DAHA BİR DEPUTAT PREZİDENTİN BAŞLADIĞI İSLAHATLARA MÜQAVİMƏTDƏN DANIŞDI:"Oliqarxiyanın kriminal pulları ölkədəki sabitliyə ən böyük təhlükədir"
27-01-2019, 09:22
Milli Məclisin deputatı Zahid Oruc “Yeni Müsavat” qəzetinə maraqlı müsahibə verib. Bu müahibəsində o, açıq şəkildə Prezidentin başladığı islahatlara qarşı hakimiyyət içərisində müqavimətin olduğunu bildirib, hökumətin ideoloji sektorundakı informasiya-təbliğat işinin effektsizliyini dilə gətirib, müxalifət düşərgəsindəki durumu təhlil edib, eləcə də növbədənkənar parlament seçkilərinin keçirilməsinin niyə gərəkili olduğunu kifayət qədər ciddi arqumentlərlə əsaslandırıb.
Xatırladaq ki, bugünlərdə deputat Qüdrət Hsənquliyev də müsahibəsində Prezidentin başladığı islahatlara qarşı hakimiyyətin içərisində müəyyən qüvvələrin müqavimət göstərdiyini vurğulamışdı.
Strateq.az deputat Zahid Orucun həmin müsahibəsini oxucularına təqdim edir:
– Zahid bəy, “ölkədə yaranmış yeni vəziyyət” ifadəsi son aylar təkcə virtual aləmdə deyil, eləcə də real məkanda tez-tez dilə gətirilir. Sizcə, sözügedən ifadəni işlədənlər hansı arqumentə əsaslanır?
– Ölkədəki dəyişikliklər xəyal məhsulu, yaxud hansısa mücərrəd politoloji təhlilin yekunu deyil. Onu gerçəkləşdirən bir qüvvə və lider var – o da prezident İlham Əliyevdir.
Yuxarıdan başladılan genişmiqyaslı islahatlar kursu dövlət rəhbərinin onillik idarəçiliyi dövründə gəldiyi köklü qənaətlərin, təcrübənin və qəti inamın nəticəsidir. Əgər 2015-ci ildə MTN ətrafında yaranmış təhlükəli duruma bir daha qayıtsaq, onda görərik ki, baş verən cinayətlərin miqyasının fərqinə vararaq bütün zərbələri üzərinə götürən İlham Əliyev, faktiki olaraq, risqli bir qərar verdiyini yaxşı bilirdi.
Soruşa bilərsiz ki, risq nədən ibarət idi: hakimiyyət içərisində ayrıca monstra çevrilən generallar ordusu insanlara qarşı silahlı müqavimətə, yaxud siyasi terrora keçərək ölkəmizdə idarəolunmaz vəziyyət yarada bilərdilərmi? Yox, onların buna cəsarəti və gücü çatmazdı.
Hər halda Eldar Mahmudovun şəxsi keyfiyyətlərini bir kənara qoysaq, onun üzərindən Azərbaycanı idarə etmək planı quranla qüvvələr nisbətini hesablayaraq, o vaxt müvəqqəti pauza elan etdilər. Lakin müharibənin bitdiyini söyləmək olmazdı. Çünki dövlətin zirvəsinə aid olan şəxslərin hamısının şəxsi, o cümlədən mühüm siyasi qərarları məxfi nüvə çamadanı kimi, zərərsizləşdirilən adamların əlində, yaxud beynində qalmaqda davam edirdi. Ona görə də “ana plata” adlandıra biləcəyimiz informasiyalar hakimiyyət olimpinə qarşı şiddətli mənəvi terror dalğası şəklində məhz o vaxtdan körüklənərək indiki apogeyinə çatdı. Halbuki o vaxta qədər Vidadi İskəndərli və onun kimi siyasi İŞİD elementlərinin azğınlığı belə cilovlanmaz hal almamışdı. Deməli, qeyd etdiyiniz dəyişikliklər 3 ildən artıqdır ki, davam edir və yeni ilin başlanması ilə sanki fırtına effektini doğurub.
