“Hamilə qadını kürt toyuğa bənzədirəm... Abortun tərəfdarıyam” - Məşhur həkimdən ilginc açıqlamalar

7-02-2019, 13:20           
“Hamilə qadını kürt toyuğa bənzədirəm... Abortun tərəfdarıyam” - Məşhur həkimdən ilginc açıqlamalar
Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl abort haqqında maraqlı yazı ilə çıxış edib.

BakuPost xəbər verir ki, həkim abort tərəfdarı olduğunu deyib və onu əsaslandırıb.

Həmin yazını təqdim edirik:

Başdan söyləyəcəm. Mən abort tərəfdarıyam.

Hətta artığını söyləyəcəm. Məncə, bətnindəki cənini (yəni hələ insan sayılmayan o canlını) xaric etmək (əslində isə öldürmək) qadının haqqıdır.

Əslində ciddi problem ilə qarşı-qarşıya qalmışam.

Heç kəsin, hətta istənməyən hamiləliyin sonlanmasını, kiminsə zərər görməsini istəmirəm.

Amma... Amma qarşımızda bir qadın var. Təsadüfən və ya bəlkə də istəyərək qarnındakından qurtulmaq istəyir.

Nə edərsiniz?

Baxın, ağır söz söyləyəcəm, amma mən hamilə qadınları həmişə kürt yatan toyuğa oxşatmışam. Kişiləri isə həmişə xoruza bənzədirəm - əvəz-əvəz oldu deyəsən.

Kürt toyuq əvvəlki toyuq deyil. Aqressivdir. Kürt toyuq xoruzdan daha güclüdür. Yumurtasını qorumaq üçün köpək ilə belə savaşıb. Şahidi olmuşam.

Əgər belə əhval-ruhiyyədə olan bir qadın o yumurtadan - qarnındakından qurtulmaq istəyirsə, inanın asan deyil.

Kənardan ağıl verməyə nə var ki.

Vallah, istənməyən hamiləliyə israr etməklə qadınlara zülm edirik.

Qadınların abort haqqı olmalıdır. Onlar anlıq axmaqlıqlarının, anlıq düşüncələrinin, nəhayət təcavüzün əsirinə çevrilməməlidirlər.

Amma biz bətndəki övladı da düşünməliyik deyilmi?

Mən həmişə abort tərəfdarı olmuşam. Sözlərimi bu səpkidə qiymətləndirin. Zatən təbabətdə hamilə qadının həyatına təhlükə yarandımı, övladı öldür prinsipi işləyir. Elə zalım bir sənətin yiyəsiyəm.

Amma həmişə düşünmüşəm....Görəsən ana bətnindəki uşaq ağrı hiss edirmi?

Qısa deyəcəm.

Hiss edir.

Bir insan doğulduğu an insan olmur. Anasının qarnında insan olur. Məhz ona görə hamilə qadına mərhəmətlə yanaşmaq lazımdır. Ana bətnindəki cənin hər şeyi hiss edir.

Lakin həmişə hiss etmir.

Bir canlının ağrı hiss etməsi üçün onun özünü qavraması lazımdır.

Mən varam deməsi lazımdır.

Bunu isə ana bətnindəki övladda qandakı stress hormonlarının səviyyəsi ilə müəyyən edirlər.

Sizlər hirslənəndə qanınızda kortizol artır, adrenalin artır və s. deyil mi?

Ana bətnindəki övladda da eynisi baş verir.

Alimlər ana bətnində stress reaksiyasının baş verməsinə lazım olan zamanı 18-20 həftə olaraq hesablayıblar.

Bundan sonra edilən abortlarda cənin artıq özünü anlayır və ona qarşı edilən hər hərəkətə reaksiya verir.

BMT-yə görə ana bətnindəki 500 qramlıq cənin artıq vətəndaş sayılır. Təbabətə görə də.

Cənin 500 qrama elə 20 həftəliyində çatırmış.

Həyatda səhv etdiyinizi düşünürsünüz?

İki ayına qədər vaxtınız var.

Sonra artıq öz problemlərinizi həll etmirsiniz, adam öldürürsünüz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.