96 yaşlı general: “İranın iki təyyarəsi Azərbaycan səmasında mənim əmrimlə vuruldu” - MÜSAHİBƏ

8-02-2019, 08:40           
96 yaşlı general: “İranın iki təyyarəsi Azərbaycan səmasında mənim əmrimlə vuruldu” - MÜSAHİBƏ
Tofiq Ağahüseynov: “Həyat yoldaşımın vəfatından sonra heç zaman evlənməyi düşünməmişəm”


Modern.az saytının budəfəki müsahibinin nə az, nə çox, düz 96 yaşı var. Yaşının bir əsrə çatmasına 4 il qalır. Onun ömrü həm keşməkəşlərlə, həm də yüksək vəzifələrlə müşayiət olunub.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynovla söhbəti təqdim edirik.



ARAYIŞ: Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevralın 1-də Şəkidə anadan olub. Yeddi yaşında olanda ailəliklə Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 1941-ci ilin sentyabrında Bakı Zenit Artilleriya Məktəbinə daxil olub. Bir il yarımdan sonra leytenant rütbəsi alanda, Bakıdan ayrılmalı olub.

İkinci Dünya Müharibəsində 1-ci Belarus cəbhəsində vzvod komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olub, Arxangelsk, Severodivinsk, Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. O, qələbəni Berlində qarşılayıb. Müharibə bitdikdən sonra T.Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalıb.

Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi olacağına yol açan faktorlardan idi. T.Ağahüseynov 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olub.

Ali hərbi təhsilini başa vurduqdan sonra müxtəlif hərbi vəzifələrdə çalışıb. 1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edib, 1964-cü ilin sonlarında Volqoqrada göndərilib və diviziya komandiri kimi orada çalışıb. 1968-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildə Rostovda korpus komandiri təyin edilib.

1972-ci ildə general-leytenant rütbəsi alıb və 1975-ci ildə Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. 1980-ci ildə general-polkovnik rütbəsi alan T.Ağahüseynova həm də Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilib.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. T.Ağahüseynova 1982-ci ildə daha böyük vəzifə həvalə edilib. O, Varşava Müqaviləsi Təşkilatına üzv dövlətlərin Birləşmiş Silahlı Qüvvələri Baş Komandanlığının Çexoslovakiya Ordusundakı nümayəndəsi təyin olunub. Bu, T.Ağahüseynovun Sovet Ordusu sıralarında son xidmət yeri olub. O, 1987-ci ildə bu vəzifədən pensiyaya çıxıb.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə T.Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilib. Bu zaman onun 74 yaşı var idi. T.Ağahüseynov 2002-ci ilədək həmin vəzifədə çalışıb.

T.Ağahüseynov müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Prezident İlham Əliyevin 1 fevral 2008-ci il tarixli sərəncamı ilə Azərbaycanda hərbi quruculuq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni, 17 yanvar 2013-cü il tarixli sərəncamla isə Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

T.Ağahüseynov 2017-ci ildən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edir.


- Cənab general, səhhətiniz, işləriniz necədir?


- Hər bir şey normaldır.


- 96 yaşınız var, artıq 100-ə çatırsınız. Amma bu gün də sizdə hərbi-nizam intizamı görmək mümkündür. Niyə hərbidən uzaqlaşa bilmirsiniz?


- 46 ildir ki, hərbi formada gəzirəm. Bu, məndə artıq adətə çevrilib. Buna baxmayaraq, daha çox mülki paltarda gəzməyə üstünlük verirəm. Cənab Prezidentlə görüşəndə, rəsmi tədbirlərdə hərbi formada oluram. Gündəlik həyatımda isə adi geyimlər geyinirəm.



- İkinci Dünya Müharibəsinin iştirakçısınız. Müharibəyə yollananda qorxunuz var idimi?


- Elə bir adam yoxdur ki, müharibədən qorxmasın. Təbii ki, mən də qorxurdum. Amma insan iradəsi qorxuya hakim gəlməyi bacarmalıdır. Məndə də belə oldu.


- Bu dəhşətli müharibədə ölümlə üz-üzə gəldinizmi?


- Təbii ki, müharibədirsə, burada ölümlə üz-üzə gəlmək riski çoxdur. Əlbəttə, biz də ölümlə üz-üzə gəlmişdik. Gözümüzün qarşısında insanlar da ölürdü, özümüz də həyatımızı itirə bilərdik. Amma hər şey qismətdən asılıdır. Mənim də taleyimə müharibədən sağ çıxmaq yazıldı.


