Naibə Allahverdiyeva ilə qalmaqallı müsahibə: Rejissorlarımız təkər qaraldanları seriala çəkirlər

13-02-2019, 17:07           
Naibə Allahverdiyeva ilə qalmaqallı müsahibə: Rejissorlarımız təkər qaraldanları seriala çəkirlər
Səhnəmizin “Tomka”sı kimi yaddaşlara həkk olunan, hazırda ATV-də yayımlanan “Həyətimiz” adlı yumoristik teletamaşada “Bəstişka” obrazını canlandıran Xalq artisti Naibə Allahverdiyeva Oxu.Az-a müsahibə verib. O, müsahibəsində sənət aləmində baş alıb gedən özbaşınalıqdan, bayağı əsərlərdən, rejissorların qeyri-peşəkarlığından danışıb.
- Naibə xanım, son vaxtlar çəkilən film və seriallarda sizi görmürük. Bu, bəlkə tələb etdiyiniz qonorarın yüksək olmasından irəli gəlir?
- Serial və filmlərə çəkilmək üçün heç bir təklif almıram. Yalnız komediya janrında filmlərə təkliflər gəlir. Teatrda oynadığım bütün obrazlar dramatikdir. Mən bütün obrazları və janrları canlandırmaq iqtidarındayam. Tək komediya janrında çərçivəyə düşüb qalmağın əleyhinə olmuşam. Aktyor üçün janr məhdudiyyəti olmamalıdır. Bu kimi məsələlər yalnız Azərbaycandadır. Aktyorun əsas işi insan obrazlarını yaratmaqdır.

Xaricdə isə tam əksinədir. Baxırsan filmlərə, seriallara, görürsən ki, aktyor bir gün komediya, sabah dramatik janrda rol alıb. Bizdə aktyora bir janrın damğası vurulur. Bu çox pis haldır. Əməkdar artist fəxri adına “Ağ göyərçin” tamaşasından sonra layiq görüldüm. O ki qaldı yüksək qonorar tələb etməyimə, aktyorun əsas qazanc yeri elə filmlər, seriallar və layihələrdir. Qulağıma çatır ki, bizdə aktyorun pulunu ya vermirlər, ya gecikdirirlər, ya da kəsirlər. Bu, heç bir məntiqə sığmır.
Ümumiyyətlə, bizdə aktyora pul verməyi sevmirlər. Amma şəxsən öz adıma deyə bilərəm ki, işlədiyim layihədən öncədən danışıb razılığa gəldiyimiz məbləği vaxtında alıram. Seriallarda ancaq eyni aktyorları, eyni simaları görürük. Bizdə Azərbaycanda “kim kimin dostu, adamıdır” məsələsi keçərlidir. Seriallarda aktyorlara o qədər az pul verirlər ki, çəkilməyin yeri yoxdur. Hamı anlamalıdır ki, aktyor əziyyət çəkir. Bu işin əziyyəti çoxdur. Serialda çəkilən aktyorun nə gündüzü, nə gecəsi var. Mən heç vaxt 500-600 manata seriala çəkilmərəm.

- Yerli seriallarla bağlı nə düşünürsünüz?
- Ssenari baxımından çox əziyyət çəkirik. Misal üçün, digər ölkələrdə orta nəslin aktyorları haqqında filmlər və seriallar çəkilir. Bizim rejissorlar isə eyni simalar, bir-birinə bənzər ssenarilərlə insanları bezdirib, təngə gətiriblər. Rəngarənglik yoxdur. Mövzular çox bəsitdir. Məgər cəmiyyət tək gənclərdən və onların sevgi həyatından ibarətdir? Orta nəslin də problemləri, onların da həyatı var. Bunlara da nəzər yetirmək lazımdır.
- Gənc nəslin aktyorluq fəaliyyətinə necə qiymət verirsiniz?
- Çox istedadlı gənclərimiz var. Bunu danmaq olmaz. Hər dövrün bir hökmü var. Hər dövrdə istedadlı aktyorlar yetişir. Sadəcə, rejissorluq və ssenari məsələlərində böyük problemlər mövcuddur. Bir də görürsən ki, serialda küçədən keçən bir insanı gətirib oturdurlar yuxarı başda ki, “bu, mənim dayım oğludur, onu əsas rola çəkin”. Təkər qaraldanları, sənətə sahib olmayanları seriallara çəkirlər. Aktyorlara pul verməmək üçün belə ucuz addımlar atırlar.
İllər öncə çəkilən filmlərdə epizodik rol belə peşəkar aktyora həvalə olunurdu. İndi bu kimi incə məqamlara diqqət və önəm verilmir. Film elə bir əsərdir ki, komanda şəklində işlənməlidir. Hər kəs işinin peşəkarı olmalıdır: işıqçısından tutmuş, quruluşçu rejissora qədər. Əgər o yoxdursa, deməli, film alınmayacaq. Bu məqamları ətraflı düşünməlidirlər.
Sənət əsəri yaratmaq fikri kənarda qalıb. Ancaq pul qazanmaq önə çıxır. Ağıllarına gəlmir ki, əsər yaradıb, özlərindən sonra gələcək nəsillər üçün bir iz buraxsınlar. Bu məqamları düşünən barmaqla sayılacaq qədər az insan var. Ümumi vəziyyət çox acınacaqlıdır.

