Dövlət Agentliyinin İdarə rəisi: Qəzalar nəticəsində yol təsərrüfatına 1 ildə 650 min manat ziyan dəyib

24-01-2019, 08:22           
Dövlət Agentliyinin İdarə rəisi: Qəzalar nəticəsində yol təsərrüfatına 1 ildə 650 min manat ziyan dəyib
Azərbaycanda bir çox sahələrdə olduğu kimi, avtomobil yollarının tikintisi sektorunda da canlanma, irəliləyiş var. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov Trend-ə müsahibəsində ötən illərdə görülən və gələcəkdə planlaşdırılan işlərdən danışıb.

- Əflatun müəllim, 2018-ci ildə avtomobil yollarında nə kimi işlər görülüb?

- Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib, bir sıra nailiyyətlər əldə edilib.

Dövlət başçısının sədrliyi ilə 2018-ci il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında görülən işlərdən də danışıb, 500 yaşayış məntəqəsini əhatə edən 1300 km uzunluğunda yol salındığını, bunun çox böyük göstərici olduğunu xüsusi olaraq vurğulamış və 2018-ci ildə agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoymuşdu. Prezidentin bu mühüm tapşırığı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilib.

2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihə başa çatıb. O cümlədən 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 qəsəbələrarası (Bakı şəhəri) və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil tunelinin tikintisi işləri başa çatıb.

Bu layihələrin həyata keçirilməsi nəticəsində 920 yaşayış məntəqəsində yaşayan 2,2 milyon nəfər əhali 2042,3 km uzunluğunda rahat avtomobil yollarından istifadə edərək, tədarük etdikləri kənd təsərrüfatı məhsullarını (pambıq, barama, tütün və. s) və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdıra biləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2018-ci il ərzində uzunluğu 2042,3 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. O cümlədən respublika əhəmiyyətli 517,6 km, yerli əhəmiyyətli 1369,7 km, Bakı şəhəri üzrə 155,0 km yol təmir olunub. Yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan islahatlar nəticəsində 1 yanvar 2019-cu il tarixinə birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu artaraq 909,5 km olub. Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 33 körpü, 29 yolötürücü, 4 tunel tikilib, 10 körpü isə təmir edilib.

Ötən il ümumilikdə Dövlət Agentliyi tərəfindən 2159,3 min ton asfalt-beton istehsal edilib, 118,8 min ton bitum, 15,5 min ton mazut və 150,0 ton xüsusi aktiv əlavə istifadə edilib.

Möhtərəm Prezident İlham Əliyev ümumilikdə 2018-ci il ərzində başa çatmış layihələr daxil olmaqla, 40 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, tövsiyə və tapşırıqlarını verib.

Keçən ilin may və iyun aylarında Şəki, Oğuz, Qəbələ, İsmayıllı, habelə Göyçay rayonları ərazisində aramsız yağan yağışlardan əmələ gələn sel sularının təsirindən iyunun 2-də sahil-bərkitmə qurğularının dağılması nəticəsində M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci km-də Göyçay çayı üzərində yerləşən metal körpünün sol kənar dayağının konusunun yuyulması, svay özüldə və yanaşma yolunda dağılma baş vermiş və körpü qəzalı vəziyyətə düşmüşdü.

Prezident yolun beynəlxalq yük və sərnişin daşınmasındakı əhəmiyyətini, habelə 200 min nəfərədək əhalinin yaşadığı Göyçay və Ağsu rayonlarını birləşdirən yeganə körpü olmasını, alternativinin olmadığını nəzərə alaraq, 7 iyun 2018-ci il tarixli 187 nömrəli sərəncamı ilə körpünün bərpasına 3,5 milyon manat vəsait ayırmışdı və Dövlət Agentliyi tərəfindən körpüdə təxirəsalınmaz təmir-bərpa işləri qısa müddət ərzində başa çatdırılaraq iyunun 22-də nəqliyyatın hərəkəti təmin edildi.

Bərdə şəhərində Tərtər çayı üzərində yerləşən, uzun illər istismar edildiyindən qəzalı vəziyyətə düşən uzunluğu 118 m olan dəmir-beton körpü də möhtərəm Prezidentin ehtiyat fondundan ayırdığı vəsait hesabına bərpa edilərək istismara verilib.

- Ölkədə yeni ödənişli yollarla bağlı vəziyyət nə yerdədir?