- Müharibə xatirəsi silinmir. Bəs elə bir şey oldumu ki, onu heç zaman unuda, hələ də təsirindən çıxa bilməyəsiniz?


- Hansısa konkret bir hadisəni deyə bilmərəm. Sənin gözünün qarşısında insanların ölməsindən qorxulu bir şey varmı?! Müharibə ilə bağlı konkret bir hadisəyə köklənmək istəmirəm, sadəcə deyə bilərəm ki, orada hər şey qorxulu idi.


- Cənab general, heç hansısa məqamda alman hərbçilərinə rəhminiz gəlirdimi?


- Xeyr, heç zaman alman hərbçilərinə, faşistlərinə rəhmim gəlməyib. Düzü, onlarla şəxsən üz-üzə də gəlməmişəm. Çünki mən Hərbi Hava Hücumundan Müdafiə Qüvvvələrində idim. Bizim vəzifəmiz yalnız piyadaları qorumaqdan ibarət idi. Faşistlərlə üz-üzə gəlmədim, buna baxmayaraq onlara ürəyimdə heç zaman mərhəmət hissi olmayıb.

Düşmənin zərbələri ən çox bizə dəyirdi. Onlar hücum zamanı bizi məhv etməyə çalışırdılar, çünki biz piyadalardan fərqli olaraq daha qüvvətli idik.


- Stalinin qətiyyəti, sərtliyi sizin müharibədə iştirakınıza hansı formada təsir edirdi? Yoxsa, sizdə təkcə Sovet ruhu var idi?


- Kitablarda müharibə haqda oxuyanda, bizə elə gəlir ki, hər şey çox sadə, planlaşdırılmış formada olub. Həqiqətdə isə hər şey fərqli idi. İndi o cür müharibə ilə kiminsə rastlaşmasını arzulamaram. Sən artıq müharibədə olanda heç nəyi düşünmürsən. Bircə onu fikirləşirsən ki, döyüşə girməlisən. Bilmirəm ki, bizim içimizdə Sovet ruhu var idi ya yox! Onu da bilmirəm ki, bu, bizim öz təbiətimizdən, öz ruhumuzdan irəli gəlirdi ya başqa məsələ var idi.

Mən Bakı Zenit Artilleriya Məktəbində oxuyan zamanlarda cəbhədə vəziyyət daha da gərginləşmişdi. Almanlar Moskvaya yaxınlaşanda çoxları fikirləşirdi ki, artıq Moskvanın süqutuna çox qalmayıb. Mənim isə bu işlərə münasibətim birmənalı idi. Biz gənclər belə hesab edirdik ki, almanlar Moskvanı alsalar belə, müqavimət davam edəcək. Hamı gözləyirdi ki, təhsilimiz yarımçıq qalacaq və biz cəbhəyə yola düşəcəyik. 1942-ci ildə almanlar cənubdan hücuma keçib cəbhə xəttini yardılar, bütün Şimali Qafqazı işğal edib Mozdoka yaxınlaşdılar.

Bakıda da vəziyyət gərginləşirdi. Rəsmi təbliğat xəbərdarlıq edirdi ki, hücumun məqsədi Bakının neft rayonlarını işğal etməkdir. Şəhərin ətrafında təcili müdafiə sədləri qurulmağa başladı, məktəbimizin kursantları da bu işə cəlb olundu. Biz artilleriya üçün səngərlər qazmağa başladıq. Bakı ətrafında güclü müdafiə səddi quruldu. 20 minə yaxın adam bu səddin tikintisində göstərdiyi əmək qəhrəmanlığına görə, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub.



- Müharibədə leytenant rütbəsi aldınız, daha sonra dinc şəraitdəki SSRİ-də general-polkovnik rütbəsinə qədər yüksəldiniz. Bu, həm də şans idi?


- Bəzən məndən soruşurlar ki, mən general-polkovnik rütbəsinə necə çatdım? Orduda 46 il xidmət etmişəm. Mənim sadəcə bəxtim gətirdi ki, həyat yolumda qarşıma beynəlmiləlçi insanlar çıxdılar.



- SSRİ-də hava hücumundan müdafiə sistemində yüksək vəzifələrdə çalışmısınız. O zaman Azərbaycana hansı ölkədən daha çox hava hücumu təhlükəsi var idi?


- SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycan neft ölkəsi olduğu üçün əlbəttə ki, bizim ölkəyə havadan təhlükə var idi. Bizim vəzifəmiz isə bu təhlükənin qarşısını almaq idi. Düzdür, biz sülh şəraitində yaşayırdıq, amma xalq bizim müharibə riski altında olduğumuzu hiss etmirdi. Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri daim müharibə şəraitində idi. Həmişə bizə təhlükə var idi, başqa ölkələrin təyyarələri bizim sərhədləri keçəndə məhv edilirdilər.