- AzTV-də yeni teletamaşaların çəkilməməsi barədə nə düşünürsünüz?
- O zamanlar AzTV-də Ramiz Mirzəyevin rəhbərliyi altında “Sabah” yaradıcılıq emalatxanası var idi. Sonra nədənsə onun fəaliyyəti donduruldu. Bu yaradıcılıq emalatxanasında mənim və bir sıra görkəmli aktyorlarımızın rol aldığı “Yarımştat”, “Nigarançılıq” və digər tamaşalar lentə alınıb. Deyəsən, yenidən bu qurum bərpa edilib.
O ki qaldı teletamaşalarının niyə çəkilməməsinə, bu sualı AzTV-nin keçmiş sədri Arif Alışanova ünvanlasanız, daha yaxşı olardı. O, bu məsələləri məndən yaxşı bilər.
Mənə çəkilmək üçün haradansa dəvət gəlmir. Əgər təklif gəlsə, yaxşı ssenarisi olsa, orada mən bir aktrisa kimi öz sözümü deyə biləcəyəmsə, böyük məmnuniyyətlə tamaşada oynayaram. Çağırmırlarsa, özləri bilər. Onlara aktyora az pul vermək sərf edir. Fikirləşirlər ki, mən yüksək qonorara çəkilirəm. Ömür gedir, daha çox yaratmaq istəyirəm. Elə bir aktrisayam ki, dövlət mənə qiymət verib.
Rejissorun özü peşəkar olmalıdır ki, ətrafına peşəkar heyət yığa bilsin. Əfsuslar olsun ki, sənət aləmində qeyri-peşəkarların sayı çoxdur.
- Bir çox aktrisalar plastik və estetik əməliyyatlara əl atırlar. Xaricdə aktrisaların çoxu bədənlərinin müxtəlif nahiyələrini əməliyyat etdirsələr də, üzlərinə əl gəzdirmirlər. Səbəb isə mimik ifadələri itirmək istəməmələridir. Bu yaxınlarda əməkdar artist Nahidə Orucovanın üzündə keçirdiyi bir neçə plastik əməliyyat nəinki izləyiciləri, hətta bir sıra sənət adamlarını qıcıqlandırdı...
- Nahidə xanım gözəl aktrisadır. O da istəyir ki, efirdə gözəl görünsün, göz oxşasın. Hər kəsin öz şəxsi seçimi və fikri var. Mənim onun işinə qarışmağa ixtiyarım çatmır. Mən heç bir plastik əməliyyat etdirməmişəm. Deyə bilmərəm ki, elətdirmərəm. Çünki bir də gördün, sabah gedib əməliyyat olundum, sonra deyəcəklər ki, yalan danışdı. Amma dünya şöhrətli o qədər aktrisalar var ki, əməliyyat etdiriblər. Burada qəbahət görmürəm.
- Sosial şəbəkələrdən aktiv şəkildə istifadə edən məşhurlardansınız. “İnstagram” hesabınızda “Bir cəmiyyətdə ki, böyük-kiçiyin yeri bilinmir, kişilər ölüb, gədələrin bayramıdır, vay o cəmiyyətin halına” yazdığınız status müzakirələrə və qınağa səbəb oldu.
- Yazdığım bu statusa sonuncu dəfə aydınlıq gətirmək istəyirəm. Statusumda vurğulamaq istəmişəm ki, kişilik, mərdlik bir kənara qoyulub. Böyük-kiçik yeri bilinmir. Cəmiyyətdə hər bir insanın öz yeri olmalıdır. Elə işdə də öz yeri olmalıdır. Mənim yazdıqlarımı başqa istiqamətə yönləndimək lazım deyil.
- Yaradıcılıq planlarınız barədə də bir az məlumat verməyinizi xahiş edirəm.
- Hazırda fəaliyyət göstərdiyim Gənc Tamaşaçılar Teatrında Əziz Nesinin “Öldürsənə məni, canikom” pyesi əsasında hazırlanmış eyniadlı tamaşada çıxış edirəm.
Bununla yanaşı, ATV-də yayımlanan hər kəs tərəfindən bəyənilən “Həyətimiz” teletamaşasında Bəsti adlı bir şıltaq xanım obrazını canlandırıram. Yeniliklərim bunlardan ibarətdir. Amma çox istəyərəm ki, istər film, istər serial, istərsə də telelayihələrdəndən təkliflər alım.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.