"Özünə hörmət edən qadının baxımı məhz alt paltarından başlamalıdır" - MÜSAHİBƏ
24-01-2019, 17:20
İlin moda trendi və azərbaycanlılar bununla necə ayaqlaşır?
Dəblə geyinmək, ilin trendlərini yaxalamaq əksəriyyət üçün ilk sıralarda dayanan məsələlərdəndir. Əslində, kim istəyər ki, geyimi ilə göz oxşamasın? Atalar demişkən, insanı geyiminə görə qarşılayır, ağlına görə yola salırlar. Yəni geyim, aksesuarlar bizim ilkin təqdimatımızdı. Bəs Azərbaycan insanı özünü necə təqdim edir, sürətlə dəyişən modaya əsasən dünya ilə ayaqlaşa bilirmi?
Bu mövzuda Türkiyədə yaşayan azərbaycanlı modelyer Ləman Süleyman ilə danışdıq. Onu da qeyd edək ki, Türkiyənin eləcə də ölkəmizin məşhur simaları və markaları ilə çalışan azərbaycanlı modelyer "Lemans” adlı brendini xarici ölkələrə ixrac edir. Bu gənc xanım Türkiyədə tekstil şirkəti açan ilk azərbaycanlıdır. Bir çox beynəlxalq moda gecələrində öz dəsti-xətti ilə iştirak edir. Ötən ilin yayında Batumidə moda həftəsi çərçivəsində Türkiyənin məşhur ifaçısı Funda Kılıç məhz Ləman xanımın ərsəyə gətirdiyi libasla çıxış etdi ki, bu da böyük marağa səbəb oldu. Beləliklə, Ləman Süleymanlı ilə müsahibəmizi təqdim edirik:
- Dünyaya modanı diktə edən ölkələr hansılardır?
- Dəyişilməz olaraq Fransa, İngiltərə və İtaliya. Amma modanı diktə edən şəhərlər də var. Bunlar arasında isə New York və Tokio ciddi anlamda xüsusi rol oynayır. Paris isə birmənalı olaraq, hər zaman modanın aristokrat mərkəzi kimi yer alır. Milan və New Yorkdakı moda anlayışı daha çoxticarət və istehlak yönündədir. London isə yeni eksperimentlər, dizaynerlər, ideyalar üçün ideal məkandır. Ümumiyyətlə, modada yeni adlar məhz bu şəhərdə yaranır.
- 2019-cu ilin moda trendi nədir?
- Yüksək modadan deyil, daha çox gündəlik istifadə olunan geyimlərdən danışaq. Ümumiyyətlə, praktik və rahat geyim daha çox aktuallıq əldə edir. Bu isə artıq o deməkdir ki, geyimdə bir sıra eksperiment etmək və eyni zamanda rahatlığı qoruyan bir baxış həqiqətən də trend oldu. Məsələn, t-şört ( "futbolka" ) üstündən klassik pencək geyinib, hər hansı bir orta və uzun ətəklə birlikdə idman ayaqqabısını çox rahat uyğunlaşdırmaq olar. Burda əsas məsələ odur ki, bir-birinə çox zidd olmayan rənglər seçilsin. Beləliklə, son illərin trendi olan "Casual" tərzini hər kəs düzgün və individual formada yarada bilər. Hazırda idman stili inanılmaz şəkildə irəliləyib. Klassiklik tərz isə, hər ilin və hər zamanın dəyişilməz trendidir.
Rənglərə gəlincə, bu ilin ən aktual rəngləri: tünd zoğalı, zeytun, lalə və armud qırmızısı, duman mavisi, acıq və incə boz tonlar, lavanda və ultra bənövşəyi, dərin yaşıl və açıq kərpic tonlarıdır.Bu il moda - monoxromu (tək rəngli və ya ağ-qara rəng) sevir.
Özünə hörmət edən qadının baxımı məhz alt paltarından başlamalıdır
- Bəs moda fəsillərə uyğun olaraq dəyişirmi?
