“Əlimdə səfir Azər Xudiyevlə bağlı şok videolar var” - Sabiq səfirdən sensasiyalı ittihamlar / VİDEO
23-01-2019, 18:01
Azərbaycanın Ukraynadakı indiki və sabiq səfirləri – Azər Xudiyev və Tələt Əliyev arasında qalmaqal davam edir. Azər Xudiyev səfirlik binasının təmirinə ayrılmış pulun mənimsənildiyini, təmir aparılmadığını, Tələt Əliyev isə səfirliyin binasında yaranan çatların yaxınlıqdakı çoxmərtəbəli binanın tikintisi ilə əlaqələndirir. Artıq Azərbaycan Hesablama Palatasının mütəxəssisləri də səfirlikdə audit yoxlaması aparıb, sənədlər Baş Prokurorluğa göndərilib.
Səfirliyin binasının ukraynalı mütəxəssislər tərəfindən yoxlanlmasını yolverilməz sayan Tələt Əliyev BakuPost-a müsahibəsində isə bir çox məqamlara aydınlıq gətirir:
Tələt müəllim, Ukraynada sizinlə indiki səfir Azər Xudiyev arasında gərginləşən münasibətlər haqqınızda cinayət işinin açılmasına qədər gedib çıxdı. Siz də məsələlərin obyektiv araşdırılması üçün həm Azərbaycan, həm də Ukrayna prezidentlərinə müraciət etmisiniz. Hazırda vəziyyət necədir?
- Nə deyə bilərəm ki?! Əvvəl də qeyd etdiyim kimi, səfir Azər Xudiyevin bu barədə cəhdləri qeyri-qanunidir. Hamı bilir ki, 8 il bundan əvvəl baş verən hadisənin bu gün qabardılmasında prinsip məsələsi var.
Mən də bu prinsipin haradan qaynaqlandığını ictimaiyyətə açıqlamışam. Səfir dövlət məsələləri, diplomat olduğu ölkədə yaşayan azərbaycanlıların qayğıları ilə məşğul olmalıdır. Cənab Prezidentin səfirlərə ilk tapşırığı bu kimi məsələlərdən ibarətdir. Azər Xudiyev isə bunun əksini edir.
Bəli, hər iki Prezidentə müraciət etmişəm, proses davam edir, lazım olsa yenə müraciət edəcəyəm.
Bir məqamı da qeyd etmək istəyirəm. Tikinti-təmir normativlərinə görə 8 ildən sonra heç bir təmir işi ilə bağlı şikayət ola bilməz. Yəni 8 ildən əvvəlki təmiri yoxlatmaq olmaz. 28 dekabr 2018-ci ildə xarici işlər naziri Elmar Məmmədyarova rəsmi müraciət etmişəm, bütün əsas sənədləri də fotolarla ona göndərmişəm. Azər Xudiyev səfirliyin binasında aparılmış təmirin yoxlanması üçün Azərbaycan Layihə İnstitutundan mütəxəssisləri çağırmaq əvəzinə Ukrayna Tikinti Konstruksiya İnstitutunun mütəxəssislərini dəvət edib. Bu isə əslində səfirliyin təhlükəsizliyi ilə əlaqədar yolverilməz haldır. Səfirlik Azərbaycan ərazisidir. Problem varsa, səfirliyin məxsus olduğu ölkənin mütəxəssisləri çağırılmalıdır. Səfirliyin binasına, binanın çertyojuna, girişinə, çıxışına baxan ukraynalı mütəxəssislər xüsusi xidmət orqanlarının da işçiləri ola bilər. Bunun özü də təhlükəsizliyə problem yaradır. Rəy verənlər Ukrayna Tikinti Konstruksiya İnstitutundan gəliblər. Belə çıxır ki, onların Ukrayna Tikinti Konstruksiya İnstitutunun mütəxəssislərin davam etməkdə maraqlı olublar. Əks təqdirdə səfirliyin təmiri layihəsini hazırlamış Azərbaycan Layihə İnstitutunun mütəxəssislərini dəvət edərdilər.
- Binanın son vəziyyəti ilə bağlı araşdırma da aparıldı. Ümumiyyətlə, cinayət işi ilə bağlı nə yeniliklər var?
