Serj torpaqları qaytarırdı: Prezident mesaj verdi ki... – Sensasion açıqlama

15-02-2019, 13:06           
Serj torpaqları qaytarırdı: Prezident mesaj verdi ki... – Sensasion açıqlama
Azərbaycan Prezidenti Katibliyinin keçmiş rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsi:

- Prezident Real TV-yə müsahibəsində ölkəmizin xarici siyasətinin balanslaşdırılmış olmadığını, milli maraqlara söykəndiyini söylədi. Prezidentin bu fikrini xarici siyasətimizdə yeni yanaşma kimi qəbul etmək olarmı?

- Həqiqətən də Prezidentin Real TV-yə müsahibəsində xarici siyasətimizdə balans axtarmadığımızla bağlı çıxışı hər kəsin diqqətini cəlb edib. Ona görə ki, 90-cı illərin ortalarından Azərbaycanın xarici siyasətini xarakterizə edən (həm ölkə daxilində, həm də xaricində) siyasətçilər, ekspertlər, diplomatlar “balanlaşdırılmış siyasət” ifadəsini işlədir. Bunun da çox ciddi əsasları vardı. Son dövrlərə qədər bu yanaşma həm ölkənin daxilində, həm də xaricində şübhə altına alınmırdı.

Ölkə Prezidentinin bu yanaşmaya yenidən qayıtması və yeni bir yanaşmanı ortalığa qoyması təsadüfi sayıla bilməz. Sözsüz ki, bunun arxasında hansısa ciddi məqamlar var. İlk baxışda düşünülə bilər ki, Prezidentin ifadə etdiyi istilah digərindən kəskin fərqlənir. Əslində isə “balansdırılmış siyasət” anlayışı ilə “milli maraqlar” anlayışı bir-birinə zidd sayıla bilməz. Bizim qonşu ölkələrdən bəziləri qərbyönümlü, bəziləri rusiyayönümlü, bəziləri isə balanslaşdırılmış siyasət yürüdür. Hər üç yanaşmanın əsasında milli maraqlar dayanır. Sadəcə olaraq, ölkələr milli maraqlar prioritetlərini necə formalaşdırmasından asılı olaraq, bu yanaşmalardan birini seçir. Azərbaycan milli maraqlarına əsaslanaraq, balanslaşdırılmış siyasət həyata keçirməyi üstün tuturdu.

- Yeni yanaşmaya niyə ehtiyac yaranıb və bu yanaşma nədən ibarətdir?

- Hazırda bizim regionda və bütün dünyada iki mühüm proses gedir. Bu proseslərin nəticəsində həm bizim regionda, həm dünyada çox şeylər dəyişə bilər. Birincisi, Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı həlledici mərhələyə daxil oluruq. Hadisələrin gedişatı göstərir ki, bu problemi dondurulmuş şəkildə saxlamaq qeyri-mümkündür. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya nümayiş etdirdi ki, vəziyyəti dondurulmuş şəkildə saxlamaq cəhdi böyük bir müharibəyə gətirib çıxara bilər. Ona görə də Qarabağ məsələsinin həllində artıq uzun illər gözləmə mövqeyini nə vasitəçilər, nə də Azərbaycan qəbul edir. Bir nüansı qeyd edim. Bu yaxınlarda erməni mətbuatında çox maraqlı sənədlər açıqlandı. Aprel döyüşlərindən sonra Ermənistanın sabiq rəhbəri Serj Sərkisyan Dağlıq Qarabağa səfər edib, “dqr” rəhbərliyi qarşısında iki seçim qoyub. Birinci seçimə görə, Dağlıq Qarabağın ətrafında işğal olunmuş rayonlar bizə qaytarılmalı idi. Sərkisyan açıq bəyan etmişdi ki, ya bunu qəbul edəcəyik, ya da böyük müharibə olacaq. Bütün bunlar aprel döyüşlərindən bir neçə ay sonra baş vermişdi. Ancaq həmin sənədlər ictimaiyyətə hələ indi məlum olur. Ortaya çıxan sənədlərdən sonra Azərbaycan Ordusunun uğurlu əməliyyatının dayanmasında hansı amillərin rol oynaması, Rusiyanın hansı mövqe tutması aydın görünür. Həmin vaxt Azərbaycana ətraf rayonların sülh yolu ilə qaytarmağın mümkünlüyü ilə bağlı vədlərin verildiyi ortadadır. Təsadüfi deyil ki, Sərkisyanın Qarabağa səfəri və işğal olunmuş torpaqların qaytarılması ilə bağlı belə bir tələbi müzakirəyə çıxartmasından sonra İrəvanın mərkəzində müəyyən silahlı dəstələr polis bölmələrinə hücum və dövlət çevrilişinə cəhd etdilər. Maraqlıdır ki, hər dəfə Qarabağ problemi ilə bağlı hansısa irəliləyişə nail olmaq üçün şərait yarananda Ermənistanda terror aktları, qanlı toqquşmalar baş verir və bu şəraitin qarşısı alınır. Levon Ter-Petrosyan da bu məsələni qaldıranda dövlət çevrilişi oldu. Ondan sonra İstanbul sammiti ərəfəsində bu məsələlər müzakirə olunanda Ermənistan parlamentində terror aktı həyata keçirildi, ölkə rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti terror aktının nəticəsində öldü. Nəhayət, Aprel döyüşündən sonra da İrəvanın mərkəzində polislərin qətlə yetirilməsi, silahlı toqquşmaların baş verməsi kimi hadisələrin şahidi olduq.

