"Sara xanım mənə vəsiyyət eləmişdi ki..." — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən HEÇ YERDƏ OXUMADIĞINIZ AÇIQLAMALAR (FOTO)

29-01-2019, 22:48           
"Sara xanım mənə vəsiyyət eləmişdi ki..." — Hacı Zeynalabdinin qızına 6 il baxmış şəxsdən HEÇ YERDƏ OXUMADIĞINIZ AÇIQLAMALAR (FOTO)
Yəqin ki, Hacı Zeynalabdin Tağıyev barədə çox əfsanələr, əhvalatlar, olan və olmayan şeylər eşitmisiniz. Elə mən də sizin kimi. Bakı milyonçusunun ailəsi, övladları, milyonları, gördüyü işlər...Bütün bunlar elə indi də maraqlıdır. Təsəvvür edirsinizmi, Tağıyev kimi şəxsiyyətin sonuncu yadigarına illərlə (altı il) qulluq etmək, onun qayğısını çəkmək, danışdıqlarını dinləmək. Bütün bunlar sizinçün əlçatmaz görünür, deyilmi? Amma həmsöhbətimiz Şəmsəddin Əliyev məhz həmin şəxsdir. Tağıyevin sonuncu yadigarı Sara xanıma altı ill qulluq etmiş, qayğısına qalmış şəxs. Söhbətə keçməzdən öncə bu müsahibənin yaranmasına səbəbkar olduğu üçün xalq artisti Nurəddin Mehdixanlıya xüsusi minnətdarlıq etməsək, olmaz. Onun Şəmsəddin bəylə Sara xanımın fotosunu paylaşması və yazdığı sözlər məhz indiki müsahibənin təməli sayıla bilər.



- Şəmsəddin müəllim, istərdim ki, əvvəlcə Sara xanımı tanımağınızın tarixçəsi barədə bir neçə kəlmə danışasınız.

- Professor Paşa Rüstəmzadə adına Bakı Baza Energetika Texmikumunda praktika müəllimi işləyirdim. Texnikumun böyük həyəti vardı, böyük tənəffüsdə orada söhbət edirdik. Sara xanımın evi Şahbazi küçəsində-indiki Uşaq Nevroloji Xəstəxanasının yerləşdiyi küçədə yerləşirdi. Sara xanımın kim olduğunu bilmirdim. JEK-in bir işçisi dedi ki, yaxınlıqda yaşlı qadın yaşayır, kimsəsizdir, gözləri görmür, çətin şəraitdə yaşayır. Dedim ki, bir dərsim var, onu da keçim, gəl, gedək birlikdə baxaq. Sözün açığı, həmin işçinin danışıqlarından bir az kövrəldim.

- Sizi kövrəldən hansı məqam idi?

- Demişdi ki, yaşlı qadındır, gözləri görmür, yeməyə heç nəyi yoxdur, dükana da gedə bilmir. Xülasə həmin şəxslə Sara xanımın evinə getdik. Qapı içəridən həm də zəncirlə bağlanmışdı. Bizi içəri buraxmadı, JEK işçisi ona izah etdi ki, bu adam texnikumda müəllim işləyir. Deyim ki, Sara xanım Azərbaycan dilində çox çətinliklə danışırdı, rusdilli idi. Mən də o vaxt rus dilində yaxşı bilmədiyim üçün çətinliklə ünsiyyət qururduq. Nəhayət, qapını açdı. Oturan kimi əllərimdən tutdu və dedi ki, yadımda qalar. Çünki Sara xanımın gözləri görmürdü, insanları o cür yadında saxlayırdı.



- Hələ də onun kimin qızı olduğunu bilmirsiniz...

