ABŞ-la Rusiyanın Qarabağ SAVAŞI: 5 rayona qarşı 7 rayon təklifi və...
31-01-2019, 08:25
Son günlər Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi bir neçə region ölkəsinin, o cümlədən, Rusiya və ABŞ kimi supergüclərin gündəmini zəbt etməkdədir. Elə dünən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və Qarabağla bağlı müzakirələr aparması bu prosesin aktivləşməsinin ən bariz nümunələrindəndir. Azərbaycan Qarabağ münaqişəsinin həllinə dair dünya güclərinin iştirakı ilə prosesi özü yaradır. Bəs problemin həllində hansı supergüc üstünlük əldə edə biləcək? Tərəflər Azərbaycanın maraqlarını təmin edə biləcəklərmi?
Publika.az-ın məsələ ilə bağlı suallarını politoloq Qabil Hüseynli cavablandırıb.
- Con Boltonun İlham Əliyevə zəng etməsi və Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparması nəyə işarədir?
- Bu, Amerikanın Dağlıq Qarabağ və ümumilikdə, postsovet məkanındakı münaqişələrinin həllinə dair fəallığını artırması ilə bağlıdır. Doğrudur, zamanla Amerikanın Dağlıq Qarabağ məsələsinə müdaxiləsi intensiv olub. Məsələn, 2000-ci ildə İstanbulda keçirilən ATƏT-in zirvə toplantısında Klintonun iştirakı ilə həm Bakı-Ceyhan-Tbilisi neft-qaz kəmərinin marşrutunun müəyyən edilməsi, həm də Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh sazişi ilə nəticələnməsi ehtimalı ilə bağlı görüş keçirilmişdi. O zaman Amerika tərəfi müzakirələrdə xeyli fəallıq sərgiləmişdi. Həmin zamanlar Rusiyanın çox zəif dövrlərinə təsadüf edirdi. Amerika demək olar ki, bütün ipləri əlinə toplamışdı. Zənnimcə, ABŞ həm də Ermənistan üzərində ciddi təsirə malik idi. Həmin dövrdə mərhum liderimiz Heydər Əliyevin rəhbərliyi altında sülhyaratma prosesləri çox fəal aparılırdı. Buna görə də bu məsələdə müsbətə doğru irəliləyiş əldə edilmişdi. Qeyd etdiyimiz zaman çərçivəsində Amerikanın təklif etdiyi variantlar daha məqbul hesab edilirdi. Lakin 2000-2018-ci illər ərzində Rusiyanın məsələ ilə bağlı mövqeyi daha çox diqqət cəlb etdi. İndi müşahidə etdiyimiz aktivlik ABŞ-ın ikinci həmləsidir. Rusiya isə son anda proseslərdən kənarda qaldığının fərqinə vardı. Bölgədə sabotaj yarada biləcək bir sıra hərəkətlər etdi. Bu hərəkətlər nəticəsində isə Ermənistan parlamenti gülləbaran edildi. Nəticədə parlamentin spikeri və bir neçə millət vəkili həlak oldu. Bununla da “Böyük Sülh Sazişi” adlandırılan razılaşma pozuldu. Beləliklə, bir tarixi fürsət əldən getdi. Amma indi Amerika proseslərə yenidən fəal müdaxilə etmək əzmindədir. Çünki ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton Azərbaycana və Ermənistana səfər etdi. Daha sonra Boltonun məlumatları əsasında Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubu göndərdi. O məktubun əsas canı isə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tərəfləri daha cəsarətli addımlara səsləmək idi. Bu, Boltonun da, Trampın da çıxışlarında özünü biruzə verdi. İndi proses canlanıb. Bunun da əsas səbəbkarı ABŞ və Avropa dövlətləridir. ATƏT-in timsalında Avropa Birliyi bu canlanmanı dəstəkləyən addımlar atır. Nəticə etibarilə Rusiya qış yuxusundan oyanıbmış kimi proseslərdə onun da iştirak etdiyi təəssüratını yaradır. Bu imitasiyalar gah “Lavrov planı”, gah “Kazan razılaşması”, gah da “Sankt-Peterburq” razılaşması adı altında 5 rayonun Azərbaycana qaytarılmasını yenidən gündəmə gətirməklə özünü göstərir. Amma hər halda, Azərbaycan xarici siyasətinin uğurlarından biri də odur ki, Dağlıq Qarabağ ətrafında superdövlətlərin rəqabətini yarada bilir. Bu rəqabət şəraitində tərəflərin problemin həllinə nə qədər səmimi yanaşmasını da “ölçmək” mümkün olacaq.
- Dağlıq Qarabağ münaqişəsinə dair təklif edilən “Lavrov planı”, yoxsa “Bolton planı” Azərbaycanın xeyrinə işləyəcək?
- Birmənalı qaydada bu prosesləri izləyən bir şəxs kimi deyə bilərəm ki, hər iki plan hələ ki, Azərbaycanın maraqlarını təmin etmir. Çünki məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tam təminat vermir. Amma bütövlükdə götürəndə, Amerikanın planı daha çox diqqət cəlb edir. Ona görə ki, Rusiya 5 rayonun Dağlıq Qarabağa status verilməsi müqabilində Azərbaycan qaytarılmasını tövsiyə edir. Lakin ABŞ statusla bağlı heç bir şərt irəli sürmür, erməni işğalçılarının 7 rayondan çıxmasını təklif formasında tələb edir. Amerikanın yeganə şərti budur ki, iki ölkə arasında kommunikasiya xətləri açılsın. Zənnimcə, bu o qədər də ağır tələb deyil. Hər halda, 7 rayonun müqabilində Ermənistan ətrafındakı blokadanın müəyyən səngiməsi Azərbaycanın maraqlarına tam cavab verməsə də, prosesin irəliyə doğru aparılmasında rol oynaya bilər.
Zümrüd