Uzun illər Mixail Saakaşvilinin Gürcüstan möcüzəsinə heyranlıq nümayiş etdirən adamlar Azərbaycanı son on üç ildə heç bir xarici dövlətə təslim etməyən, əksinə bütün transmilli layihələr, strateji iqtisadi və hərbi qərarlarla ölkəsinin müstəqilliyini gücləndirən İlham Əliyevin, nəhayət, gürcü həmkarından daha fərqli yol seçərək komandasında köklü yeniləşmələrə qərar verdiyini görür və onun bütün varlğını, ideya-siyasi gücünü ortaya qoyaraq inşa etdiyi dövlətin gücünü sarsıdanları zərərsizləşdirdiyinin şahidi olurlar.
Xatırladaq ki, tarix boyu bütün islahatlar həmişə onu gerçəkləşdirən iqtidar üçün təhlükəli olub. Lakin effektiv menecerlik keyfiyyətlərinə malik olan və güclü xarizması ilə düşmənlərini belə özü ilə hesablaşmağa vadar edən İlham Əliyev prosesləri arzuolunan məcrada saxlamağa nail olur, eyni zamanda yaxşı bilir ki, qısaqapanmalar mütləq olacaq. Ötənilki “Azərenerji”dəki siqnal kimi… Lakin o partlayış və bir günlük qaranlıq 90-cı illərin zəif Azərbaycanının enerji blokundakı fəlakət demək olmadı.
– Onda sözlərinizdən belə qənaətə gəlmək olur ki, müxalifətin yeni ildən başlanan kütləvi aksiya qərarı prezident İlham Əliyevin inqilabi islahatlarının nəticəsindən bəhrələnmək cəhdidir və iqtidar əleyhdarları bu dəfə bir il əvvəlki kimi, “fiks vəziyyət”də yaxalanmaq istəmirlər..
– Tamamilə haqlı mühakimədir. Lakin bir əlavə nüansı mütləq nəzərə almalısınız – ötən ilin prezident seçkiləri olmasaydı, indi üzərində dayandığımız yeni hökumətin formalaşması, idərəetməyə gətirilən təzə impulslar və baxışlar ən azı 7 ay yubanacaqdı və bizim siyasi təqvimi dəyişməyimizin nəticəsində ötüşdüyümüz xarici zəlzələ dalğasının qarşısına aldığı İrəvan küçələrinin formalaşdırdığı yeni erməni hakimiyyəti bəlkə də bizim üçün hazırlanan reseptin tərkib hissəsinə çevriləcəkdi.
Nə yaxşı, “tarix şərt şəkilçisini sevmir” deyirlər. O üzdən biz indiki ictimai-siyasi temperaturun bir qədər təbiətdəki havanı qabaqlamasının səbəblərini izah etməyə çalışaq.
Prezidentin 11 yanvar müşavirəsində anonsunu verdiyi “köhnəlmiş struktur”lar haqda yekun nitqinin tezisləri belə ehtimallara əsas verirdi ki, ölkə rəhbəri “yığcam, çevik və məqsədyönlü” şüarını hansısa bir xidmət qurumunun fəaliyyət devizi kimi elan etmir, əvəzində bütövlükdə ölkədə yeni məmur-vətəndaş münasibətlərinin formalaşdırıması kursunu irəli sürür və əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə daha güzəştsiz və sərt bir xətti izləmək məramındadır.
Açığını desəm, 2011-ci ilin əvvəllərində də biz oxşar qərarların şahidi olmuşduq, lakin o zaman məmur burjuaziyası çox güclü idi və kredit oliqarxiyasının əl atdığı sosial diversiyalar, süni bahalaşma və itaətsizlik hərəkatları prosesi yarımçıq qoymağa, islahatlar üçün daha əlverişli zəmin hazırlamağa səbəb oldu.