- Yox, hələ o barədə danışmamışıq. Soruşdum ki, nə əcəb övladlarınızdan, qohumlarınızdan kimsə sizə baş çəkmir. Dedi ki, siz mənim həyat tarixçəmi bilmirsiniz? Ondan sonra Hacı Zeynalabdin Tağıyevin qızı olduğunu dedi. Çox pis oldum. Uzun-uzadı söhbətimiz oldu. Dedi, qapını heç kimə açmıram, həmin işçini tanıdığım üçün açdım. İçəridən qapıya 15-20 santimetrlik zəncir vurulmuşdu. Qapının arasından adamın əlini "yoxlamadan keçirməmiş" içəri buraxmırdı. İnsanın əlindən bilirdi ki, onu tanıyır, ya yox. Çox fikirləşdim ki, bu qadına necə kömək edə bilərəm. Səhəri gün yeməkxanadan yarım litrlik bankada sup hazırlatdım, gəldim evinə. Qapının arxasından soruşdu ki, "Şamsuddin, eto, tı? Dedim, bəli. Rəhmətlik mənim adımı Şamsuddin deyirdi. Qapının arasından əlimi yoxladı və içəri buraxdı. Dedim ki, icazə verin, yeməyi mən yedirdim, razı olmadı. Ümumiyyətlə, gözləri görməsə də, yeməyini özü yeyə bilirdi, yəni, buna vərdiş etmişdi. Yenə bir az söhbətləşdik. Dedim ki, sizin atanızın bu xalq üçün, millət üçün etdikləri müqabilində, indiki vəziyyətiniz xoşagələn hal deyil. İcazə istədim ki, sizin barənizdə texnikumumuzun direktoru Arif Ağayevə məlumat verim. Soruşdu ki, direktorunuz necə insandı? Dedim, çox yaxşı insandır, mənə də yaxşılıqları keçib. Razılıq verdi ki, danış. Direktorla danışdım, dedi ki, kömək elə, amma ehtiyatlı ol. Çünki sovet dövründə hacı Zeynalabdin Tağıyevə münasibət birmənalı deyildi. Direktorun razılığından sonra hər gün yeməkxanadan ona yemək göndərilirdi. Tələbələrdən könüllü şəkildə kim istəyirdisə, həmin yeməyi Sara xanıma çatdırırdı.



- O vaxt Sara xanımın neçə yaşı var idi?

- Dəqiq deyə bilmərəm, amma ən azı səksən yaşı var idi.

- Yeməyin pulunu kim ödəyirdi?

- Xeyli müddət mən ödədim.

- Yəqin ki, evinin təmiziliyinə də kömək edirdiniz.

- Sara xanımdan icazə aldım ki, tələbə qızlar gələcəklər, sənin evini yığışdıracaqlar. O da dedi ki, əgər sən burda olacaqsansa, icazə verirəm. Tələbələr də ora könüllü surətdə və növbəli qaydada gedirdilər. İcazə verdi, amma bəzi əlyazmalarını öz oturduğu divanın altına qoydu. Bir dəfə direktor dedi ki, vəziyyət necədir? Dedim ki, bacardığımız qədər kömək edirik. Yeməyin pulunu mən ödədiyimi biləndə, dedi ki, bundan sonra həmkarlar təşkilatının hesabından ödənəcək.



- Bəs qadının şəxsi təmizliyi ilə kim məşğul olurdu?

- Günlərin birində hiss etdim ki, Sara xanımdan tər iyi gəlir. Dedim ki, Sara xanım, icazə versəniz, qızlar gəlib sizi çimizdirərdilər. Qızlar hər həftənin şənbə günün növbə ilə Sara xanımı çimizdirir, evini yığışdırır, paltarını yuyurdular. Tələbələrə də maraqlı idi. Bazar günləri isə ona yemək aparılmırdı. Daha doğrusu, özü qadağan etmişdi. Dedi, bir az artıq yemək götürün, bazar günü yeyərəm.

- İstərdim ki, sosial şəbəkələrdə Tağıyevlə bağlı paylaşılan bu əhvalatı, əfsanəni sizinlə dəqiqləşdirim. Deyilənə görə, Tağıyev Almaniyada bir restoranda azərbaycanlıların yüz il ərzində yeyəcəkləri yeməyin hesabını ödəyib.

- O barədə Sara xanımla söhbətimiz olmayıb. Sara xanım adətən Sankt-Peterburqda yaşadıqları illərdən, Bakıdakı günlərindən danışırdı. Özünün xeyli əlyazmaları vardı. Sara xanım deyirdi ki, atası təkcə Bakıda yox, xarici ölkələrdə də xeyriyyə işləri görüb.



- Konkret hansı ölkədə?

- Dediyinə görə, atası bu barədə danışırmış, amma hansı ölkədə hansı işlər gördüyünü demirmiş. Sara xanım ona sual veriləndə əsəbləşirdi.

- Maraqlıdır, Sara xanımı o mənzilə kim yerləşdirmişdi?

- Ora ev də demək doğru olmazdı. Çünki yarımzirzəmi kimi bir yer idi, heç gün də düşmürdü. Həmin yeri dövlət Sara xanıma vermişdi.



- Söhbətimizin əvvəlində bildirdiniz ki, Sara xanımın əlyazmaları vardı. Həmin əlyazmalar sizdədirmi?

- Əlyazmaları mənə vermişdilər, amma sonrada it-bata düşdü, bəlkə də oğurladılar. Özündən soruşdum ki, bəlkə bu əlyazmaları kitab halına salaq, razılıq vermədi.