- Bəli, Azərbaycandan gəlib baxıb, yoxlayıblar. Qoy yoxlasınlar,. Azərbaycan bizim dövlətimizdir. Dövlətimin qarşısında boynumuz qıldan incədir. Amma, yenə də israrla bildirirəm ki, səfirliyin binasında yaranan çatlar 8-10 il bundan əvvəl aparılan təmirlə bağlı deyil. Problem səfirliyin dibində son 2-3 ildə tikilən hündürmərtəbəli yaşayış binasıdır. Orada işləyən fəhlələr deyirdilər ki, binanın suvaqları vurulanda sanki səfirliyin binasında zəlzələ baş verirdi. Bunu hamı bilir və görür. Zəhmət çəkib bu məsələni araşdırsınlar. Əgər yeni tikilən yaşayış binası səfirliyə problem yaratmasaydı, 10 il əvvəl mən, məndən sonra da digər səfirlər onun tikintisinə razılıq verərdi. Biz problemi gördüyümüz üçün razılıq vermədik. Bizdə olan məlumata görə, indiki səfir Azər Xudiyev isə maddi marağını güdərək dərhal razılıq verdi, nəticələri də ortadadır. O yerdə torpaqda sürüşmə prosesi var və böyük maddi xərclər qoyulub qarşısı alınmalıdır. Səfirliyin təhlükəsizliyinin sıfırda olması binanın tikintisi ilə bağlıdır.
Cinayət işinə gəlincə, mənə verilən məlumata görə, səfir Azər Xudiyev hər həftə Ukrayna Prokurorluğuna gedir, problemi dərinləşdirmək üçün əlindən gələni edir. Səfir statusundan istifadə edərək mənim həbs olunmağım üçün şəxsi əlaqələrindən belə yararlanır. Bizdə olan məlumat budur. Prokurorluqdan bizə dedilər ki, gedin məsələnizi səfirlə həll edin. Sizin səfir hər həftə bura gəlir.
- Ümumiyyətlə səfirlə bağlı mütəmadi olaraq xəbərlər yayılır. Əlbəttə, bu xoş deyil, hər halda Azər Xudiyev Azərbaycanı təmsil edir. Sizcə, bu, Azər Xudiyevə qarşı kampaniya ola bilərmi? Yəni sizin məsələnizdən istifadə edən bəzi narazı adamlar da səfirə qarşı kampaniya aparsınlar...
- Bilirsiniz, mən iddia etmirəm ki, yazılanlar hamısı doğrudur. Məni yalnız öz məsələm maraqlandırır. İkincisi, mənim məsələm ortalığa çıxmamışdan əvvəl də səfirin ünvanına tənqidlər yazılırdı. Amma görünən odur ki, Azər Xudiyev işini düz qurmayıb. Əgər bunun əksi olsaydı, bu qədər söz-söhbət yaranmazdı. Niyə Belarusdakı, Moldovadakı, Rusiyadakı, lap elə Pakistandakı səfirdən yazmırlar? Mən 9 il Ukraynada səfir işləmişəm, Ukrayna mentalitetini gözəl bilirəm. Eyni zamanda Ukraynada yaşayan azərbaycanlılarla hər zaman təmasda oluram. Səfir kimi fəaliyyətimi başa vurduqdan sonra diaspor fəaliyyətində soydaşlarımız arasında dövlətimin maraqlarından çıxış edirəm. Yəni, hamı pis ola, yalan danışa, kampaniya apara bilməz axı... Yaxşı, məndən, Eynulla Mədətlidən niyə yazmırdılar? Azər Xudiyev bizim düşmənimiz deyil ki, onu haqsız yerə tənqid edək.
Kim nə deyir, nə yazır yazsın: səfir hər bir halda bu ölkədə yaşayan azərbaycanlıların arxasında durmalıdır. Biz isə son bir ildə bunun tam əksini görürük. Əlbəttə, bu, yol verilməzdir. Yuxarıda qeyd etdiyim kimi Cənab Prezident onu bura ona görə təyin edib ki, azərbaycanlıların hüquqlarını, dövlətin isə mənafeyini qorusun. Bu isə əksinə, azərbaycanlılara qarşı "səlib yürüşü”nə çıxıb. Bütün bunları da hamının gözü qarşısında edir. Bilirsiniz, insanların ağzını tikmək olmaz, bu gün də olmasa, sabah, biri gün harada gəldi danışacaqlar.
Səfirliyimizin telefon nömrələrinə zəng edin, görün siz ora düşə bilirsinizmi? Və yaxud da oradakı şəxslərlə danışa bilirsinizmi? Mən səfir işləyəndə insanlar konsulluğa da, səfirliyə də sərbəst girib çıxırdılar. İsti-soyuq havalarda soydaşlarımızın səfirliyin qarşısında boynubükük gözləmələrinə imkan verməzdik. Səfirlik onların evidir. İndi nə baş verir? İnsanları qarlı - çovğunlu havalarda saatlarla qapıda gözlədirlər. Azərbaycan dövlətinin büdcəsindən maaş alanlar içəridə otursun, amma insanlar bayırda donsunlar. Bu ədalətlidirmi?
