“Surət Hüseynov indi də Azərbaycana hədə-qorxu gəlir”
16-02-2019, 10:40
“Yeni Müsavat”ın bugünkü qonağı Milli Konqres Partiyasının sədri, sabiq baş prokuror İxtiyar Şirindir. Müsahibimiz yarandığı günlərdə Azərbaycan Xalq Hərəkatında (AXH) təmsil olunsa da, sonradan hərəkatda fəaliyyət göstərməməsinin səbəblərini, iştirak etdiyi Qarabağ Komitəsinin (QK) son iclasında baş verənləri, “Qarabağa azadlıq” mitinqinə icazə verilməməsini və Ermənistanın sabiq prezidenti Robert Köçəryanın kitabından üzə çıxan Azərbaycanla bağlı faktları dəyərləndirdik.
- İxtiyar bəy, yaranmasına imza belə atdığınız AXH-dən deyəsən çıxmısınız. Səbəb nə oldu?
- Mən Azərbaycanın və vətəndaşlarımızın indi düşdüyü ağır vəziyyətdən çıxmasını istəyirəm. Düşünürəm ki, hər bir siyasətçi bu amal uğrunda mübarizə aparmalı, iş görməlidir. Ümid edirəm ki, siyasi partiyalar, Xalq Hərəkatı bu amal uğrunda mübarizə aparacaq. Çoxsaylı problemlərimiz var. Bunları həll etməliyik. Qeyd etdiyimiz amallar uğrunda fəaliyyət göstərən bütün qurumlarda təmsil olunmağa çalışacam, o cümlədən Azərbaycan Xalq Hərəkatında. Hərəkatdan tam olaraq getməmişəm. Sadəcə düşünürəm ki, məqsədini bəyan etmiş qurumlarda Azərbaycana çox böyük zərər vermiş şəxslərin təmsil olunması irəli sürülən ideyalarla, prinsiplərlə uyğun gəlmir. Bu səbəbdən elə qurumlarda olmağa çətinlik çəkirəm. Azərbaycan Xalq Hərəkatında da fəaliyyət göstərməməyimin səbəbləri bunlardır. Hələ ki hərəkatda iştirak etməyi düşünmürəm. Amma xalqımızın hərəkatında hər zaman varam.
- İxtiyar bəy, Qarabağ Komitəsinin son iclasında ciddi gərginlik yaşandı. Sabiq daxili işlər naziri İsgəndər Həmidov komitəni hakimiyyətə yaxın olmaqda ittiham edərək istefa verdi. Yaşananları necə dəyərləndirirsiz?
- Komitə yarandığı gündən indiyə qədər üç iclasında iştirak etmişəm. İsgəndər Həmidov komitə yaranandan onun idarə heyətinin üzvü idi. Hər zaman fəallığı ilə seçilib. Son iclasa qədər İsgəndər bəyin komitə ilə bağlı başqa fikrinin olduğunu nə eşitmişdim, nə də görmüşdüm. Son iclasda baş verənlərin şahidi oldum. İsgəndər bəy istefasının səbəblərini açıq şəkildə bildirdi. Dedi ki, hakimiyyətlə sizlər oyun oynayırsınız, bu səbəbdən gedirəm. Hakimiyyətlə oynanılan oyunlarda heç zaman olmadığını bildirdi. Bu onun öz şəxsi düşüncəsidir. Hər bir şəxs gedə də, gələ də bilər. Bu onun hüququdur. İsgəndər bəyi də qınamaq düzgün olmazdı.
- İsgəndər bəyin ittihamı kifayət qədər ciddi deyilmi?
- Bu ittihama cavabı ondan soruşun. İsgəndər bəy komitədə hansı oyunlardan söhbət getdiyini açıqlamadı. Ona gərə bu barədə heç nə deyə bilmərəm.
- QK-nın iclasından sonra hətta əlbəyaxa dava da olub. Bunun video kadrları da var...
- Bundan xəbərim yoxdur. Görünür, mən iclasdan çıxandan sonra baş verib. Əgər bu baş veribsə, heç də xoşagələn hadisə deyil. Sözə cavabı sözlə vermək lazımdır.
- İsgəndər bəy AXH daxilində yeni bir Qarabağ Komitəsinin yaradılacağını bildirib. Hətta gələn həftənin birinci günü komitə elan olunur. Bunu necə qarşılayırsınız?