- Hacı Zeynalabdin Tağıyevin məşhur axundun ayaq tərəfində dəfn edilməsinin maraqlı tarixçəsi var. Bu barədə söhbətiniz olmuşdumu?

- Bir ağır seyid hacıya deyib ki, vaxt olar hər şeyini əlindən alarlar. Hacı isə bu sözə gülüb və inanmayıb. Sonradan iş elə gətirib ki, Tağıyevin bütün var-dövləti əlindən çıxır və həmin seyidin sözləri yadına düşür. Ona görə də vəsiyyət edir ki, məni həmin şəxsin ayaq tərəfindən dəfn edərsiniz. Sara xanım Mərdəkanda yaşadığı illəri daha çox xatırlayırdı, o barədə danışırdı.



- Nəriman Nərimanovun təhsil almağı birbağa Tağıyevin adı ilə bağlıdır. O barədə danışırdımı?

- O qadına sual verə bilmirdik, nəsə soruşanda əsəbləşirdi. Ən çox ümumi yaşadıqlarından danışırdı. Deyirdi ki, atam xalq üçün bu qədər işlər gördü, axırda bizi bu günə saldılar. Yaşadığı mənzili də Bakı Şəhər İcraiyyə Komitəsi ona vermişdi. Sara xanım bilirdi ki, kirayədə yaşayıram. Dedi, vəsiyyət edim, mən vəfat edəndən sonra bu ev sənə qalsın. Dedim ki, Sara xanım, onda belə çıxır ki, mən sizə təmənnalı baxıram. Hətta çox israr elədi, razılaşmadım.

- Tağıyevin var-dövləti əlindən alınandan sonrakı ilk günləri xatırlayırdımı?

- Bəli, deyirdi ki, çətin günlərimizdə hamı kənara çəkildi, tək qaldıq. Hətta ailənin yemək almağa pulu yox imiş.

- Bəzi fikirlər var ki, Tağıyevin bilinməyən digər övladları da varmış.

- Sara xanım deyirdi ki, Sankt-Peterburqda doğmalarım var. Amma o doğmaların kimdən ibarət olduğunu demirdi.



- İstirahətə ən çox hara gedirmişlər?

- Daha çox Azərbaycandan kənarda, Rusiyanın ayrı-ayrı şəhərlərində istirahətə gedirmişlər.

- Sara xanım təhsilli, savadlı qadın idimi?
- Sara xanım savadlı deyildi, canlı ensiklopediya idi. Deyirdi ki, təhsilimi Sankt-Peterburqda almışam. O qədər maraqlı danışırdı ki... Deyirdi, bilirsən səni niyə çox istəyirəm? Soruşurdum, niyə? Deyirdi ki, sən oturub mənə qulaq asırsan.



- Söhbətimizin müsahibədən əvvəlki hissəsində demişdiniz ki, Tağıyevin portretinə görə sizi incidiblər.

- 1989-cu ildə texnikumda komsomol katibiydim. Komsomol otağında Leninə, komsomola aid xeyli əyani vəsaitlər, materiallar var idi. Oturanda gördüm ki, arxadan külək gəlir, həmin hissəni də bağlatdırdım. Sonra gördüm ki, həmin hissə boş qalıb. Gətirib həmin yerə hacı Zeynalabdin Tağıyevin portretini asdım. Günlərin birində məni Komsomol Mərkəzi Komitəsindən məni çağırıb dedilər ki, sən kimsən, Leninin portretini çıxarıb, yerinə Tağıyevin protretini asmısan. Əslində, mən Leninin portretini çıxartmamışdım. Sadəcə pəncərə bağlanandan sonra divar boş qaldı deyə, Tağıyevin portretini asdım. Özləri də əglib gördülər ki, portreti asdığım yer pəncərə yeri olub. Allah üzümə baxdı, yoxsa bütün karyeram və həyatım məhv olacaqdı. Həmin portret indi də mənim evimdədir və bütün iş yerlərimdə otağımda olub.

- İndiki iş otağınızda da həmin portreti asmısınız?

- Təzə keçdiyim üçün aparmamışam, amma aparacağam.

- Sara xanıma qayıdaq. Bakıda yaşayan qohum-əqrəbası, nəsil şəcərəsindən kimsə var idimi?

- Bir dəfə soruşdum, dedi ki, heç kimim yoxdur. Bəlkə də qorxusundan demirdi ki, onlara ziyan olar.

- Yəqin ki, davranışlarında əsilzadəlik, zadəganlıq özünü büruzə verirdi.

