"Bu şəhərdə"yə qadağa götürüldü: "Afət sürprizi" gəlir

14-02-2019, 10:38           
"Bu şəhərdə"yə qadağa götürüldü: "Afət sürprizi" gəlir
Kult.az tanınmış prodüser və ssenarist Müşfiq Abbasovun Publika.az-a müsahibəsini təqdim edir:
- Müşfiq bəy, Sumqayıt İcra Hakimiyyətindən “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədiyi barədə açıqlama yaymışdınız. Lakin İcra Hakimiyyəti mətbuata verdiyi açıqlamada bildirdi ki, “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib. Məsələni aydınlaşdıra bildiniz?
- Bəli, mətbuatda çıxan xəbərlərdən sonra İcra Hakimiyyətindən zəng edib dedilər ki, konsert keçirtmək olar. Odur ki, Sumqayıt sakinlərini sevindirə bilərəm. İnşallah, “Bu şəhərdə” komandası mart ayının əvvəllərində orada da konsert proqramı ilə çıxış edəcək.
- Başqa rayonlarda da konsert verməyi düşünürsünüzmü?
- Martın 21-də Qəbələdə çıxış edəcəyik. Gəncə konsertimizin tarixləri barədə danışıqlar gedir. Azərbaycan konsertləri bununla yekunlaşır. Yeri gəlmişkən, növbəti konsertimiz aprel ayında Moskvada keçiriləcək. Konsertləri başa vurduqdan sonra yeni filmimizin çəkilişlərinə start verməyi düşünürük. Çox illik fasilədən sonra tamaşaçıların qarşısına komediya filmi ilə çıxmaq niyyətindəyik. Ekran işinin çəkilişləri yayda baş tutacaq, təqdimat mərasimi isə payız aylarına planlaşdırılıb.
- Yəqin ki, komediya janrındadır.
- Bəli.
- Ssenari müəllifi və rejissoru kim olacaq?
- Ssenaristi və baş prodüseri mənəm. Rejissoru bəlli deyil. Azərbaycan kino sənayesində hansısa filmə ən qəliz məsələ rejissor tapmaqdır. Elə böyük seçim də yoxdur. Çəkilən filmlərdən də görürük ki, çoxu uğursuz alınır.
- Bəs tələblərinizə cavab verə bilən rejissor hansı xüsusiyyətlərə sahib olmalıdır?
- Məsələ tələblərimiz deyil, müəyyən standartlar var ki, filmin uğurlu alınması üçün rejissor onlara cavab verməlidir. Azərbaycan dilində komediya çəkmək üçün onun rejissor və baş operatoru ilk növbədə Azərbaycan dilinin incəlikləri bilməli və bütün zarafatları xırdalıqlarına kimi başa düşməlidir. Bu, komediyanın əsas şərtidir və həmin kadrın təsirli alınmasında böyük rol oynayır. Kadr qurularkən rejissor bilməlidir ki, əsas vurğu nəyə yönəldilsin. Dahi rejissor belə, bizim dilimizi təmiz bilməsə, Azərbaycanda komediya çəkə bilməyəcək. Çünki elə söz birləşmələri var ki, orda gizlənən yumoru yalnız azərbaycanlı anlaya bilər, başqa dilə tərcümə olunmur. Nəticə etibarilə zarafatın məğzini tuta bilməyən insan həmin səhnəni ssenaristin nəzərdə tutduğu kimi canlandıra bilməz. İkincisi isə, öz işinə qarşı məsuliyyətlə yanaşmasıdır.
- Aktyor heyəti müəyyənləşibmi?
- Baş rollarda Rəfaellə Coşqun çəkiləcək, ikinci planda isə iki qadın və iki kişi aktyor nəzərdə tutulub. Konkret adlar çəkə bilməyəcəm, çünki tam dəqiqləşməyib.
- Çəkilişlər harada keçiriləcək?
- Əsasən Bakı və bir neçə rayonumuzda, həmçinin Azərbaycandan kənar bir ölkədə də səhnələrimiz olacaq.
- Konsertin hazırlıqları hansı səviyyədədir?
- Silsilə konsertlərin ilk gününə qədər çətinliklər olur. Səhnəyə çıxandan sonra bütün çətinliklər unudulur. Aktyorlar artıq arxayın olur ki, hər şey yaxşıdır. Amma o vaxta qədər kostyumların hazırlanması, musiqinin seçilməsi, mətnin əzbərlənməsi, səhnəciklərin quruluşu, qrim və s. baxımdan problemlər yaranır. Ümumiyyətlə, hər mərhələnin öz çətinliyi var.
- Budəfəki konsertdə əsas tənqid hədəfləriniz nə olacaq?
- Tənqid hədəfləri ailə-məişət və sosial problemləri istiqamətinə yönəlib. 5/5 verilişinin aparıcısı Zaurun, "Azəri qızı" Günel Zeynalova ilə İbrahim Tatlısəsin, qayınana ilə kürəkən səhnəsi və yeni parodiyalar olacaq. Bunlardan başqa, son günlərin əsas müzakirə mövzusu olan “Məndə sığar iki cahan” mahnısı ilə bağlı tənqidlərimiz də yer alıb.
- Sürprizlər olacaqmı?
- Əslində konsertdə göstərilən hər səhnəcik və obrazlar yenidir. Onların hər biri özlüyündə tamaşaçı üçün sürprizdir. Sadəcə "Sirtuş" obrazı çox sevildiyi üçün qonaqları dəyişmək şərti ilə onu hər konsertdə saxlayırıq. Onun qonaqlarından biri hamı üçün gözəl sürpriz olacaq.
- Konserti kim aparacaq?
- Saleh Bağırov.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.