“Əsgər oğlum var, hələ ona lazımam...” - Bədənində 7 şiş tapılan aparıcı

31-01-2019, 08:01           
“Əsgər oğlum var, hələ ona lazımam...” - Bədənində 7 şiş tapılan aparıcı
Bu gün onkoloji xəstəliyə yoluxması barədə xəbər yayılan tanınmış televiziya aparıcısı Tahirə Məmmədqızı səhhəti ilə bağlı geniş açıqlama verib.

Teref.az xəbər verir ki, Medicina.az-a danışan jurnalist şişin hansı orqanında olduğunu da açıqlayıb. O bildirib ki, vəziyyəti 7 aydır, yaxşı deyil.

"Əslində şişlərin harada olmasını açıqlamaq istəmirdim. Amma sizə deyirəm ki, məndə ginekoloji onkologiyadır. Uşaqlıq orqanında 7 ədəd şiş aşkarlanıb.

Bu barədə 7-8 ay idi ki, məlumatlı idim. Amma bu şişlərin onkoloji olub-olmadığını bilmirdim. Həkimlər şübhələnirdi, deyirdilər ki, üstünə düş. Qanaxmalarım çox gücü olurdu, iynələr vurdururdum. Amma təsir etmədi. O vəziyyətə gəldi ki, artıq ayaqda dura bilmirdim və bu halımla belə işə gedib, gəlirdim.

Təsadüfən Tolikin verilişində bu məsələ qaldırıldı, xəstəlikdən söz düşdü, açıqladım. Ondan sonra mənə cərrah Elman Əzimov zəng etdi ki, mən səni təmənnasız müayinə və əməliyyat edəcəyəm, gözləmə, gəl. Bu o Elman Əzimovdur ki, faytonçu Nazimin əməliyyatı ilə bağlı gündəmə gəlmişdi, haqqında çox şeylər yazılmışdı.

Amma hamı bilir ki, mən o məsələdə həkimin işini araşdıranda, onunla yaxından tanış oldum, gördüm ki, bu həkim deyilənlər kimi deyil, çox güclü, bilikli və elmi işləri olan cərrahdır. O həkimi müdafiə etdiyimə görə məni çox qınadılar. Amma bu gun ona güvənirəm”.

T. Məmmədqızı deyib ki, artıq şişdən biopsi götürülüb, cavabı isə sabah çıxacaq: "Buna görə çox narahatam. O cavabdan məlum olacaq ki, şiş bədxassəlidir, ya yox. Amma hər nə olursa-olsun, orqan tam çıxarılmalıdır. 7 şişdir, biri də vəzin altındadır.

Mən bir neçə il öncə də süd vəzində xoşxasəlli şişlərə görə əməliyyat olunmuşdum. Görünür ki, bədənimdə belə proses var imiş ki, indi də bu orqana yayılıb”.

Tahirə Məmmədqızı şişlərin niyə belə gec aşkar olunmasının və müalicəyə gecikməsinin səbəbini belə açıqlayıb: "Mən tənha anayam, ailəmi özüm dolandırıram. Başım işlərə, həyat qayğılarına o qədər qarışdı ki, həkimə getməyi unutdum. Əlbəttə, indi özümü qınayıram ki, bu vəziyyətə çatacağını bilsəydim, illər öncə yoxlanardım, əməliyyat olunardım. Bilirsiniz, "kaşlar” indi heç bir əhəmiyyət daşımır. İnsan özü sağlamlığına diqqət yetirməlidir. Digər tərəfdən deyirəm ki, nə olacaqsa, olacaq. Bu da bir sınağımdır. Mən Allaha və Azərbaycan həkimlərinə güvənirəm. Həyatım boyu bir çox insana kömək etmişəm, əməliyyatlarında dəstək olmuşam, indi heç olmasa o əməllərimin savabını Allah qarşıma çıxarsın”.

Biopsiyanın cavabından sonra əməliyyata hazırlaşmalı olan telejurnalist sonrakı müalicələrdə maddi dəstək üçün insanlara müraciət edəcəyini də istisna etməyib:

"Mən ağlamağı, sızlamağı xoşlamıram. Ömrümdə heç kimə özümə görə ağız açmaram. Amma təkəm, əsgərlikdə oğlum var. Ona görə boşuna qürur da göstərmək istəmirəm. Mən hələ oğluma lazımam. Etiraf edirəm ki, onkologiya ilə mübarizə üçün maddi imkanım çatmayacaq. İndi jurnalist dostlarım sağ olsunlar, pul yığır, deyirlər səni tək qoymayacağıq. Əgər bundan sonra çox yüksək məbləğ tələb olunsa, çıxılmaz vəziyyətdə qalsam, müəyyən yerlərə müraciətlər edə bilərəm.

Biopsinin cavabının yaxşı çıxması üçün dua edirəm, siz də dua edin. Allah məni bir övladıma bağışlasın. Hələ onun ayaqa durması üçün lazımam”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.