Bizim dövrümüzdə belə deyildi. Onlar elə bil azərbaycanlılardan qisas almaq üçün gəliblər. Təsəvvür edin, 15-20 dərəcədə şaxtada arvad-uşaq demirlər, saatlarla çöldə saxlayırlar. "Növbədə durun, növbə çöldədir” deyirlər. Bu hal Ukraynanı demirəm, dünyada hansı səfirliyin qarşısında baş verir? Azərbaycan "ASAN” Xidmətlə dünyaya nümunə göstərdiyi bir vaxtda xaricdə - konkret Ukraynada yaşayan azərbaycanlılar görün nə günlərdə qalıblar, təsəvvür edirsinizmi?
- Səfir Azər Xudiyev bir ara diplomatik nömrə qalmaqalı ilə də gündəmdə gəlmişdi. Siz də səfir işləmisiniz, ümumiyyətlə bu məsələ necə tənzimlənir?
- Bu, diplomatik qayda-qanunlarla həll olunan ciddi məsələdir. Səfirlərin subyektiv mülahizələrinə bağlı deyil.
Bəli, məndə də olan məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus diplomatik nömrələr diplomatiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, lakin səfir Azər Xudiyevə bu və ya digər mənada bağlı olan adamlara verilir. Bu, çox ciddi qanun pozuntusudur.
Digər bir məqam isə səfirliyin iqamətgahında Ukrayna vətəndaşı olan bir xanımın uşaqları ilə bərabər yaşamasıdır. Bu da yolverilməz haldır. Əlimizdə çox ciddi foto və videolar var. Diplomatik qaydalara uyğun olaraq səfirliyin iqamətgahında xarici vətəndaşın yaşamaq hüququ yoxdur, o, agent də ola bilər. Məhz bu həmin xanımdır ki, iqamətgahda yaşadığı kimi, Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli avtomobil də idarə edir. Bəli, maşın səfirin şəxsi malı ola bilər, amma nömrə diplomatik nişanlıdır. Bilirsiniz, bu barədə faktlar çoxdur. Biz yaxın günlərdə bu istiqamətdə ciddi dəlillər ortaya qoyacağıq. Əvvəla, bu suala cavab veriləcək ki, iqamətgahda yaşayan və toxunulmaz elan olunan bu qadın kimdir? Bu barədə hələ ki, bundan artıq heç nə deyə bilmərəm.
Səfirlikdəki bütün hüquqi sənədlər Zülfiyyə adında qızın adından göndərilir. Zülfiyyə də Yanukoviçn dövründə Dnepetrovskdə hakim olub, rusiyayönümlü qüvvələrə çalışıb. Ukraynadan qaçan Yanukoviçi dəstəklədiyi üçün hakimlikdən qovulub.
İndi də səfirliyə gələn və gedən sənədlər onun əlindən keçir. Bunun özü də böyük biabırçılıqdır ki, Azərbaycan səfirliyinin sənədləri qadının əlindən keçir. Bir azərbaycanlı hüquqşünas tapılmadı ki, bu sənədlərə baxsın?!
Azər Xudiyev Ukraynada yaşayan azərbaycanlıların oğurlanması, öldürülməsi ilə bağlı da heç bir iş görmür. Səfir nəinki bu məsələlərin üzərinə getmir, hətta ört-basdır edir.
- Bizdə olan məlumata görə, o qadının video - görüntülərini yayan gənc azərbaycanlı tələbə ilə bağlı da Ukrayna hüquq-mühafizə orqanlarında cinayət işi qaldırılıb?
- Bəli, elədir ki, var. Bu da Azər Xudiyevin Ukraynada yaşayan azərbaycanlılara növbəti "qayğısı” idi. Bildiyimə görə, həmin gənc tələbə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanlarına da Azər Xudiyev şikayət edib. Guya qadının maşınını partladacaqmış, terror edəcəkmiş... Burda da onu terrorçu kimi həbs edib 4 gün saxlayıblar, deyilənə görə işgəncə də veriblər, sonra da ölkədən deportasiya ediblər. Beləliklə, daha bir azərbaycanlı tələbənin həyatı məhv olub. Axı nə üçün, nəyə görə? Bax, bunu araşdırmaq lazımdır.
Biz Azərbaycan dövlətinə inanırıq, ümid edirik ki, ədalət gec də olsa təcəlla edəcək. Sadəcə dövlətə, prezidentə güvənib öz işimizlə məşğuluq.