- Oxuduğumuz bir məlumatda qeyd edilir ki, Azərbaycan səmasında İran təyyarəsi də vurulub. Bu haqda ətraflı danışmağınızı rica edirəm.


- Bu hadisə 1976-cı ildə baş verib. İki təyyarə keçmişdi, ikisi də o dəqiqə vurulmuşdu.


- Həmin vaxt siz Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini vəzifəsində çalışmısınız. O təyyarələr, sizin əmrinizlə vurulmuşdu?


- Mən komandir kimi məsuliyyət daşıyırdım. Mən o zaman mərkəzlə məsləhətləşmədən belə dərhal qərar qəbul etməli idim. Ancaq nəticənin necə olacağını sonra biləcəkdik. O vaxt Brejnev bu məsələni bizim xeyrimizə həll etdi, bildirdi ki, mən düzgün qərar vermişəm. Brejnev bunu deyənə qədər isə məni təqsirləndirənlər də var idi ki, düz etməmişəm, gərək gözləyəydim.


- Yəni, o iki təyyarə sizin əmrinizlə vuruldu?


- SSRİ hava sərhədlərini pozduğuna görə, iki İran təyyarəsi Azərbaycan ərazisində mənim əmrimlə vuruldu. Bununla bağlı komissiya təşkil edilmişdi və bu məsələni araşdırırdılar. Araşdırmadan sonra da belə qərar qəbul etdilər ki, o təyyarələr mənim əmrimlə məhv edilib.


- Əmri verəndə heç tərəddüd etdinizmi?


- Bizim işimizdə fikirləşmək olmazdı. Dərhal qərar qəbul olunmalı və icra edilməli idi. Bəxtimiz gətirdi ki, Brejnev özü də hərbçi idi. Bizə nota göndərilməsinə baxmayaraq, Brejnev bizi dəstəkləmişdi. Çünki başa düşürdü ki, başqa çıxış yolumuz yox idi. O zaman Brejnevin əvəzinə Qorbaçov olsaydı, təbii ki, bizi təqsirləndirəcəkdi. Çünki onun bizə yanaşması tam fərqli idi.


- Qəbələ RLS 1985-ci ildə istismara verilmişdi. Onun ətraf mühitə, Azərbaycan təbiətinə mənfi təsirləri ilə bağlı deyilənlər doğrudurmu?


- Düşünürəm ki, Qəbələ RLS-in Azərbaycana çox da ziyanı dəyməyib. Çünki Qəbələ RLS yer səthini yox, stratosfer qatından müşahidə aparırdı. Qəbələ RLS torpağı şüalandırmırdı, çünki həmin şüalar yuxarı baxırdı.


- Brejnevlə görüşmüşünüz. Sizə çoxmu hörmət edirdi?


- Brejnev Azərbaycana gələndə, onu qarşıladıq, bir stol arxasında nahar etdik. Başqa bir söhbətimiz olmayıb. Mənə isə münasibəti yaxşı idi.



- Bəs mərhum prezident Heydər Əliyevi şəxsən nə zaman tanıdınız?


- 1960-cı illərdən, Dövlət Təhlükəsizlik Komitəsində olduğu vaxtlardan ulu öndər Heydər Əliyevi tanımağa başlamışam. Mənim general kimi formalaşmağımda Heydər Əliyev aparıcı rol oynayıb. O, həmişə mənim taleyimlə maraqlanır, hər cür köməklik edirdi. Mən bunun üçün ona çox minnətdaram.

Sonradan, müstəqillik illərində məni özünə hərbi məsələlər üzrə köməkçi təyin etdi. Heydər Əliyevin mənə çox böyük dəstəyi olub. O, məni Azərbaycan Ordusuna da bərpa edib.


- Köməkçi kimi vəzifəsindən özünüz getdiniz?


- Mən 5 il Heydər Əliyevlə işləyəndən sonra qərara aldım ki, artıq dincəlmək vaxtıdır. Onun qəbuluna getdim və dedim ki, işimdən ayrılmaq istəyirəm. Heydər Əliyev isə “hələ lazım deyil, formadasan, işləyə bilərsən” dedi. Məni müdafiə nazirinin müşaviri təyin etdi. 2002-ci ildə isə Heydər Əliyevlə son görüşümüz oldu.