Transmilli layihələr sona çatdırılandan, yeni neft müqavilələri imzlanandan sonra artıq iqtisadiyyatda hakimiyyət dəyişikliyinə getmək üçün heç bir maneə qalmırdı. Üstəlik, Rusiya ilə münasibətlərin ən yüksək zirvəyə çatması da dövlətin öz məqsədlərini həyata keçirməsinə əlavə təkan verirdi. Yəni, Moskvadan heç bir müdaxilə cəhdləri olmayacaq, siyasi dairələri yönləndirməyə qalxınmayacaq və Qarabağ cəbhəsində sabitliyin pozulması təhlükəsi islahatların başının üstünü almayacaq.
Belə çıxmasın ki, mən əlverişli xarici və daxili şəraitin tablosunu cızarkən, sadəlövhcəsinə heç bir siyasi təxribatın və bloklama tədbirinin gözlənilmədiyini düşünürdüm. Əsla, yox! Bir qədər bəsirət gözü açıq olanlar bilir ki, Heydər Əliyevin 70-ci illər aqrar ölkəsini qüdrətli Azərbaycan quruculuğu ilə əvəz edərkən qarşılaşdığı çətinliklər müasir kommunikasiya vasitələri ilə zənginləşmiş indiki reallığımızda gözdən kənara qoyula bilməzdi.
Gördüyünüz kimi, ilk siqnal Mehman Hüseynov və onun ətrafında Avropa strukturlarında hazırlanan sanksiyalarla işə düşdü. Ardınca Putin-Əliyev müttəfiqliyinə rəğmən Lavrovun idarəsi Ermənistanla pozulmuş münasibətləri Azərbaycanı yaralamaq hesabına düzənləmək, bərabərləşdirmək cəhdində bulundu. Sonra birləşmiş müxalifətin məhz 20 yanvar ərəfəsinə aksiyası təyin olundu.
Tarixi paralellərə diqqət yetirin – 29 il əvvəlki dövrün Bakısı ilə müqayisə aparsanız, onda xalqın maraqlarına cavab verməyən zəif Vəzirov hökumətinin əvəzində indi müstəqil Azərbaycan dövləti durur. Lakin əks cəbhədə sıraları, maliyyə dayaqları və elitasını büsbütün itirmiş bir parça lümpen siyasətçilər dəstəsi.
Gerçəkdən 19 yanvar aksiyasından yeni şəhidlərin qoxusunu hiss etməmək mümkün deyildi. Havadan qan iyisi gəlirdi. Müqayisə üçün, Ermənistanda Sarkisyan üzərinə yeriyərək günlərlə küçələri etiraz selinə bürüyünlər bir fərdin belə burnunu qanatmadılar, linç samosudlarına və edam mərasimlərinə əl atmadılar.
Bizdə isə səhnənin ön cəbhəsində yer alanlar bir saatlıq aksiyadan sonra onları “mütləqiyyət”lə savaşa və küçə döyüşlərinə səsləyən Əli Kərimlinin qələbəsi uğrunda iğtişaş törətməyə hazır görünürdülər. Halbuki 23 ildir Cəbhəyə rəhbərlik edən adam o təşkilatın məhək daşlarını qoyan Elçibəyin bütün mirasını dağıdıb və silahdaşlarını dərbədər salıb, eləcə də ideoloji-siyasi xəttini siyasi İŞİD zehniyyəti ilə əvəz edib. İndi AXC deyəndə az qala yarımleqal silahlı təşkilatın və rəqiblərini düşmən elan edib üzərinə terrorla getməyə qadir olan bir qrup yada düşür… Di gəl, bizim işidçilərin tankı və topu yoxdur. Yoxsa, 17 may 1992-ci ili tarixin istənilən günündə təkrarlayarlar.