- Dəhşət... Həyatımda ondan yüksək mədəniyyətə sahib insan görməmişəm. Fotolarda hiss edilməsə də, üzündən nur tökülürdü. Həddindən artıq maraqlı insan idi. Amma heç vaxt gülməzdi. Onu bir dəfə də olsun gülən görmədim.

- Olurdumu ki, desin filan yeməyi ürəyim istəyir...

- Heç vaxt bizə yemək sifariş vermədi. Hətta bu sualı ona vermişdim. Dedi ki, nə olsa, yeyəcəm. Dişləri də olmadığı üçün sulu xörəklər gətirirdik. Mənə vəsiyyət eləmişdi ki...

- Vəsiyyət barədə sonda sizə sualım olacaq. Sara xanımı atasının məzarının ziyarətinə aparırdınız?

- Mən Sara xanımı tanıyana qədər Tağıyevin məzarını görməmişdim. Amma o vaxtdan bəri ayda iki dəfə ailəmlə hacı Zeynalabdinin məzarını ziyarət edirəm. Bu gün hardasa bir iş görən kimi reklam edirik. Sözün açığı, ona görə bu barədə danışmaq istəmirdim. Sara xanımın vəfat etdiyi 28 ildir və dəfələrlə bu barədə müsahibə almaq istəyiblər, razılaşmamışam. Bu gün hansı iş adamında o ürək var ki, Tağıyev etdiyini etsin? Heç kimdə o ürək yoxdur.

- Tağıyevin qızının yaşantılarını görmüş bir adam kimi sizdən soruşuram. Sizcə biz Tağıyevin qədrini lazımınca bildikmi?

- Xeyr.

- Sara xanımın atasının məzarının ziyarət etməsindən danışırdıq...

- Bir dəfə taksiylə Mərdəkana getdik, ziyarət etdi. Görməsə də, əli ilə atasının məzarına toxunurdu.

- Qəhərlənmişdi?

- Onun gözünün yaşı qurtarmışdı. Hətta danışanda da ağlaya-ağlaya danışırdı. Gözləri ağlamaqdan kor olmuşdu. Amma o qədər səlis, sərbəst danışırdı ki... Hər adam o cür danışa bilməzdi.

- Evlərinə kimlər gəlib gedirmiş?

- Deyirdi, atamın yanına gələn qonaqları görməzdik və qarışa da bilməzdik.

- Sara xanımın son günləri barədə danışaq...

- Tədricən iştahı azalmağa başlamışdı, yeyə bilmirdi...

- Vəsiyyət etdiyini dediniz...

- Vəsiyyət etmişdi ki, cənazəsinə ön tərəfdən mən girim. Dediyi kimi də oldu. Hətta 91-ci ildə çıxan qəzetlərdə o fotolar var. Cənazə atasının evindən-Tarix Muzeyindən dövlət səviyyəsində götürüldü. Tarix Muzeyindən Hökumət Evinin qarşısına qədər çiynimizdə apardıq. Deyirdi ki, həmişə xeyirxahlıqla məşğul ol, amma mütləq özünü də düşün. Bildirirdi ki, heç vaxt özümüzü düşünmədik, indi də gəlib yarımzirzəmidə yaşayıram.

- Hacı Zeynalabdin Tağıyevin heç yerdə olmayan fotolarını görmüşdünüzmü?

- Bəli, görmüşdüm və o fotoların, əlyazmaların bir hissəsi də məndə idi. Amma indi tapa bilmirəm. Heç bir fotoda Tağıyevi papaqsız görməmişəm.

- Sizə vəsiyyət etdiyi mənzil kimə qaldı?

- Mən imtina etdiyim üçün həmin mənzil dövlətə qaldı. Doğma anam qədər çox istəyirdim onu. Bütün günü üzündən, əlindən öpürdüm.

- Ailəli olmuşdumu?

- Olmuşdu, amma o barədə daınşmağı xoşlamırdı. İndi nağıl danışanlar çoxdur. Əgər kimsə onun qohumu idisə, niyə vaxtında sahib çıxmırdı, yanında olmurdu. Amma mən həyatıma, karyerama risk etdim. Heç o vaxt bu şeylər gözümə görünmürdü də.

- Olubmu ki, sizin Sara xanıma etdiklərinizi kimsə öz adına çıxsın...

- Olub, amma məndən öncə yanımdakı insanlar həmin şəxsin cavabını veriblər.

- Bu qədər rəğbətiniz olan bir xanımın adını övladınıza verdinizmi?

- Təəssüf ki, qız övladım olmadı. Amma olsaydı, o haqda düşünərdim.

Söhbətləşdi: İntiqam VALEHOĞLU
Foto: Vüsalə Balayeva

Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.