Maksim Medvedev: "Çalışırdıq ki, oyunumuzu daha çox əks-hücumlar üzərində quraq"

17-02-2019, 21:41           
Maksim Medvedev: "Çalışırdıq ki, oyunumuzu daha çox əks-hücumlar üzərində quraq"
"Rəqibin yaxşı komanda olduğunu bilirdik. Məlumdur ki, yaxşı hücum xəttinə malikdirlər. Biz də bunun fərqində idik. Ona uyğun hazırlaşmışdıq. Meydanda da mümkün qədər ehtiyatlı oynayırdıq. Çünki elə bir vəziyyət yaranıb ki, heç bir komanda xal itirmək istəmir. Əsas odur ki, yekunda arzumuza çata bildik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiəçi digər sualları da cavablandırıb:

- İkinci hissədə çox çətinlik çəkdiniz. “Qəbələ” təzyiqi artırmışdı və bu, sizə oynamağa mane olurdu...

- Hesabda öndə idik və bunu saxlamaq üçün risk etməməyə qərar verdik. Çalışırdıq ki, oyunumuzu daha çox əks-hücumlar üzərində quraq. Ona görə də bu gün ikinci hissədə “Qəbələ”yə futbol nümayiş etdirməyə imkan verdik.

- Mahir Mədətovun tez-tez top itirməsi sizi komanda yoldaşı kimi əsəbiləşdirir? Sanki o, əziyyətinizi yerə vururdu. Ümumiyyətlə, Mədətovda niyə belə geriləmə var?

- Həm gənc oyunçudur, yetərincə təcrübəsi yoxdur, həm də oyuna sonradan qoşulmaq çox çətindir. Topu, rəqibi hiss eləmək üçün bir az zamana ehtiyac olur. Bir-iki epizodda topu saxlaya bilmədi. Düzdür, biz də əsəbiləşirik, amma çalışırıq ki, ona dəstək olaq. Oyunun alınmırsa, öz şablonunu meydanda saxlamalısan. Biz ondan çox şey istəmirik.

- Birinci pillənin sahibi “Neftçi” ilə aranızdakı xal fərqi minimuma endi. Bu, sizdə əlavə ümidlər yaradırmı?

- Hələ “Neftçi” birinci pillədədir, qabaqda isə oyunlar var. Bilmək olmaz bundan sonra hansı komanda nə qədər xal itirəcək. Mövsümün son oyunu “Neftçi” ilə olacaq. Biz də hər şeyə hazırıq. Bu gün aramızda bir xallıq fərq varsa, bu, bizə sərf etmir.

- Beş ildir ki, “Qarabağ” ardıcıl çempion olur. Amma bu il “Neftçi” sizinlə rəqabət aparır. Demək olarmı ki, hazırkı mövsüm daha maraqlıdır?

- Əvvəllər “Qəbələ” ilə daha çox rəqabət halında idik, amma yekunda çempion ola bilirdik. Bu il Avroliqada çox güc sərf etdik, ona görə gözlənilməz xal itkiləri yaşadıq. İndi çalışmalıyıq ki, bütün diqqətimizi bura yönəldib aradakı fərqi qapadaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.