- Bu sualın da cavabı İsgəndər bəydədir. (Gülür). Mən də son iclasda istefa verərkən İsgəndər bəyin dilindən bunları eşitdim. Ona sual vermək lazımdır ki, nə üçün yeni bir komitəyə ehtiyac duyursunuz? Bəlkə də doğrudan da buna ehtiyac var?
- “Qarabağa azadlıq” mitinqinə icazə verilmədi. Bu da ictimaiyyət arasında ciddi müzakirələr yaradıb.
- Bu ilk növbədə, insanların “Sərbəst toplaşmaq” haqqı ilə bağlı məsələdir. Konstitusiyada insanların sərbəst toplaşmaq hüquqları qeyd olunub. Bu hüquqa mütləq şərait yaradılmalıdır.
- Günlər öncə Köçəryanın “Həyat və azadlıq” kitabından Azərbaycanla bağlı dəhşətli faktlar üzə çıxdı. Sabiq prezident yazır ki, Ağdamı Kəlbəcərə görə alıblar. O qeyd edir ki, BMT-nin 822-ci qətnaməsi və beynəlxalq birliyin tələbi ilə 1993-cü ilin iyun ayında Kəlbəcəri qaytarmalı idik. Həmin ayın 4-də Gəncədə Surət Hüseynovun qaldırdığı qiyamın bu prosesin qarşısını bir müddət aldığını Xocalı canisi deyir. O, beynəlxalq birliyin tələbləri yenidən baş qaldıranda Kəlbəcərin arxa plana keçməsi üçün 1993-cü ilin iyulun 23-də Ağdamı tutduqlarını bildirir. Qiyam vaxtı baş prokuror idiniz. Bunlar doğrumu?
- Bunlar tam doğrudur. Onlar Surət Hüseynovun qiyamından istifadə edib Azərbaycana hücum etdilər. Qiyamdan sonra Azərbaycanda ikihakimiyyətliliyin olduğunu, kiminlə danışıqlar aparmalı olduqlarını bilmədiklərini əllərində bayraq etdilər. Kəlbəcər faktiki azad edilirdi. Oranın işğalından sonra Türkiyəyə gedib baş nazir Süleyman Dəmirəllə görüşdüm. Əbülfəz bəylə danışandan sonra o Türkiyəyə getməyimə razılıq verdi. Orada Süleyman Dəmirəl qərar qəbul etdi ki, biz məsələni həll edəcəyik. Ordu Ermənistan sərhədinə yeridildi.
Ermənistan tərəfi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı bəyanat verdi. BMT 822-ci qətnaməni qəbul etdi. Bu qətnamədə torpaqlarımızın azad edilməsi ilə bağlı ermənilərə göstəriş verilmişdi. Həmin vaxt Amerika da Azərbaycanı dəstəkləyirdi. Rusiya da təzyiqlər nəticəsində problemin bu şəkildə həllinə razılaşmışdı. İyun ayında bütün məsələlər həll olunurdu. Amma Surət Hüseynov, onunla birlikdə olan siyasətçilər, Rusiyanın agentləri Gəncədə qiyam qaldırdılar, Azərbaycanın altını üstünə çevirdilər. Bunun nəticəsində ermənilər nəinki Kəlbəcəri əllərində saxladılar, onlar Azərbaycanın əlavə 5 rayonunu da işğal etdilər. Bu işğalların məsuliyyəti Gəncə qiyamının iştirakçılarının üzərindədir.
- Bütün bunlar onu deməyə əsas verirmi ki, Surət Hüseynov tariximizdə dövlətinə qarşı ən ağır cinayət törətmiş şəxsdir...
- Bəli. Bunu hər zaman demişəm. Görürəm ki, bəziləri Surət Hüseynovun da Xalq Hərəkatına gətirilməsindən söz açırlar. Bu adamlar Surət Hüseynovun Azərbaycana nə qədər ağır zərbə vurduğunu bəyəm bilmirlər? Onun torpaqlarımızı ermənilərin işğal etməsində danılmaz rolunu hər kəsin bildiyi halda, təəssüf edirəm ki, o həbsdən azad edildi. Surət Hüseynov indi də Azərbaycana bəzi siyasi mərkəzlər vasitəsilə hədə-qorxular gəlməklə məşğuldur. Ölkəmizdə hələ də dostu düşməndən ayırmaqda problemlər var. Baş verən hadisələrə çox diqqətlə yanaşmaq lazımdır. Bizim üçün hazırda əsas olan torpaqlarımızı azad etməkdir.