qatar ana xətdən çıxarılaraq dalan yola salındı", - deyə M. Mehdiyev həmin dövrü belə xatırlayır.

Onun sözlərinə görə, həmin vaxt paralel olaraq quru yollar da bağlanıb: "Qatarı tamamilə mühasirəyə saldıq. Qusardan gələn maşınlar Yalamada dəmir yolunun üzərinə çıxaraq yolu bağladı. Xaçmazı biz bağlamışdıq. O vaxt Dərbənd azərbaycanlıları ayağa qalxaraq şəhərin girəcəyindəki tunelin önündə tonqallar yandıraraq keşik çəkirdilər. Məqsəd quru yolların da bağlanması idi. Azərbaycanla Rusiya arasındakı Samur keçid məntəqəsində çayın üzərindəki böyük köpüyə ağır tonnajlı maşınlar çıxarıldı. Şirvanovka, Xanoba və Nabran kəndlərində də postlar quruldu. Beləliklə, əsas girişlər bütünlüklə qapadıldı".

"35 nəfər qatarın qarşısını kəsmək üçün relslərin üzərinə uzanacaqdı, hücum planlaşdırmışdıq"

M. Mehdiyev eşelon komandirinin qatarın mühasirəyə alınmasındn sonra onlarla danışıqlara getmək məcburiyyətində qaldığını deyir: "Polkovnik idi. Çox qəddar insan idi. Üçnəfərlik heyətlə Xudat dəmiryol stansiyasının anbarında danışıqlara başladıq. Bizdən yolu açmağı tələb etdi. Qadınlara, uşaqlara rəhm etməyəcəyi ilə hədələdi. Həmin vaxt paralel olaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi, Xaçmazdan SSRİ-nin və Azərbaycan SSR-nin deputatı olan Viktor Polyaniçko da rayon rəhbərliyi ilə danışıqlar aparırdı. O da qatarın qarşısının açılmasına və eşelonun Bakıya hərəkət etməsinə çalışırdı. Mənə məlumat verdilər ki, bununla belə V. Polyaniçko vəziyyətin ciddiliyini və hərbi qatarın irəliləyə bilməyəcəyini başa düşüb. Bizim isə fikrimiz qəti idi. Hərbi eşelonun komandirinə mühasirədə olduqlarını, irəliləyəcəkləri təqdirdə daha böyük müqavimətlə üzləşəcəklərini bildirdik. Biz əlavə tədbirlər görmüşdük. Xeyli sayda "molotov kokteyli" hazırlamış, əlimizdə olan ov tüfəngləri ilə silahlanmışdıq. Silahlandığımızı danışıqlarda sözarası eşelonun komandirinə eşitdirdik. Operativ planımıza görə, qatar irəliləyəcəyi təqdirdə müəyyən olunmuş ərazidə dəmiryolu xətti dağıdılacaq, qatara hücum edilərək əsgərlər tərksilah olunacaqdı. Hətta 35 nəfər hərbi biletini təhvil vermişdi və onlar relslərin üzərinə uzanacaqdı. Yanvarın 18-də vəziyyətin mürəkkəbliyini başa düşdülər və danışıqların heç bir nəticə vermədiyini gördülər. Axşam əmr gəldi ki, eşelon geri qayıtsın. Qatar Qorbaçov əleyhinə şüarlarla Xudat stansiyasından geri göndərildi" - deyə o bildirir.

"Həmin günlər polis şöbəsində bir dənə də cinayət, oğurluq faktı qeydə alınmamışdı"

M. Mehdiyev həmin vaxt qeydə alınan maraqlı bir detala da toxunub: "Biz həbsxanadan çıxan cibgirlərə, oğrulara, keçmiş məhkumlara asayişi qorumaları üçün xüsusi müraciət etmişdik. Maraqlıdır ki, həmin günlər Xaçmaz polis şöbəsində bir dənə də cinayət, oğurluq faktı qeyd alınmamışdı. İnsanlar bir nəfər kimi düşmənə qarşı birləşmişdi. Qatarın Bakıya buraxılmaması regionun tarixində ciddi hadisə idi. Biz əli silahlı müqavimətçilər idik. Məqsədimiz ölkəmizi hücumlardan, təcavüzdən qorumaq idi. Bu işdə iştirak edən hər kəsə təşəkkür edirəm. Amma iki gün sonra Bakıya başqa istiqamətdən hücumlar oldu və qırğınlar törədildi. 20 yanvar heç vaxt undulmayacaq tarixdir. O gün yüzlərlə şəhid verdik, eyni zamanda, müstəqilliyimizə qovuşduq. Şəhidlərimizin qəbri nurla dolsun".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.