- 2018-ci il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatan, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsini təşkil edən, uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib.

Yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına gətirib çıxaracaq.

Eyni zamanda, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 31-201 kilometrlik hissəsinin ödənişli əsasa keçirilməsi üçün müvafiq işlər görülür.

- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun tikintisi işləri necə gedir?

- Prezident İlham Əliyev 7 dekabr 2017-ci il tarixində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 km hissəsinin tikintisinin təməlini qoyub, 19 fevral 2018-ci il tarixli 3692 nömrəli sərəncamı ilə yolun tikintisinə ilkin olaraq 150 milyon manat vəsait ayrılıb.

Hazırda yeni tikilən magistral yolun uzunluğu 29,9 km olan ilk lotu üzrə işlər sürətlə davam edir və 7,5 km hissədə asfalt-beton örtüyünüs üst layı istisna olmaqla bütün işlər başa çatıb.

Digər hissələrdə layihələndirmə, tikinti altına düşən maneələrin köçürülməsi və tikinti işlərinə hazırlıq işləri yerinə yetirilir.

- Ötən il Bakı şəhərində də avtomobil yollarının inşası aparılıb. Hazırda bu istiqamətdə hansı işlər görülür?

- Bakı şəhərində ümumi uzunluğu 155,0 km olan qəsəbələrarası və şəhər yolları yenidən qurulub və təmir olunub. Bunlar Binəqədi rayonu, Binəqədi şosesinin 5,7 kilometrlik hissəsinin yenidən qurulması, 9 kilometrlik Babək prospektinin yenidən qurulması, 8,3 kilometrlik Sabunçu rayonu, Maştağa-Nardaran avtomobil yolunun əsaslı təmiri, 1,9 kilometrlik Binəqədi rayonu, Abay Kunanbayev küçəsinin əsaslı təmiri, 1,3 kilometrlik Nərimanov rayonu, İslam Abışev küçəsinin əsaslı təmiri, Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası yol qovşağından Sabunçu yolötürücüsünə qədər olan 2,24 kilometrlik hissəsinin təmiri, 5,8 kilometrlik Balaxanı-Binəqədi-Xırdalan avtomobil yolunun təmiri, Xətai rayonu, 2,2 kilometrlik Məhəmməd Hadi küçəsinin əsaslı təmiri, Ramana-Maştağa yolu ilə Ramana qalası tarixi abidəsini birləşdirən 4 kilometrlik avtomobil yolunun əsaslı təmiridir.



“Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid – müxtəlif səviyyəli yol qovşağı” layihəsi isə olduqca qısa vaxt ərzində yüksək keyfiyyətlə yerinə yetirilərək, 2018-ci il mayın 7-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirildi.

Bunun nəticəsində günün pik saatlarında Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metro stansiyasının qarşısından keçmədən yeni avtomobil tuneli ilə Ziya Bünyadov prospektindən Atletlər kəndi istiqamətinə və oradan da Bakı Olimpiya Stadionunun arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət etdiklərindən, "Koroğlu" metrostansiyasının qarşısındakı nəqliyyat tıxacı aradan qaldırılıb.

Bundan başqa, hazırda Bakı şəhərində ümumilikdə 5 piyada keçidinin layihələndirilməsi və FHN-dən ekspertizadan keçirilərək tikintisi işləri davam etdirilir.

- Əflatun müəllim, təmsil etdiyiniz qurum daxili investisiya ilə yanaşı, xarici investisiyalarla da iri layihələr həyata keçirir. Həmin layihələr hansılardır?

- Bəli, bu gün respublikanın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq maliyyə institutlarından və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına da irimiqyaslı layihələr həyata keçirilir. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsi xarici investisiya hesabına tikilir. Bu yolun 55,8-80,6 kilometrliyi Salyan-Şorsulu hissəsidir. Layihə Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Uzunluğu 24,8 km olan I dərəcəli yolun tikintisi işlərinə 2014-cü ilin iyun ayında başlanılıb, 2018-ci ildə başa çatdırılıb. Yolun Şorsulu-Cəlilabad ərazisindəki 31 kilometrlik hissəsi Asiya İnkişaf Bankı ilə bağlanmış kredit sazişinə əsasən inşa olunur. Uzunluğu 31 km olan I dərəcəli yolun tikintisi işlərinə 2015-ci ilin sonunda başlanılıb, 2018-ci ildə başa çatdırılıb.