- Eldar müəllim, belə olan halda Azərbaycan işğal altında olan torpaqlarını sülh yolu ilə qaytara biləcəkmi?

- Hazırda Qarabağ ətrafında maraqlı proseslər gedir. Artıq Qarabağ məsələsində ciddi irəliləyişə nail olmaq üçün həm Azərbaycan, həm də beynəlxalq qüvvələr tərəfindən ciddi addımlar atılır. Bütün bunlar nəticəsiz qalsa, Azərbaycan Ordusu daha böyük, daha genişmiqyaslı hərbi əməliyyat keçirib torpaqlarımızı işğaldan azad etməli olacaq. Təbii ki, bu, müəyyən diplomatik və siyasi dəyişikliklərə də gətirib çıxaracaq. Azərbaycan hakimiyyəti də bunu nəzərə alır. Bu proses çərçivəsində balanslaşdırılmış siyasət prinsipini qoruyub saxlamağın mümkün olub-olmayacağı ciddi sual altındadır. İşğal olunmuş torpaqlarımızı azad etmək naminə hərbi əməliyyatlarla yanaşı, müəyyən ciddi siyasi və diplomatik qərarlar verəcəyimiz də şübhəsizdir.

- Ətrafımızda yaranan geosiyasi vəziyyəti nəzərə alsaq, balanslaşdırılmış siyasətdən imtina Bakı üçün hansı fürsətlər yarada bilər?

- Hazırda dünya səviyyəsində Rusiya və ABŞ arasında ciddi proses gedir. Çin, Avropa Birliyi, NATO bu qarşıdurmada tərəf kimi çıxış edir. Ən qaynar nöqtələrdən biri bizim region sayılır. Mövcud qarşıdurma ətrafında ən ciddi proseslər bizim qonşuluğumuzda yerləşən İranda baş verir. Bu yaxınlarda İsrailin Baş naziri Netanyahu İran İslam İnqilabının ildönümünün gələn il qeyd edilməyəcəyinə işarə vurdu. Yəni bununla İran rejiminin ya dinc yolla, ya güc yolu ilə dəyişmə prosesinin artıq həlledici mərhələyə gəlib çatmasını anons etdi. Bu qlobal qarşıdurma da bizim regionda Azərbaycana ciddi təsir edə bilər.

Siz nəzərə alın ki, yeni dünya nizamının formalaşması prosesi adətən çox böyük müharibələr nəticəsində baş verir. I Dünya müharibəsindən sonra yeni dünya nizamı formalaşdı. Bu çat verdikdə II Dünya müharibəsi başladı və onun nəticəsində yenidən dünya xəritəsi çox ciddi dəyişikliklərə məruz qaldı. Üçüncü böyük dəyişmə Soyuq müharibə zamanı baş verdi ki, bu, SSRİ-nin və Varşava paktının dağılması ilə nəticələndi. Göründüyü kimi, üçüncü böyük dəyişiklik müharibə nəticəsində olmadı. İqtisadi, siyasi və diplomatik amillərlə raket zərbəsi endirmədən və bomba atmadan böyük bir ölkəni dağıtmaq mümkün oldu.