- Ermənistan tez-tez Mingəçevir Su Elektrik Stansiyasını vura biləcəyini bəyan edir. Azərbaycanın isə təbii ki, kifayət qədər güclü hava hücumundan müdafiə sistemləri mövcuddur. Hər halda, bir mütəxəssis kimi sizə müraciət edək, Ermənistanın hədələrinin reallaşması mümkündürmü?


- Ermənistanın bunu etməyə gücü və cəsarəti çatmaz. Mən işlədiyim zamanlarda da oranı böyük bir polk müdafiə edirdi. İndi isə o zamankından da daha yaxşı müdafiə olunur. Ermənilərin Azərbaycanın müdafiə qüvvələrindən çox yaxşı xəbərləri var.


- Haqqınızdakı məlumatlara nəzər yetirərkən, sizin Qarabağ müharibəsində hansısa formada iştirakınızla bağlı bir məqam tapmaqda çətinlik çəkdik. Hansısa formada müharibədə iştirakınız olubmu?


- Qarabağ müharibəsi zamanında mən müdafiə naziri Rəhim Qazıyevin ştatdankənar müşaviri idim. Xalq Cəbhəsi Hakimiyyəti məni çox da yaxına buraxmırdı. Mən özüm də onlarla münasibətə can atmırdım. AXC hakimiyyəti məndən hər hansı formada yararlana bilmədi. Onların gördüyü işlərlə, siyasəti ilə razılaşmadığım üçün münasibətlərimiz yaxşı deyildi. AXC hakimiyyəti çox cəfəng işlər görürdü deyə, mən özüm də onların işinə çox qarışmırdım. Onlarin işinə müdaxilə etməyə çalışsaydım, ya məni türmə gözləyirdi, ya da başqa bir təhlükəli məsələ. Mən bir dəfə Rəhim Qazıyevlə görüşdüm, amma heç bir şəkildə razılığımız olmadı.



- Hərbçilər konkret danışmağı sevir. Gəlin konkret və aydın izah edək, nəyi düzgün etmədilər?


- Müharibə gedən bir ölkədə struktur dəyişikliyi etmək düzgün deyildi. Onlar korpuslarda dəyişiklik etdilər, 30 briqadanı ləğv etdilər.

Halbuki, müharibənin gedişində bunu etmək düzgün deyildi. Ona qədər nə Ağdam, nə də Füzuli işğal edilmişdi.

Halbuki, ona qədər Goranboy əməliyyatında torpaqlarımızın bir hissəsi geri alınmışdı. Biz Goranboy istiqamətindən Laçına doğru irəliləmişdik. Amma AXC hakimiyyəti dövründə haradansa bir əmr gəldi ki, geri çəkilməlisiniz. Bu xaosda heç kim bilmirdi ki, əmr verən kimdir, irəli gedən kim!

Heydər Əliyev mənə dedi ki, siz yeganə generalsınız ki, onların işlərinə qarışmamsınız.


- Rəhim Qazıyevin müdafiə naziri təyin edilməyi düzgün idi?


- Mən buna heç şərh vermək də istəmirəm. Çünki Rəhim Qazıyev və Surət Hüseynov ordunu dağıtdılar. Onların ordu idarəçiliyindən, ordu strategiyasından xəbərləri yox idi. Mülki adamların ən çətin bir zamanda gəlib ordunu idarə etməsi ən böyük səhv idi.


- Mərhum Əbülfəz Elçibəylə əlaqələriniz var idimi?


- Elçibəy hələ prezident seçilməzdən qabaq onunla görüşmüşdüm. Bakı Veteranlar Təşkilatının o zamankı sədri Akim Abbasov mənə zəng etdi ki, Elçibəylə görüş olacaq. Elçibəy gəldi, bizimlə danışdı, seçkilərin necə keçirilməsi barədə söhbət apardı.


- Cənab general, 30 il öncə, həyat yoldaşınızı itirmisiniz. O vaxtdan bəri necə yaşamışınız?


- Mən onun ölümündən sonra evlənməyi heç zaman düşünməmişəm. İki qızım, kürəkənim, nəvə-nəticələrim var. Bir oğlum da var idi, amma rəhmətə gedib. Qızlarım, nəvələrim mənə çox yaxşı baxır. Kiçik qızım mənimlə yaşayır, mənə baxır. Hazırda çox gözəl yaşayıram, həyatımdan razıyam.


- Bu yaşda da hər gün səhər tezdən 6-da durursunuz?


- Yaşımla əlaqədar saat 12-də, 1-in yarısında yatıram, 8-də dururam. Artıq buna adət etmişəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.