- Modanın fəsillərə görə dəyişdiyini deməzdim. Daha doğrusu, hər il üçün yeni trendlər yaradılır. Yəni yeni rənglər seçilir, yeni detallar ortaya çıxır və s.Hal hazırda dünyada moda daha çox ticarətlə bağlı istiqamətlənir. Məsələn, hər hansı bir "X" markanın yeni modeli daha uğurlu oldu və çox satıldı. Bu zaman digər bir çox məşhur marka istehsalçıları da ona bənzərini istehsal edirlər ki, sezon satışları yüksək olsun. Bunun ardından da bir az geridə qalan bütün kiçik və orta istehsalçılar da o trendleri təqib edirlər ki, gündəmdə qala bilsinlər. Bu artıq moda və satış dünyasında normal hesab edilən bir prosesdir.
- Aksessuarlar nə vaxt yersiz görünə bilir, bizim ölkədə bu məqama düzgün riayət edə bilirlərmi?
- Ümumiyyətlə, aksessuar geyimin ən önəmli hissəsidir. Çanta, ayaqqabı, kəmər, eynək keyfiyyətli olmalıdır və eyni zamanda doğru seçilməlidir. "Hansı hallarda yersiz görünə bilər" sualına ən sadə cavab : Çanta, ayaqqabı və eynək - ümumi tərzə hər zaman uyğun olmalıdır. Bu çox incə nöqtədir. Bizim ölkədə insanlar modanı çox yaxından izlədikləri üçün ümidvaram ki, bu incə və önəmli məqama diqqət yetirirlər.
- "İlin rəngi" anlayışı bütün geyimlərə tətbiq olunarsa bu yeknəsəqliyə gətirməzmi?
- Təbii ki, hər il moda ekspertləri, bəlli bir rənglər seçirlər. Amma, bu o demək deyil ki, o rənglər hər insana yaraşır və ya insanlar bunları sevir, istifadə edirlər. Ümumiyyətlə, heç kim məcbur deyil ki, məhz ilin rəngində geyinsin. Sevməyə də bilərlər. Rəngi uyğunlaşdırmaq çox önəmlidir, hətta buna görə, deyərdim ki, ilin rəngi sizə uyğun deyilsə, rəng kombinasiyasını doğru seçə bilmirsinizsə, klassik tonlardan istifadə edin.
- Gəlinliklərdə moda sürətlə dəyişirmi, bu il üçün xüsusi dəyişiklik nəzərdə tutulur?
- Gəlinliklər günlük geyimlər qədər sürətlə dəyişməsə də belə, yenə də, hər il yeni parçalar, dəyişik aksessuarlar istehsal olunur. Yeni modellər dizayn olunur və bu sahədə bir çox məşhur dizaynerin olduqca maraqlı və gözəlideyalarını podiumlarda müşahidə edə bilərik. Yaxın keçmişdə gəlinlikləri çox təmtəraqlı və qabarıq formalarda görürdük. Hal hazırda isə incə, zərif gəlinlikləri müşahidə edirik. Gəlinlikdə əl işlərinin olması onu daha önəmli edir.
- Məşhur modelyer Vera Vanqın stilini gəlinliklər üzrə lider hesab etmək olarmı?
- Bəli, Vera Vanq gəlinlik moda dünyasının kraliçası hesab edilir. Bu ümumi qəbul olunan faktdır. Vera Vanq ilk gəlinliyi məhz özünə tikib. Çünki o, istədiyi gəlinliyi heç bir dizaynerin butikində tapa bilmirdi. Və çox bəyənilən gəlinliyindən sonra, ilk gəlinlik kolleksiyasını çıxardı. Hazırda moda dünyasında digər məşhur gəlinlik dizaynerləri var. Onlar ümumi kolleksiyalarına gəlinliklər də daxil edirlər ki, bunlar da xeyli səs-küyə səbəb olur.
- Şərq ölkələrində alt paltarları üzrə modanı yaymaq, bu sahədə biznes qurmaq nə qədər uğurlu olur?