İndi bir daha yeni dünya nizamının formalaşması prosesi başlayır. Ona görə ki, köhnə qaydalar artıq işləmir. Yeni dünya nizamının yalnız soyuq müharibə, diplomatik, iqtisadi sanksiyaların, yoxsa qanlı toqquşmaların nəticəsində dəyişəcəyi ciddi sual altındadır. Növbəti yeni dünya nizamının formalaşması prosesində də qaynar nöqtələr həddindən artıq çoxdur. Xüsusilə hərbi toqquşmalar ehtimalı çox yüksəkdir. Kiçik və orta mənzilli raketlərlə bağlı müqavilənin artıq rəsmi olaraq pozulmasından, Rusiya tərəfindən yeni tipli raketlərin istehsalına başlanılmasından sonra proseslər çox təhlükəli xarakter alıb. Həmin qlobal qarşıdurmaların nəticəsində bizim bölgədə də çox ciddi dəyişikliklər ola bilər. Toqquşmalar İran ətrafında başlasa, bizim sərhədlərimizdə baş verən hadisələr Azərbaycan üçün təsirsiz ötüşməyəcək. Nəzəri cəhətdən mümkün ssenariləri müəyyənləşdirəndə görürük ki, burada 5-6 variant mövcuddur. Yeni dünya nizamının formalaşması prosesində bu variantların arasında çox təhlükəli və mənfi, eyni zamanda, Azərbaycan üçün yeni imkanlar açan, Azərbaycanın imkanlarını daha da genişləndirən variantlar da var. Bu həm Qarabağla, həm Cənubi Azərbaycanla, həm də Azərbaycan və Türkiyə arasında quru sərhədlərinin (Zəngəzur) formalaşması ilə də bağlı ola bilər. Eyni zamanda, Azərbaycan üçün mənfi nəticələr gətirə biləcək ssenariləri də gözardı etməmək lazımdır. Bütün bunlara hazır olmaq, proseslər zamanı düzgün siyasi qərarlar verərək Azərbaycanı təhlükələrdən qorumaq, mövcud imkanlardan səmərəli istifadə etməyə nail olmaq üçün xarici siyasətimizi çox çevik və heç bir məhdudiyyət olmadan qurmalıyıq. Bu mənada həm qərbyönümlü, həm rusiyayönümlü, hətta balanslaşdırılmış siyasət müəyyən məhdudiyyət deməkdir.

- İndiyə qədər mövcud siyasətin dəyişməsi Azərbaycanın böyük güclərlə münasibətinə necə təsir edəcək?

- Balanslaşdırılmış siyasət yürüdərək qlobal toqquşmaların getdiyi, yeni dünya nizamının formalaşdığı vaxtda qarşıdurmada iştirak edən güc mərkəzlərindən eyni məsafədə dayanmaq məhdudiyyəti Azərbaycana gələcəkdə çox ciddi maneələr törədə bilər. Ona görə də Prezidentin müsahibəsində balanslaşdırılmış siyasətlə bağlı yeni yanaşmanın arxasında mühüm məqamlar durur. Prezidentin bu çıxışını Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək, təhlükəsizliyini təmin etmək, Azərbaycanı təhlükələrdən qorumaq, yaranmış imkanlardan səmərəli istifadə edib, Azərbaycanı gedən proseslərdə daha güclü çıxartmaq üçün ideoloji məhdudiyyətlərin olmadığı, yalnız milli maraqların əsasında qurulmuş bir siyasət yürütməyin vacib olduğuna bir işarə kimi qəbul edirəm. Yəni həm Qarabağ məsələsinin həlli ilə bağlı atılan addımlarda, həm də yeni dünya nizamının formalaşması prosesində gözlənilən təhlükəli qarşıdurmalar fonunda Azərbaycan gərək siyasi və diplomatik manevrlər etmək üçün heç bir məhdudiyyət qoymadan yalnız öz milli maraqlarının təmin olunması naminə istənilən siyasət yürüdə bilsin. Hesab edirəm ki, bu yeni yanaşmanın ətrafında bu amillər dayanır.

Prezidentin çıxışını Azərbaycan dövlətinin manevr imkanlarını genişləndirmək istiqamətində yeni yanaşma kimi qəbul edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.