Üç "M" teoriyası və müstəqil məhkəmə, müstəqil media və müstəqil vətəndaş cəmiyyəti.....
1-02-2019, 07:36
Ölkədə bir çox sahələrdə, xüsusən vergi və gömrükdə həyata keçirilən islahatlar sahibkarlar üçün əlverişli mühitin formalaşdırılması istiqamətində, işgüzar mühitin sağlamlaşdırılması baxımından əhəmiyyətli addımlar olsa da, hələ də müəyyən ciddi problemlər qalmaqdadır. Bunlardan ən ciddisi təbii ki, ölkədə məhkəmə sisteminə inamın olmamasıdır. “AzPolitika.info”nun məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev öz “facebook” səhifəsindən paylaşdığı yazıda bu problemə diqqəti cəlb edib. Həmin yazını təqdim edirik:
“Media təmsilçilərindən son zamanlar ən çox eşitdiyim sual dövlət orqanlarından ixtisarların, kadr yenilənmələrinin nə ilə nəticələnəcəyi ilə bağlıdır.
Praktik olsun deyə bu suala bir bənzətmə ilə cavab vermək olar: təsəvvür edin ki, neçə illərdi məhsulunuzu satıb pul qazanmaq üçün hər gün 10 km-lik bir yolu qət etməlisiniz və başqa alternativiniz yoxdu. İndiyədək bu yol çox bərbad olub, hər km-də sizi yoxlamaq üçün bir məmur postu qoyulub, sonuncu postu keçən kimi isə minalanmış bir ərazidən keçib mənzil başına çatmaqdan savayı alternativiniz olmayıb. Siz minalanmış əraziyə çatana qədər normalda 10 dəqiqə sərf edə bilərdiniz, amma daş-kəsəkli yol, postlarda yoxlamalar nəticəsində sizə 2 saat lazım olub.
Burdakı daşlı-kəsəkli yol və postları biznes üçün indiyə qədər mövcud olmuş əngəllər, minalanmış ərazini isə hüquq-mühafizə və məhkəmə orqanları kimi təsəvvür edin.
Hesab edək ki, bu yolu yaxşıca təmir etdilər, postları da götürüldü və siz 10 dəqiqəyə gedib sonuncu postu da keçdiniz.
İndi belə bir mənzərəni təsəvvür edin – inzibati manelər götürülüb, vergi-gömrükdə probleminiz əhəmiyyətli dərəcədə həll edilib, biznesini təşkil etmək üçün inzibati xərclər və zaman əhəmiyyətli dərəcədə azalıb. Siz də bunu nəzərə alaraq əlinizdəki 200 000 manatı sərmayə kimi yatırırsınız hansısa biznesi qurmağa.
Sizin mülkiyyət hüququnuza qəsd olsa, sizi bazardan sıxışdırıb çıxarmaq üçün ən müxtəlif şərləmə-böhtan mexanizmləri işə düşsə, hansı mexanizmlər vasitəsilə müdafiə olunacaqsınız?
Bütün dünyada bu mexanizm 3 M-dən ibarətdir – müstəqil məhkəmə, müstəqil media və müstəqil vətəndaş cəmiyyəti. Bu “M”lərdən hətta birinin yoxluğu belə sizin kapital;nızı, sərmayənizi təhlükə altında saxlayır. Baxın, görün “M”lərin neçəsi yerindədi… Sonra qalan nəticəni özünüz çıxarın…”
AzPolitika.info