- Deyəsən, zaman keçdikcə alt paltarları, çimərlik və bikini modası daha çox aktuallaşır (gülür). Çünki, son zamanlar bütün sosial media səhifələri alt paltarlarını nümayiş etdirən xanımlarla doludur. Bu bir zarafatdı. Amma, alt paltarları üzrə moda da təbii ki, bu sektorun əvəzolunmaz və əsas bir hissəsidir. Çünki özünə hörmət edən qadının baxımı məhz alt paltarından başlamalıdır. Və nəinki, Şərq ölkələrində bütün dünyada alt paltarı ticarəti kifayət qədər uğurlu hesab edilir.
- Bu il ayaqqabılarla bağlı fərqli dizaynlara rastlaşacağıqmı?
- Son illər ayaqqabı ilə bağlı vəziyyət çox sevindiricidir. Hazırda hər bir marka və dizaynerlər çalışırlar ki, daim yenilənsinlər, gözəl dizaynda və eyni zamanda çox rahat mallar istehsal etsinlər. Hazırda bu sahədə rəngarənglik və ya klassik rənglərin bütün çeşidləri gündəmə gəlir. Məsələn, futuristik, sərt və geniş qəlibli ayaqqabılar mənim favoritimdir. İnanıram ki, bu trend hələ davam edəcək. Çünki, göründüyü kimi, bu mövzuda dizaynerlərin fantaziyaları tükənməzdir.
Özünə hörmət edən qadının baxımı məhz alt paltarından başlamalıdır
- Azərbaycan qadının stili kənardan necə görünür, bizdə ən çox çatışmayan hallar hansılardır?
Azərbaycan qadınının stili kənardan və daxildən hər zaman olduğu kimi çox təmtəraqlı, "şık" görünür. Bizim ölkədə xanımlar göstərişli gözəlliyi sevirlər və baxımlıdırlar. Hər zaman sport geyinən və ya baxımsız qadınlara baxdığımızda deyə bilərəm ki, qadın elə Azərbaycan qadını kimi görünməlidir. Rahatlıq çox önəmli olsa da qadın kimi görünmək daha gözəldir.
- Tarixdə olan hansı modelyer diqqətinizi daha çox çəkib? Xüsusi bir idealınız varmı?
Tarixdə olan, diqqətimi çəkən modelyerlər çoxdur. Amma bir insan var ki, onun adının, sadə və eyni zamana "şık" zövqünün, həyatda duruşunun və ilk gündən cızdığı yolunun, son nailiyyətlərinə kimi heyranıyam. Onun ayrı bir yeri var. Bu Georgio Armanidir.
- Sizin işə atdığınız "xüsusi imza" nədir və bunu geyimlərdə necə görürük?
- Əlində qələm tuta bilən və düşüncələrini bir vərəqə tökən hər bir dizaynerin mütləq özəl bir cizgisi vardır. Mənim də geyimlərimə baxaraq, bəlli bir tərz hiss olunur. Çox təmtəraqlı, klassik və ya ziyafət geyimləri mənim qələmim deyil. Mənim ruhum sadə "şık"lığa üstünlük verir. Fərqini isə geyimlərimi daşıyan insanlar desin, mənim işim yaratmaqdır.
- 2018-ci ildə ən uğurlu layihəniz hansı oldu?
- 2018- ci ildə ən uğurlu layihələrimdən biri "Ajara Fashion week"de yer almam oldu. Burada öz kolleksiyamı təqdim etdim. Rusiyada fəaliyyətimizi genişləndirdik. Türkiyədə topdan və pərakəndə satışlarımızı gücləndirdik. Bunların hamisi mənim üçün ayrı-ayrılıqda böyük nailiyyət və uğurlu layihə deməkdir.
- Gələcək planlarınız barədə bilmək istərdik...
- Gələcək planlarım budur ki, hər gün inkişaf edim, çalışdığım sektoru dərindən incələyərək daha keyfiyyətli və geniş nöqtələri əhatə edə bilim. Bir neçə layihələr var. Öncədən danışmaq tərəfdarı deyiləm. Bir ip ucu verim ki, bir neçə ideyamı doğma Bakımda reallaşdırmaq istəyirəm. Ümidvaram ki, bu layihələr uğurlu olacaq.
S.Ə
dia.az