Bundan başqa, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 4 zolağa qədər genişləndirilməsi layihəsinin 16 kilometrlik Bədəlli-Şamaxı hissəsi Dünya Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir. Yolun tikintisi işlərinə 2017-ci ilin dekabrında başlanılıb və 2019-cu ilin dekabrında başa çatdırılacaq.

Mingəçevir-stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması layihəsi də xarici investisiya hesabına reallaşdırılır. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış borc sazişinə uyğun olaraq həyata keçirilir.

Borc sazişi çərçivəsində Mingəçevir-st. Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R-18) 3 hissədən (154,4 km) ibarət olmaqla bərpası nəzərdə tutulub.

Bundan başqa, uzunluğu 111,9 km olan Qarağacı-Bəhramtəpə yolunun tikintisi işlərinə 2016-cı ilin aprel ayında başlanılıb. Tikintinin əvvəlindən 1 oktyabr 2018-ci il tarixinədək layihə üzrə tikinti-quraşdırma işlərinin 100 faizi yerinə yetirilib və 2018-ci il 22 oktyabr tarixində layihənin rəsmi açılış mərasimi keçirilib.

- Ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində yollara nə qədər ziyan dəyib?

- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.

2018-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 4205 yol nişanı, 28 792 siqnal dirəyi, 16 100,0 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 1286,5 min kv.m həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirib.

Görülən tədbirlərə baxmayaraq, 2018-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 448 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7799 pm əyrixətli tirlər, 61 m mühafizə çəpəri, 18 ədəd işıq dirəyi, 20 ədəd yol nişanı və 6 ədəd məlumatverici lövhə yararsız hala düşüb, ümumilikdə yol təsərrüfatına 649 983 manat məbləğində maddi ziyan dəyib, bundan da 444 954 manatı ödənilib.

- Qış mövsümü ilə əlaqədar yolların təmizlənməsi təmsil etdiyiniz qurumun öhdəliyindədir. Ötən il bu məqsədlə yeni texnikalar alınıb?

- 2018-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazasını gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlər alınıb. O cümlədən 16 avtoqreyder, 8 ədəd asfaltdöşəyən, 16 təkərli ekskavator, 12 yük maşını, 21 yolsüpürmə texnikası, 21 yükləyici, 16 yükünü özü boşaldan,10 qum-duz səpən, 7 avtobus, 9 əyrixətli tirləri yumaq üçün avtomobil, 3 küçə işıqlandırma sisteminə qulluq üçün avtomobil, 3 evakuator, 6 otbiçən, 4 qoşqu, 6 yol təmir maşını, 1 asfalt yonan frez, 10 çat dolduran texnika, 10 pikap (UAZ markalı), 12 yük-sərnişin avtomobili, 5 yüksək təzyiqli su ilə təmizləmək üçün texnika, 4 qar təmizləyən, 13 qoşa silindrli vibratorlu vərdənə, 8 pnevmatik təkərli vərdənə alınaraq istifadəyə verilib.

- Avtomobil yollarının təhkim zolaqlarında yaşıllıqlar salınır. Həmin yaşıllıq zolaqlarının mühafizəsi ilə bağlı hansı işlər görülür?

- "Azərbaycan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km yolun təhkim zolağındakı yaşıllıqlara xidmət gösrərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 332 040 ədəd, o cümlədən 991 336 ədəd çoxillik ağac mövcuddur.

Avtomobil yollarının təhkim zolağında 2016-2017-ci illərdə 254 613 ədəd, 2018-ci ildə isə 86 543 ədəd, ümumilikdə 568,6 hektar ərazidə 341 156 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri Bakı şəhərində 105,5 hektar yaşıllıq sahəsinə, o cümlədən 21,7 hektar qazon sahəsinə, 97 149 ədəd müxtəlif növ ağac və kol bitkisinə qulluq edirlər. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damcı üsulu ilə suvarma sistemləri quraşdırılıb.

"Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-ləri tərəfindən 8,6 hektar ərazidə yaradılmış 5 tinglik sahəsində yetişdirilən 158 370 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 134 150 ədəd ağac və kol bitkisi yetişdirilib.

Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, onların uçot sisteminin təkmilləşdirilməsi, mühafizəsinin gücləndirilməsi tədbirləri həyata keçirilib və bu işlərə bundan sonra diqqət daha da artırılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.