Digər tərəfdən, 19 yanvar mitinqi İsa Qəmbər səhifəsini qapatmağa 20 ilini xərcləyən Xalq Cəbhəsi başçısının gözlərində parlayan maniakal işartıların da səhnəsi adlandırıla bilər. Patoloji nifrətlə bir-birinə yanaşan bu adamların münasibətləri uzun illər əks düşərgənin daimi başağrısı olub və indi İsa Qəmbərin ürək döyüntüləri ilə Əli Kərimlinin qəlbindən qopan təkhakimiyyətlilik impulsları bir ahəngdarlıq təşkil edir. Nəhayət, fiziki-bioloji məğlubiyyətlə meydanda pauza götürən başqanın xanimanını mənimsəmək, bununla Elçibəy irsinin vahid sahibi kimi özünü təqdim etmək dövrü gəlib çatıb.
Elə buradaca, xüsusi vurğulayaq ki, müxalifdə İsa Qəmbərin arxa plana keçməsini kompensasiya etmək üçün parlament müxalifətinin meydanını siyasi vasitələrlə gücləndirmək ən yaxşı yollardan biridir. Sistemdənkənar prosesləri inzibati yollarla deyil, Heydər Əliyevin vaxtilə qurduğu arxitektura üzərindən yönləndirmək daha böyük faydalar verər. Söhbət ondan gedir ki, əgər legitim saydığımız partiyalara, məsələn, özünün dövlətçilik baxışları və siyasi təcrübəsi ilə hər zaman qaragüruha qarşı dirəniş göstərməyə çalışan BAXCP, “Böyük Quruluş” və “Dirçəliş” partiyalarının fəallarına geniş tribuna verilsə, resurslarını səfərbər etməyə qanunun yol verdiyi vasitələrlə yardım göstərilsə, tam əminliklə demək olar ki, nəinki islahatları, eləcə də dövləti qorumaq üçün formalaşmış zirehin dayanıqlığı daha da artmış olar.
İsa Qəmbərin yeri uğrunda gedən döyüşü Əli Kərimlinin qazanmasını istəməyən Pənah Hüseyn və onun daxil olduğu partiyalar bloku ilə də rəsmi dialoq və qarşılıqlı ünsiyyət kanallarının bərpa edilməsi siyasi məkanda pozulmuş düzənin yenidən tənzimlənməsi üçün əlavə resurs demək olardı.
– Zahid bəy, sizcə gerçəkdənmi 19 yanvar mitinqi iqtidarın müxtəlif ranqlarında gedən mövqe mübarizələrinin nəticəsində bir qədər əvvəlkilərdən canlı görünüb, yoxsa başqa səbəblər var?
– Yuxarıda söylədiyimiz kimi, millətçisi, boz qordu, liberalı və islamçısı bir vitrində dayanan insanları heç kimə gələcək vahid komanda kimi sırımaq mümkün deyil. Az qala hamısı bir-birinə “satqın” damğası vurmağa hazır olanların içərisində təkcə elə Əli Kərimli uzun illər hakimiyyət üçün özünü “Troya atı” kimi hiss edib. Sonra o, böyümək istəyib və yeni ambisiyaları üzündən xidmətindən imtina olunub. Adamın siyasi keçmişi gələcəyini təhdid etdiyindən, o başlayıb iqtidara qarşı kin-küdurətini milli ideallarla pərdələməyə…
Digər tərəfdən, iqtidar içərisindən müxalifətə yardım göstərilməsi versiyası köhnə söhbətdir. Hətta Rəsul Quliyevin parlament sədri olduğu dövrdən o haqda miflər geniş yayılmağa başlayıb. Özünü və varını qorumağa çalışanların belə etdiyini kimsə inkar edə bilməz. Lakin o məntiqi hamıya aid edənlər hələ də inanırlar ki, hakimiyyətdə üz-üzə dayanan müxtəlif qvardiyalar var və ümidlərini də onlara bağlayıblar. Halbuki istər hökumətdə, istərsə də digər hakimiyyət qollarında yer alan adamların bir-birinə bəslədiyi münasibətdən asılı olmayaraq, onların hamısı vahid düşmənə qarşı birləşməyi bacarırlar. Ona görə də, guya, iqtisadi hakimiyyətin başqa əllərə keçməməsi qarşısında hansısa regional qrupun hərəkətə keçdiyini iddia etmək fantaziya məhsuludur.
Doğrudur, oliqarxiyanın qazandığı kriminal pullar ölkədəki sabitliyi pozmağa yetəcək ən böyük təhlükədir. Burada da iki yol var: ya gərək onların oğurladığına heç toxunmayasan və hamısını əfv edəsən; onda da dediyimiz maliyyə amnistisiyasının indiki hökumətdə yer alanlara təsirini də hesablamalı olacağıq. İkincisi, dövləti idarə edənlərlərlə iqtisadiyyatı əldə saxlayanlar arasında bərabərlik qoymalısan ki, bu da heç zaman yaxşı nəticələr vermir.
Lakin mənim fikrimcə, yeni iqtisadi mühitə uyğunlaşana, həmçininin vergi-gömrük sistemində aparılan köklü dəyişilikləri bütün xalqın qəbul etməyinə qədər müəyyən qeyri-sabitliklər yaşanacaq. Hər halda keçmiş nomenklaturanın cinayət törədən bir sıra üzvlərinin taleyi göstərir ki, iddia olunduğu kimi, “yeni komanda üzvləri sələflərinin taleyini görüb bütün potensialları ilə işə yanaşmırlar” iddiası tamamilə absurddur.
– Zahid bəy, əgər dediyiniz kimi, hakimiyyət bütün informasiya məkanında dominantlığını saxlayırsa, təşəbbüs onun əlindədirsə, bəs onda sonuncu mitinqi izləyənlərin sayı nə üçün milyonu keçdi?
– Hər halda o rəqəmlər bizim informasiya məkanında tarazlığın pozulduğunu deməyə əsas veir. O üzdən, əsas dövlət televiziyasının rəhbərliyində dəyişiklik edildi.
Artıq “İctimai kanal” özünün sabit auditoriyasını tapmağa çalışır. Peşəkar jurnalist və media aləmində hər zaman ağır çəkisi ilə seçilən Mirşahinin rəhbərliyi ilə keçmiş “ansçilər”in bir qrupunun xəbər məkanına qayıtması və onların antidövlət axınları qarşısında sərgilədikləri mövqe də təqdirəlayiqdir.
Lakin virtual məkanda hakimiyyət tarazlığını təmin etmək üçün hələ çox işlər görülməlidir.Üstəlik, bir sosial-psixoloji fenomen var – o da islahatları bütün digər hakimiyyət qollarına şamil edilməsi zərurətidir.
Görürsünüz, prezidentin son tarixi addımlarınının nəticəsini işsizliklə əlaqaləndirərək şişmiş aparatlara və səmərəsiz xərclərə bəraət qazandıranlar da xeyli meydan suladılar. Deməli, siyasi və ideoloji işin intensivliyi birə-beş qat artırılmalıdır. Ağır artilleriyanı işə salmaq elan olunmuş kursun uğurunu təmin etməyin mühüm şərtlərindən biridir. Necə deyərlər, korrupsiya və bürokratizmin ləğvi üçün dövlət başçısının xalqla aralarında formalaşmış möhkəm bağların hər birisi bizə görə qiymətli olmalıdır.
Ondan ötrü mən deyirəm ki, parlament seçkilərinin tarixi deyil, gələcək tərkibi əhəmiyyətli müzakirələr mövzusudur. Əgər mandat daşıyan hər kəs bu gün Ulu Öndərin ruhuna qarşı yönələn səlib yürüşünə sinəsini vermirsə, onları gələcək Məclisdən kənarlaşdırmaq lazımdır.
– Bu çox maraqlı və sərt açıqlama oldu.Gəlin, son olaraq aydınlaşdıraq, siz 26 yanvar aksiyasının qadağasını nəylə izah edirsiz?Həqiqətənmi müxalifətin artan gücünü pozmaq üçün bu lazım idi.O biri sualım, seçkilərə deyil, elitadakı yeniləşməyə indekslənmək deyəndə nəyi nəzərdə tutursuz?
– 19 yanvardan bu yana cəmi bir həftə keçib. Hətta Navalnı belə intevsiklikdə aksiya təyin etmir. Aydındır ki, ardıcıl xarakterdə keçirilməsi istənilən belə tədbirlər Yasamalın ucqar bir guşəsi üzərində strateji obyektlərə hücumun qeyri-mümkün olduğunu göstərirdi və müxalifət çalışır ki, sayları 50 minə yaxınlaşsa, Azadlıq meydanına daxil olsunlar. Onların nəzərində tarixi-romantik bir məkan olan “Hökumət binası”nın qarşısını ələ keçirmək mütləq yenidən inqilab üçün həlledici strateji yüksəklik olacaq.
Lakin Azərbaycan polisi və xüsusi xidmət orqanları qana susayan adamların planlarını yaxşı bilir. Deməli, Şəhidlər Xiyabanını belə protest meydanına çevirmək istəyənlər üçün heç bir mənəvi norma qalmayıb. Sən minlərlə insanın gənc yaşlarında məsumluğundan istifadə edib onları tankların tırtılları altında qoyasan, indi də onların sümükləri üzərində siyasi sümürgənliyə əl atasan, bundan böyük rəzillik yoxdur. Ona görə də aksiyaya icazə verilməməsi bir-iki gəncin qanı üzərindən Tunis inqilabı etmək istəyənlərin ssenarsini pozmaq qərarı idi. Əlbəttə, bu, mənim subyektiv rəyimdir.
O üzdən, qoy Əli Kərimli bu dəfə narıncı köynəyini, fransız jileti ilə üst-üstə geyinib axırda da özünü Venesuela izdihamının qarşısında hiss etsin. Yaxşı xatırlayıram, eyni tövrü o, Peru, İndoneziya, Gürcüstan, Ukrayna hadisələri zamanı da yaşamışdı.
Baxın, xarici dövlətlərin kimisə iqtidara gətirdiyinə sevinən adamların Yaxın Şərqin silahlı hörgütündən heç bir fərqi yoxdur…
Qaldı ki, parlament seçkilərinin bu ilə keçirilməsi məsələsini ötənilki ertələmə aktının fəlsəfəsinə, ruhuna və məntiqinə bağlamaq çox yanlış olardı. Onda Konstitusiya və deməli, hüquqi müstəvi tam ortadan qalxar, əvəzində daha təhlükəli ssenarilər işə düşə bilər. Mənə görə, ən böyük məsələ Milli Məclisin özünü hakimiyyət platformasında hiss edən hər bir nəfərinin bu gün İlham Əliyev düşmənlərinə açıq və kəskin cavab vermələridir. Məgər onların əqidə borcu və vəzifə öhdəliyi bundan ibarət deyil?!
Axı keçmiş kommunistlərin gözləmə mövqeyi sonda çox böyük təhlükələrə yol açdı. Boz bir mandatlı kastanı daha güclü və mübarizə instinktləri iti olan insanlarla əvəz etmək lazımdır. Siyasi məkan bərpa olunmalıdır. Onda fəal diskussiyalar meydanı parlamentə keçəcək və xalqı təzədən ekran qarşısına qaytarmaq mümkün olacaq. Hakimiyyətə qanunverici orqanda və məhkəmə sistemində yük olanlardan üzülüşmək islahatların nəticəsini daha çox millətin maraqlarına bağlayacaq. Heç nəyə reaksiya verməyən və inkişaf işartılarından məhrum partiyalar, şəxslər və institutlardan qurtulmaq əslində kimisə küsdürmək, yaxud uzaqlaşdırmaq anlamına gələ bilməz.
İlham Əliyev bu dövlətə zərrə qədər xidmət edən hər kəsin mükafatını onqat artıqlığı verib. Ona görə də “yığcam, çevik və məqsədyönlü” şüarını dövlətçilik fəlsəfəsinə çevirmək lazımdır. Hakimiyyət partiyası da, qanunverici, icraedici və məhkəmə orqanları da İlham Əliyevin yeni kursuna uyğunlaşdırlmalıdır.
-Zahid bəy, deyirsiniz kabinetlərdə dialoq olsa, meydanlar üzərindən virtual əzələ nümayişinin heç bir effekti qalmayacaq?
– Yox, olmayacaq. Ancaq müxalifət ölkədə heç nəyə məsuliyyət daşımır axı. Real mənzərə budur. Təhlükəsizlik yalnız hakimiyyətin çiyinlərində qərarlaşıb. Əks düşərgə isə son illər demokratiyanı “mənəvi terror” platformasına keçirib. Hüquqi cəmiyyəti əxlaqı sapmışlar və təfəkkür krizi yaşayanlar quracaqmış, sən demə. Elə isə millətimizdən soruşun: onlar evlərini çadırlara, vaqonlara və çiy kərpiclərə dəyişməyə hazırdılarmı? Qanla oynayan yeni qırmızılara – demokratiya şüarlı bolşeviklərə anlatmaq çətindir ki, sınaqlardan uğurla çıxmış nəhəng dövlətçilik kursunu yox, səvhlər və cinayətlər törədənləri dəyişərək, irəli getmək lazımdır.
Deməli, ortaya qoyulan mənzərə aydındır – bizim rəqiblər ideya və əqidə yox, vəzifə müxalifətidir. Bir diqqət yetirin, 1993-cü ildə bu dövləti silkələyənlərin hamısı indi azadlıqdadır. Siz onları metro və avtobuslarda tez-tez görürsünüz… O vaxtın meydan komandanları güclü olduqları üçünmü bu xalqa başağrıları yaşadırdılar? Xeyr, əsla belə deyildi. Sadəcə dövlət onda Rəhim Qazıyevin təpiyindən və tətiyindən silkələnəcək qədər zəif idi və səriştəsizlik acızlik doğurmuşdu.
Ona görə də niyyətləri gizlətmək qeyri-mümkündür. Axı mitinqlər siyasi azadlıqların gerçəkləşdirilməsi üçündür, alternativ fikirlərin meydana qoyuldugu bir yerdir. Təəssüflər olsun ki, onu həyat tərzinə döndərməyə çalışanlar var. Belələri sabitlik şəraitində boğulur, xaosda və ya böhran situasiyalarında özlərini yaxşı hiss edirlər. Halbuki hamını korrupsiyada günahlandıranlar uzun müddət Qərbdən rüşvət alıblar. Belələri şəffaflıq uğrunda necə mübarizə apara bilərər? Liberal ideyaları yaymaq üçün gərək özün Mahatma Qandi olasan. Antihakimiyyət cəbhəsində varmı beləsi?
Demokratiya və təmənnasızlıq o səhnədə həmişə tərs mütənasib olub. Bir adam yerindən qalxıb “Məhsul”dan uca millətə xitab edənlərdən soruşar ki, əgər hər şey pisdirsə, ötən illər ərzində ölkə dağılıbsa, onda əliyevlərin sayəsində yaradılan hər şeydən imtina etməlisiz… Birincisi, atəşkəsdən sonra qurulmuş güclü ordudan, 50 milyarda yaxın valyuta ehtiyatlarından, ardınca Azərbaycanı dünya ilə bağlayan qlobal neft-qaz müqavilələrindən, vahid bir qüvvəyə çevrilmiş xalqımızın etnik-milli birliyindən, 100 minlərlə köçkünə-qaçqına tikilmiş qəsəbələrdən, şəhid və əlil ailələrinə inşa edilmiş ocaqlardan, zavod və fabriklərdən, yollardan, körpülərdən və nəhayət, bu millləti böyük qələbələrə hazırlayan dövlətçilik kursundan. Bir sözlə, Vətəndən imtina edin! Görürsünüz, onda Azərbaycan Yaxın Şərqin viranəsini xatırladar. Sadəcə müxalifətin qurmaq istədiyi ölkədə bircə İŞİD-in qara bayrağını tapıb qaldırmaq çatışmır…
musavat.com